Gənclər Təşkilatları Milli Şurası hesabat verəcək
Dekabarın 14-də Gənclər Təşkilatları Milli Şurasının illik hesabat tədbiri və üzvlərinin məclisi keçiriləcək.
13 Dekabr 2016 16:23 SosialDekabarın 14-də Gənclər Təşkilatları Milli Şurasının illik hesabat tədbiri və üzvlərinin məclisi keçiriləcək. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak edəcək. Tədbir iki hissədən ibarət olacaq. Birinci hissə Azərbaycan Respublikasının himni ilə start veriləcək və daha sonra Milli Şuranın hesabat xarakterli video-çarxı izləniləcək. Ardınca Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov açılış nitqi ilə çıxış edəcək. O, Milli Şuranın 2016-cı il üzrə fəaliyyət hesabatını və 2017-2018-ci illər üzrə İnkişaf Strategiyasından bəhs edəcək. Sədrin çıxışından sonra rəsmilərin çıxışları dinləniləcək. Tədbirin gedişatında ARGTMŞ tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramının hesabat video-çarxı izləniləcək və proqram çərçivəsində fəallığına görə fərqlənən kənd gənclərinin mükafatlandırılma mərasimi keçiriləcək. Tədbirin ikinci hissəsində Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin məclisi keçiriləcək. Məclis zamanı ARGTMŞ-ın üzvü olmaq üçün müraciət olunan təşkilatların namizədliyinə baxılacaq və məclis iştirakçılarının səsverməsi əsasında təsdiq olunacaq. Məclisdə Milli Şuranın Mərkəzi-Nəzarət Təftiş Komissiyası tərəfindən hesabat təqdim olunacaq. Daha sonra Məclis tərəfindən ARGTMŞ fəaliyyət hesabatı və ARGTMŞ İnkişaf Strategiyasının qəbul olunması ilə bağlı qərar veriləcək. Məclisin gedişatında Milli Şuranın Baş katibi vəzifəsinə namizəd irəli sürüləcək və məclisin sonunda Milli Şuranın fəaliyyəti ilə bağlı cari məsələlər müzakirə olunacaq.