Sürücülərə XƏBƏRDARLIQ - YENİLƏNİB

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, hal-hazırda Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur. Buzlaşmanın axşam saatlarından başlayaraq yaranması gözlənilir: "Bunun üçün texnika, maşın-mexanizmlərimiz hazır vəziyyətdədir.

Hazırda 20 Yanvar dairəsində, dairəyə gələn yollarda, Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. Tıxacın yaranmasına səbəb sürücülərimizin hazırlıqsız olması, sovet istehsalı maşınlarla yola çıxmaları və ən əsası avtonəqliyyat vasitəsinin yay şinləri ilə idarə edilməsidir. Nəticədə avtomobillər sürüşür, hərəkətində çətinliklər yaranır və bu da tıxaca səbəb olur. Qış şinləri ilə idarə olunan avtomobillərin hərəkətində hər hansı problem yoxdur.

Yollar buzlaşdıqda, qarla örtüldükdə bizim texnikalarımız yollara duz-qum qarışı səpməyə, yolların qardan təmizləməsinə başlayacaq. Bunun üçün bütün texnikalar hazır vəziyyətdədir.

Bir daha deyirəm, aidiyyəti qurumlar qışa hazır olurlar, sürücülərimiz də hazır olsalar, yaxşı olar, yollarda vəziyyət normal olar..." Milli.az

***

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, havaların qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır. 

V.Əsədov sürücüləri ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb: "Şəxsi avtomobillərdən istifadə edənlər mövsümi şinlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etməlidirlər. Sürət həddini seçərkən hava şəraiti və yolun vəziyyəti nəzərə alınmalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə etməlidirlər. Avtomobili hərəkətə gətirərkən, sürəti artırıb-azaldarkən sürət qutusunun köməyindən, eləcə də yaxın vuran işıqlardan istifadə edilməli, hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz saxlanması və onların aydın şəkildə görünməsi təmin olunmalı, işıq cihazlarının görünməsi təmin edilməlidir. 

Yollarda sürüşmə ehtimalı nəzərə alınaraq piyadalardan xahiş edilir ki, yolların hərəkət hissəsinə çıxmasınlar, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçsinlər, səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etsinlər, valideynlər azyaşlı uşaqların qapalı şəraitdə olmasına diqqət yetirsinlər". Azvision.az

***
Paytaxtda müşahidə edilən faktiki hava şəraiti ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, saat 09:30 olan məlumata əsasən, Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (Şəhər istiqamətində), Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Yusif Səfərov küçəsi (Şəhər istiqamətində) sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyi sürücülərin diqqətinə çatdırır ki, yollar buz bağladığına görə nəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31