Məzunları üçün yeni karyera imkanları yaranıb
Azərbaycan Texniki Universiteti (AzTU) məzunları ilə Azərsun Holdinqin nümayəndələrinin görüşü keçirilib.
7 Dekabr 2016 17:20 SosialAzərbaycan Texniki Universiteti (AzTU) məzunları ilə Azərsun Holdinqin nümayəndələrinin görüşü keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tədbiri giriş sözü ilə açan AzTU-nun rektor əvəzi Xalıq Yahudov bildirib ki, tələbələrin maksimum səviyyədə işlə təmin olunması üçün Universitetdə yeni mexanizm tətbiq edilir. Bunun üçün AzTU-da Karyera mərkəzinin yaradıldığını və həmin mərkəzin xətti ilə mütəmadi olaraq ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbər şəxslərinin tələbələrlə görüşə dəvət olunduğunu deyən rektor əvəzi artıq müsbət nəticə əldə olunduğunu qeyd edib. Xalıq Yahudov AzTU-nun öz tələbələrinin məzun olduqdan sonrakı fəaliyyəti ilə də yaxından maraqlandığını vurğulayıb. Bildirib ki, Universitet məzunlarını şirkətlərə təqdim edərək gələcəkdə onların həmin müəssisələrdə çalışmasını təmin etmək niyyətindədir. Daha sonra Azərsun Holdinqinİşə Qəbul Bölməsinin rəhbəri Nurulla Nəsibov çıxış edərək bildirib ki, təmsil etdiyi şirkət AzTU-nun məzunları ilə çalışmaqda çox maraqlıdır. Nurulla Nəsibov tələbələri aktiv olmağa, şirkətlə əməkdaşlıq etməyə çağırıb. Holdinqin Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri Arzu Mahmudov da AzTU məzunları ilə əməkdaşlıqdan məmnun olduqlarını qeyd edib. Arzu Mahmudov bildirib ki, bu Universitetin işə cəlb olunan məzunları iş öhdəsindən məharətlə gəlir və keyfiyyətli əmək sərf edirlər. Buna görə də Şirkət rəhbərliyi çalışanlar arasında AzTU məzunlarının sayının artırılmasına maraq göstərir. Sonda tələbələrin sualları cavablandırılıb və Azərsun Holdinqdə işə qəbulun qaydaları haqqında məlumat verilib.