Strateji Yol Xəritəsinin icrası ölkə iqtisadiyyatına yeni nəfəs gətirəcək

Dəyişib inkişaf edən dünyada hər bir ölkənin öz milli iqtisadiyyatını qurması, onu inkişaf etdirməsi olduqca zəruri və əhəmiyyətlidir.

Dəyişib inkişaf edən dünyada hər bir ölkənin öz milli iqtisadiyyatını qurması, onu inkişaf etdirməsi olduqca zəruri və əhəmiyyətlidir. Bu gün bir çox ölkələr öz milli iqtisadiyyatlarını quraraq bu yolda uğurlu addımlar atırlar. Ancaq müəyyən ölkələr də var ki, bu kimi dövlətlər bir qayda olaraq öz himayədarları hesabına yaşayar, onu saxlayan, himayə edən ölkələrin iqtisadiyyatı hesabına ayaqda durmağa çalışar.  Azərbaycan isə bu baxımdan birinci kateqoriyaya aid ölkələr sırasındadır. 1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi iqtisadi sferada da müəyyən nailiyyətlərin əldə edilməsi, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ölkə iqtisadiyyatının tədricən inkişaf etməsinə zəmin yaratdı. Artıq qısa müddət ərzində neftdən gələn gəlirlər hesabına Azərbaycan öz milli iqtisadiyyatını qurmağa başladı. Məhz neft sektorunun inikişaf etdirilməsi yeni  infrastruktur layihələrinin reallaşdırılması, enerji, maliyyə, ərzaq və nəqliyyat təhlükəsizliyinin təmin olunması, ən əsası əhalinin sosial rifah halının yaxşılaşdırılmasına gətirib çıxardı. Bütün bu müsbət göstəricilər Azərbaycanı Cənubi Qafqazın lider ölkəsinə çevirdi, iqtisadi sahədə inkişaf etmiş ölkələrlə bir sırada qərarlaşdırdı.

Lakin 2008-ci ildən etibarən dünyaya baş verən iqtisadi böhran, keçən ildən etibarən isə yaşanan neft böhranı iqtisadiyyatı yeni dövrün, zamanın tələblərinə uyğun şəkildə qurmaq zərurəti yaradırdı. Artıq ölkə iqtisadiyyatı neftdən sonrakı dövrə uyğun qurulmalı, inkişaf etdirilməli idi. Bu zərurəti, yaranmış vəziyyəti düzgün qiymətləndirən Azərbaycan hakimiyyəti, xüsusilə ölkə prezidenti 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin müəyyən edilməsini qərara aldı. Eyni zamanda

həmin istiqamətlər üzrə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq İşçi qrupu yaradıldı. İşçi qrupunun ötən müddət ərzində beynəlxalq təcrübə ilə yaxından tanış olması, iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün hazırladığı təkmil sənəd milli iqtisadiyyatı inkişaf etdirmək üçün baza rolunu oynaya bilər. Elə bu səbəbdəndir ki, Prezident İlham Əliyev də öz növbəsində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanı imzalayıb. Bəs, görəsən bu fərmanın icrası iqtisadi sahədə hanıs müsbət dinamikaya gətirib çıxaracaq?

Məlumat üçün qeyd edək ki,dövlət başçısının imzaladığı məlum fərmana əsasən neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı üzrə

strateji yol xəritələri təsdiq edilib: Strateji Yol Xəritəsi ilk növbədə  Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndiriləcək və o, yüksək gəlirli ölkələr qrupuna daxil olacaq. Xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri ondan ibarətdir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəalarını rəhbər tutacaqlar.

Göründüyü kimi, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanı Azərbaycan iqtisadiyyatının yeni dövrün tələblərinə uyğun şəkildə, daha dinbamik və çoxşaxəli inkişafını özündə ehtiva edir. Fərmanın icrası nəticəsində qısa vaxtda ölkə iqtisadiyyatında müşahidə ediləcək müsbət dəyişikliklər neft böhranı zamanı üzləşdiyimiz sıxıntıların da konpensasiya edilməsinə gətirib çıxaracaq. Bir sözlə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanının uğurla icrası Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirəcək. Və bir daha Azərbaycan öz uğurlu və düzgün, şaxələndirilmiş iqtisadiyyatı ilə dünyanın diqqət mərkəzində olacaq.  Sözügedən sənəd eyni zamanda Azərbaycana xarici sərmayədarların diqqətinin də artmasını şərtləndirəcək.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31