Azərbaycan özünü mümkün təhdidlərdən qoruyur

Azərbaycanın müstəqil şəkildə xarici siyasət yürütməsi, bəzi region ölkələrindən fərqli olaraq sifariş yerinə yetirməməsi bu və ya digər ölkələrdə qısqanclıq yaratsa, rəsmi Bakıya qarşı müəyyən təzyiq vasitələrinə əl atılsa da, nəticədə bizim prinsipial mövqeyimizin dəyişmədiyini görərək Azərbaycanla hesablaşmaq məcburiyyətində qalırlar. Zaman-zaman müşahidə edilən bu tendensiyaya elə başa vurmaqda olduğumuz 2016-cı il ərzində də rast gəldik.

Yerləşdiyimiz coğrafiyanın yaxınlığında beynəlxalq terrorçuluq, din pərdəsi altında ekstremizm cərəyanlarının genişlənməsi isə bu təhdidlərə qarşı qanuni tədbirlərin görülməsini aktuallaşdırır

Azərbaycanın müstəqil şəkildə xarici siyasət yürütməsi, bəzi region ölkələrindən fərqli olaraq sifariş yerinə yetirməməsi bu və ya digər ölkələrdə qısqanclıq yaratsa, rəsmi Bakıya qarşı müəyyən təzyiq vasitələrinə əl atılsa da, nəticədə bizim prinsipial mövqeyimizin dəyişmədiyini görərək Azərbaycanla hesablaşmaq məcburiyyətində qalırlar. Zaman-zaman müşahidə edilən bu tendensiyaya elə başa vurmaqda olduğumuz 2016-cı il ərzində də rast gəldik. Amma qeyd etdiyimiz kimi ölkəmizə qarşı təzyiq vasitələri işə yaramadı. Çünki Azərbaycan istər beynəlxalq, istərsə də regional miqyasda bütün müstəvilərdə öz mövqeyini, maraqlarını ardıcıl şəkildə müdafiə edir. Millət vəkili Rövşən Rzayev deyir ki, məhz bu prinsipial siyasət sayəsində bizimlə hesablaşırlar, mövqe və maraqlarımıza hörmətlə yanaşırlar: "Eyni zamanda, Azərbaycanın həyata keçirdiyi enerji layihələri regionda sabitliyə töhfədir. Ölkəmiz bu layihələrə dünyanın böyük güclərini, regionun əsas söz sahiblərini cəlb etməklə həm də uğurlu enerji diplomatiyası həyata keçirir, özünü mümkün təhdidlərdən qoruyur. Sözsüz ki, təhlükəsizlik geniş bir anlayışdır və onun qanunvericilik müstəvisində də təmin olunması böyük əhəmiyyət kəsb edir. Azərbaycanda qanunvericiliyinin bütün sahələrdə möhkəm bazası yaradılıb və ölkəmizin inkişafı, müxtəlif beynəlxalq konvensiyalara qoşulması, eləcə də dövrün, zamanın tələbi qanunvericiliyin daha da təkmilləşdirilməsini zəruri edir. O cümlədən son dövrlər dünyada, eləcə də yerləşdiyimiz coğrafiyanın yaxınlığında beynəlxalq terrorçuluq, din pərdəsi altında ekstremizm cərəyanlarının genişlənməsi bu təhdidlərə qarşı qanuni tədbirlərin görülməsini aktuallaşdırır". Millət vəkili deyir ki, bu istiqamətdə qanunverici orqan da müvafiq addımlar ataraq müəyyən təşəbbüslərlə çıxış edir: "Cari ildə Milli Məclisdə dövlət sirrinin və hərbi sirlərin qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dini ekstremist fəaliyyətə, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi və digər məsələlərlə bağlı qanunvericilik təşəbbüsləri gündəmə gəlib. Həmçinin "Hərbi vəziyyət haqqında" 1994-cü ildə qəbul olunmuş qanunun yenilənməsi də bu kontekstdə dəyərləndirilməlidir. Azərbaycanın inkişaf etməsi, güclənməsi dostlarımızı sevindirdiyi kimi, bədxahlarımız üçün də göz dağıdır və dövlətin təhlükəsizliyi, təhdidlərin önlənməsi qanunvericilik müstəvisində də hər zaman diqqət mərkəzində olacaq". Rövşən Rzayev paralel olaraq ölkədə məqsədyönlü islahatların da həyata keçirildiyini söyləyib. Bildirib ki, hüquqi və siyasi islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsinin, ölkənin ümumi inkişafının tərkib hissəsi kimi davamlı bir prosesdir. Bu baxımdan ötən illərdə ölkəmizin inkişaf mərhələləri bu sahədə də islahatlarla müşayiət olunub: "Eləcə də son illər qlobal maliyyə-iqtisadi böhranı kimi xarakterizə olunan proseslər, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkəmizə də təsirsiz ötüşməyib. Ölkə başçısının rəhbərliyi altında iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun daha sürətli inkişafı və milli iqtisadiyyatın uzunmüddətli hədəfləri ilə bağlı yol xəritəsinin işlənib həyata keçirilməsi istiqamətində həm institusional, həm də praktik tədbirlər görülür. Həmçinin idarəçilik sisteminin, ayrı-ayrı sahələr üzrə dövlət və icra orqanlarının fəaliyyətinin optimallaşdırılması gündəmə gəlib. Bununla bağlı Prezident tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb və bu proses qanunvericilik müstəvisində əksini tapacaq. Eyni zamanda, bu il Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirildi. 2016-cı il 26 sentyabr referendum aktında Əsas Qanuna edilən dəyişikliklərin böyük qismi bilavasitə insan hüquq və azadlıqlarının qorunması ilə bağlıdır. Bu xüsusda Konstitusiyanın 24-cü maddəsinə insan ləyaqətinin qorunması və ona hörmət edilməsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi prinsiplərinin əlavə edilməsi; 25-ci maddəyə sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı müddəanın əlavə edilməsi; 32-ci maddədə şəxsi toxunulmazlıq hüququ, yəni fərdi məlumatların qorunmasına etibarlı təminat yaradılması; 36-cı maddıdə əmək müqaviləsi əsasında işləyən şəxslərin hüquqlarının müdafiəsi məqsədilə lokautun (müəssisənin bağlanması və kütləvi işdən çıxarma) qadağan edilməsi və digər dəyişiklikləri qeyd edə bilərik". Millət vəkili qeyd edib ki, Konstitusiyaya dəyişikliklərin bir qismi də iqtisadi hüquqlarla bağlıdır: "Mülkiyyət hüququ ilə bağlı sosial məsuliyyət ideyasının Konstitusiyaya daxil edilməsi, sahibkarlıq hüququ ilə bağlı təminatlar ölkəmizdə torpaqlardan səmərəli istifadə edilməsinə, azad sahibkarlığın inkişafının daha güclü təmin olunmasına xidmət edəcək. Əsas Qanuna edilən dəyişikliklər həm də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək məqsədi daşıyır. O cümlədən vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda dövlət idarəetməsi sahəsində yeni və olduqca vacib hadisədir. Bu institut ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı müasir dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması baxımından əhəmiyyətli olacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31