Zaqatala rayonunda artıq ödəmələr aşkarlanıb
Hesablama Palatası 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-iyun aylarında Zaqatala Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrini təsdiq edib.
14 Dekabr 2016 12:31 SosialHesablama Palatası 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-iyun aylarında Zaqatala Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrini təsdiq edib. Palatadan verilən məlumata görə, auditlə müəyyən edilmişdir ki, Zaqatala rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən proqnozların tərtibi bir sıra hallarda iqtisadi əsaslandırmalar və hesablamalar aparılmadan, həmçinin real tələbatlar müəyyən edilmədən aparılmış, mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməmiş, mənzil fondunun hər m²-ə düşən xərclər araşdırılmamış, mənzil fondunun gəlirləri, o cümlədən mənzil haqqı az hesablanmışdır. Küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərcləri üzrə təqdim olunmuş proqnoz bu sahəni tənzimləyən müvafiq normalara uyğun müəyyən edilməmiş, müntəzəm süpürülən sahələrin dislokasiyası təsdiq edilməmiş və müvafiq illər üzrə "Abadlaşdırma xidmətləri haqqının ödənilməsi" paraqrafı üzrə xərclər tam araşdırılmadan proqnozlar tərtib edilərək təsdiq edilmişdir. "Yolların əsaslı təmiri" və "Mənzil fondunun əsaslı təmiri" xərc maddələri üzrə vəsaitlərin istifadəsi zamanı iş vahidlərinin qiymətinin artırılması hesabına büdcə vəsaiti podratçılara artıq ödənilmiş, 2014-cü ildə sanitar təmizlik, yaşıllıqlara qulluq və küçələrin işıqlandırılması işlərinə xidmət göstərilməsi məqsədi ilə ödənilmiş vəsaitin bir hissəsinin təyinatı dəyişdirilmiş, şəxsi həyətyanı və kommunal evlərin sahibləri ilə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi məqsədi ilə bağlanmış müqavilələr üzrə vəsaitin alınması barədə müvafiq tədbirlər görülməmişdir. Qurumlar tərəfindən Satınalmalar üzrə qanunvericiliyin bəzi tələblərinə əməl edilməyərək satınalma proseduru keçirilmədən müqavilələr bağlanmış, keçirilən satınalmalarda isə iddiaçılardan müvafiq məlumatlar tələb edilməmiş, podratçılarla bağlanılmış müqavilələrin xüsusi şərtləri tərtib olunmamış, müqavilənin yerinə yetirilməsinin təminatı alınmamışdır. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilmişdir.