Sağlıq turizmi sahəsində Türkiyə ilə əməkdaşlıq müzakirə edilib
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasıyasının sədri Ruslan Quliyevlə Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Azərbaycan Turizm Nümayəndəliyinin rəhbəri Nurlana Çakmak arasında işgüzar görüş keçirilib.
14 Dekabr 2016 12:58 SosialAzərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasıyasının sədri Ruslan Quliyevlə Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Azərbaycan Turizm Nümayəndəliyinin rəhbəri Nurlana Çakmak arasında işgüzar görüş keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Assosiasiyanın ofisində baş tutan görüşdə qurumun idarə heyətinin üzvləri, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov, Azərbaycan Turizm Assosiasıyasının müşaviri Müzəffər Ağakərimov, "Gateway" şirkətinin prezidenti Halis Çakmak, "Silk Way" şirkətinin əməliyyat şöbəsinin müdiri Hüseyn İskəndərov da iştirak edib. Ruslan Quliyev Azərbaycan Turizm Nümayəndəliyinin 2016-cı ilin fevral ayından fəaliyyət göstərdiyini bildirib və nümayəndəliyin son zamanlar ölkəmizin sağlamlıq turizmi imkanlarının Azərbaycan üçün çox önəmlı turizm bazarı sayılan Türkiyədə tanıdılması istiqamətində gördüyü işlərə görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, turist axınına səbəb olan əsas meyarlardan biri də dövlət, özəl sektor və qeyri-hökumət təşkilatlarının birgə və koordinasiyalı fəaliyyətidir. Görüşdə 2017-ci ilin fəaliyyət planında assosiasiya üzvləri ilə nümayəndəlik arasında Türkiyədə keçiriləcək sərgi, seminar, konfrans, B2B ikitərəfli görüşlərdə birgə iştirak və türk turaperatorlarının, doktor-mütəxəssislərinin, media nümayəndələrinin Azərbaycanın sağlamlıq ocaqlarına sistemli info-tanıtım turlarının birgə təşkilinin məqsədəuyğun olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan sağlamlıq müəssisələri haqqında məlumatların mütəmadi olaraq nümayəndəliyə təqdim olunması, bunun da əsasında həftəlik bülletenlərin yayılması və maraqlı hədəf qruplarının müəyyən olunması önəmlidir. Azərbaycan Turizm Nümayəndəliyinin rəhbəri Nurlana Çakmak 2016-cı ildə görülən işlərdən və qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışıb, eyni zamanda 2017-ci ildə də daha çox tanıtım fəaliyyətlərinə ehtiyac olduğunun zəruriliyini qeyd edib. O, ötən müddət ərzində Naftalan, Qalaaltı, Duzdağ sanatoriyalarının tanıdılması ilə bağlı bir sıra seminar və konfranslarda Türkiyə sağlıq qrupları və turoperatorları ilə ilkin görüşlərin və təqdimatların həyata keçirildiyini bildirib. Həmçinin daha çox türk dilində reklam materiallarına ehtiyac olduğunu, Naftalan və Duzdağın türk turizm bazarından daha çox pay alma imkanının müəyyənləşdiyini, gələcəkdə bəlli auditoriyalara xitab edən sosioloji sorğuların aparılması zərurətini diqqətə çatdırıb. Nazirliyin Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov təmsil etdiyi qurumun hər zaman beynəlxalq turizm tədbirlərinə xüsusi önəm verdiyini deyib və qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi bundan sonra da özəl və qeyri-hökumət sektoru nümayəndələri ilə birgə fəaliyyətə açıqdır. Görüş qarşılıqlı fikir mübadiləsi və maraqlı müzakirələrlə davam edib. Ölkədə sağlamlıq turizminin inkişafı istiqamətində dövlət tərəfindən təşviqlərin vacibliyi, Türkiyə təcrübəsinə əsasən özəl sektora ən azı 5 illik güzəştlərin verilməsinin effektivliyi xüsusilə diqqətə çatdırılıb.