Körpələr niyə küçələrə atılır?

Analar tərəfindən məsum körpələrin küçəyə atılması hallarına hələ də rast gəlinir. Bakının Yasamal rayonu ərazisində yaşayış binasının qarşısındakı məişət tullantıları qutusunda yeni doğulmuş qız uşağının tapılması barədə məlumat yayılıb. Zibillikdən tapılmış uşaq K. Fərəcova adına respublika Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

Nədən təkcə analar qınağa tuş gəlir? 
 

Analar tərəfindən məsum körpələrin küçəyə atılması hallarına hələ də rast gəlinir. Bakının Yasamal rayonu ərazisində yaşayış binasının qarşısındakı məişət tullantıları qutusunda yeni doğulmuş qız uşağının tapılması barədə məlumat yayılıb. Zibillikdən tapılmış uşaq K. Fərəcova adına respublika Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib. Tapılanda qız uşağı təqribən 3- 4 saat imiş ki, dünyaya gəlibmiş. Göbəyi kəsilmədən və heç nəyə bükülmədən o, karton qutuya qoyularaq 5-6 dərəcə hərarətli havada zibilxanaya atılıb. Körpə Pediatrya İnstitutuna gətiriləndə onun temperaturu 32 dərəcəyə düşübmüş. Bu isə o deməkdir ki, körpə hər an, hər dəqiqə dünyaya göz açmadan həyatı ilə vidalaşa bilərdi. Şükürlər ki, sözügedən institutun reanimasiya şöbəsində aparılan operativ müalicə nəticəsində artıq körpənin temperaturu bərpa edilib, o, süni qidalanmaya qoşulub. Körpə güclü soyuqlama aldığından onun bir müddət müəlicəyə ehtiyacı var. Artıq qız uşağının taleyi Səhiyyə Nazirliyi tərəfindən ciddi nəzarətə götürülüb. Məlumat üçün qeyd edək ki, belə hallar Azərbaycanla yanaşı, əksər xarici ölkələrdə də qeydə alınmaqdadır. Ancaq məsələ orasındadır ki, baş verən bu anormal hadisəyə görə yalnız ana günahlandırılır, ictimai qınağa tuş gəlir. Ata, qadını əhatə edən ictimai mühit, uşaq doğuşuna görə cavabdehlik daşıyan rəsmi orqanlar heç yada da düşmür. Əslində isə bu məsələdə ananın günahı qədər ictimiyyətin də suçi var. Odur ki, belə halların qarşısını almaqdan ötrü uşaq zibilliyə atıldıqdan sonra yox, qadın hamilə qaldığı andan nəzarətə götürülməlidir. Yəni, əlaqədar təşkilatların qarşılıqlı əməkdaşlığı nəticəsində həm uşaq ölümünü, həm də körpələrin küçələrə atılması hallarını minimuma endirmək olar. 
Bu baxımdan ilkin olaraq araşdırılmasına ehtiyac var ki, nədən analar öz körpələrini, canlarının parasını küçəyə ataraq rahat yaşaya bilirlər. Sosioloqların qənaətinə görə, işsizlik, sosial problemlər bu halların yaranmasına səbəb olur. Atılan uşaqların əksəriyyəti nikahdankənar doğulan uşaqlardır. Sosial tənqidə dözə bilməyən analar uşaqdan imtina etməyə məcbur olurlar. Digər bir səbəb isə erkən seksual həyatın məsuliyyətinin cütlüklər tərəfindən dərk edilməməsi ilə bağlıdır. Daha dəqiq, erkən seksual həyatın profilaktikası ilə bağlı maarifləndirici tədbirlər kifayət qədər olmadığından hamilə qadınlar yaşayacaqları problemlərin mənfi fəsadlarını əvvəlcədən dərk edə bilmirlər. Nəticədə arzuolunmayan uşaqlar küçələrə atılır. Belə məlum olur ki, uşaqların küçələrə atılmasının səbələri müxtəlifdir. Bura sosial, psixoloji problemlərdən tutmuş ailədaxili zorakılığa qədər məsələləri aid etmək mümkündür. İqtisadi geriləmələr, adət-ənənələrin deqradasiyası, mənasız şou-proqramlar, sosial şəbəkələr, mobil rabitə və s. çoxsaylı amillər insanların şüuruna mənfi təsir göstərir. Belə halda bu cür məsələləri tənzimləmək olduqca çətinlik yaradır. Baxmayaraq ki, qanunvericilikdə məsuliyyət məsələsi nəzrdə tutulur, ancaq bu da "anaları" yolundan çəkindirə bilmir. Cinayət qanunvericiliyinə görə, körpəsini bilərəkdən küçəyə, zibilliyə atan valideynlər qəsdən adamöldürmə cinayəti ilə məsuliyyətə cəlb oluna bilər. Konkret uşağın hara və hansı şəraitdə atılmasından asılı olaraq valideynin məsuliyyəti ortaya çıxır və valideyn uşağı öldürmək istəməkdə ittiham oluna bilər. Çünki şüurlu şəkildə anlayır ki, köməksiz şəkildə qalan uşaq hər an ölüm təhlükəsi ilə üz-üzə qala bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etməyə və onların qayğısına qalmağa borcludurlar. Qanuna əsasən, valideynlərin öz övladlarından imtina etməsi proseduru nəzərdə tutulmayıb. Lakin müəyyən valideynlər var ki, onlar bu və ya digər səbəblərdən öz uşaqlarından imtina edirlər. Təəssüfdoğurucu məqam ondan ibarətdir ki, bəzən hüquq-mühafizə orqanları tərəfindən körpələrini atan valideynlərin əməlləri obyektiv araşdırılmır, hüquqi qiymət verilmir. Hətta, bir sıra hallarda küçəyə atılan uşaqların valideyinlərinin axtarılıb tapılması prosesi həyata keçirilmir. 
Lakin etiraf edilməlidir ki, vəziyyətdən çıxış yolu mümkündür. Buna həm dövlət orqanlarının səlahiyyətləri, həm də milli qanunvericiliyimizin sərtliyi imkan verir. Burada ciddi məsələlərdən biri evdə doğuşla bağlıdır ki, hələ də ölkədə belə bir problem yaşanmaqdadır. Məlumdur ki, qanunvericiliyə əsasən evdə doğuşu idarə edən həkimlər aşkarlandıqda cəzalandırılırlar. Cəzaları bundan ibarət olur ki, onların diplomları əlindən alınır, əgər hansısa dövlət və yaxud özəl strukturda çalışırlarsa, işdən azad olunurlar. Lakin buna baxmayaraq əhali ilə sanitar maarifləndirmə tədbirləri aparılmadığından hələ də evdə doğuş halları baş verir. Çünki, hamilə qadınlar vaxtında qeydiyyata alınmır, vaxtaşırı müayinədən keçmir, nəticədə uşaqdan imtinaya görə heş kim məsuliyyət daşımır. Əslində isə əhali bilməlidir ki, hazırda Azərbaycanda doğuşa yardım pulsuzdur. Bu o deməkdir ki, fizioloji hamiləlik keçirən qadınların istınilən doğum evində doğuş həyata keçirməsi üçün həm şərait var, həm lazımi dərmanlar və ləvazimatlar. Bu, dövlət tərəfindən pulsuz təmin olunur. Lakin reallıqda vəziyyət bunun əksinə olduğundan qadınlar sosial vəziyyətlərini nəzarə alaraq hamiləlik dövründə müayinədən imtina etməklə qeydiyyata alınmaqdan yayınırlar. Son nəticədə isə evdə doğuşa üstünlük verirlər. Qeyd edək ki, bir çox xarici ölkələrdə arzuolunmaz körpələrin küçələrə atılmasının qarşısını almaq üçün xüsusi məntəqələr fəaliyyət göstərir. Övladından imtina edən valideyn uşağı həmin məntəqəyə qoyur və valideynin anonimliyi qorunur. Belə bir təcrübənin Azərbaycanda da tətbiqi uşaqların küçəyə atılmasının qarşısını alar, onların həyati təhlükəsizliyini təmin edə bilər.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31