Elçin Hüseynbəyli yazır... Məhlim mənim hinduşkam yoxdu!?.
Bəri başdan deyim ki, “məhlim” sözü biz tərəflərdə “məgər” anlamına gəlir, yəni bir növ dialektimizə daxildir. Ola bilsin bu yazını oxuyan cavanlardan biri (feysbukdan gözünü ayıra bilsə) elə bu sözə görə dilçiliyə marağı artacaq və biz bax beləcə, çox asan yolla gələcəyin dilçisini qazanacağıq. Deməli, ədəbi dildə cümlə belə səslənir: “Məgər mənim hinduşkam yoxdu!?”
13 Dekabr 2016 13:06 SosialElçin Hüseynbəyli
Məhlim mənim hinduşkam yoxdu!?.
Bəri başdan deyim ki, "məhlim" sözü biz tərəflərdə "məgər" anlamına gəlir, yəni bir növ dialektimizə daxildir. Ola bilsin bu yazını oxuyan cavanlardan biri (feysbukdan gözünü ayıra bilsə) elə bu sözə görə dilçiliyə marağı artacaq və biz bax beləcə, çox asan yolla gələcəyin dilçisini qazanacağıq. Deməli, ədəbi dildə cümlə belə səslənir: "Məgər mənim hinduşkam yoxdu!?"
Bir şeyi də deyim ki, hinduşka hind toyuğu deyil, Türkiyə mənşəlidir və ingiliscə elə belə də yazılır: "Turkey".
Burası xırdaca bir girişdi. İndi də keçək mətləbə.
Mehribançılıq yaxşı şeydi, əgər ona mane olmayalar. Lənət şeytana!
Mirzə Cəlilsayağı desəm, mən hinduşkanı və onun kababını hədsiz xoşlayıram. Amma qışda. Bu dəfə isə mənə hinduşkanı yayda təklif elədilər...
Əhvalat belə olub:
Yay vaxtıydı. Kəndə tətilə getmişdim. Hardasa iyul ayıydı. Kəndin o başından qardaşımla gəlirdik. Bizə ayrılan təzə torpağa baxmağa getmişdik. İstidən qorunmaq üçün çəpərlərin kənarıyla, ağacların kölgəsilə daldalana-daldalana gedirdik. Bir də gördük ki, uzaqdan Məhmiş gəlir. Onun adı Məmmədxan olsa da, hamı ona Məhmiş deyirdi. Biz cavanlar da Məhmiş əmi. Bizə qohumluğu da çatırdı. Amma necə qohumuyduq yadımda deyil. Yəqin çaydan keçəndə dədə-babalarımız dal-dala dəymişdilər. Məhmiş bizə çatanda boynumu qucaqladı. O üzümdən, bu üzümdən öpdü. Hallıydı, yaxşıca vurmuşdu. Günün istisində bədənindən spirt buxarlanırdı. Qoluma girdi, məndən bərk-bərk yapışdı. Giley-güzar elədi:
-Bizə, niyə gəlmirsən? -dedi, - əmoğlu dəyilik? Məhlim (yəni məgər) mənim hinduşkam yoxdu!? Səni buraxan dəyiləm, gedəjiyik bizə.
Qardaşım mənə göz elədi ki, ondan aralaşım, getməyim. Amma Məhmiş məni elə qamarlamışdı ki, ondan qopa bilmədim. Başımla işarə elədim ki, qardaşım evə getsin, mən də birtəhər ondan aralanaram. Onların evi əks istiqamətdəydi, yəni bizim gəldiyimiz səmtdə. Ona görə də geri qayıtdıq. Qoluma elə girmişdi ki, bilmirdim, kim kimi aparır.
Mən getmək istəmirdim, o da yeriyə bilmirdi, ayağı-ayağına dolaşırdı, tez-tez büdrəyirdi, ayaq üstə yatırdı.
Evlərinə çatdıq. Arvadı çöldə nəyləsə məşğul idi, deyəsən, paltar qaynadırdı..
Həyət-bacada, toyuq-cücə, hinduşka hərlənirdi, bir az aralıda bir erkək bağlanmışdı. Məhmiş bu yaxınlarda oğluna kiçik toy edəcəkdi. Arvadı hənirtini duyan kimi, işini saxladı, arxaya çevrildi. Məni tanımadı, tanısa da büruzə vermədi. Eyvandaca oturduq.
Məhmiş oturan kimi başını stola qoyub quxuya getdi. Arvadı da mənə qayıtdı ki, "genə o kişini harda içizdirib gətirmisən?" Başa düşdüm ki, əkilməsəm, işlər xarabdı. Ehmalca durub aranı cırdım.
İnsafən Məhmiş səmimi qəlbdən bu sözləri demişdi və özü də öz səmimiyyətinə inanmışdı. Düzdü, əhvalat çoxdan olub, amma hər dəfə Məhmişi görəndə bir-birimizə baxıb gülüşürük: "Məhlim mənim hinduşkam yoxdu?!"
Qəribə (bəlkə də məntiqli) orasıdır ki, özü həmin hadisəni xatırlamır...
12 noyabr, 2016