Elçin Hüseynbəyli yazır... Yaltaq

Soruşsam ki, ömrünüzdə yaltaq görmüsünüz? Məni dəli yerinə qoyacaqsınız. “O olmasın, bu olsun”dakı Rüstəm bəy kimi əllərinizi oynada-oynada, gözlərinizi təəccübdən bərəldə-bərəldə deyəcəksiniz: “Bu nə danışır, alə!?”

Elçin Hüseynbəyli

Yaltaq

Soruşsam ki, ömrünüzdə yaltaq görmüsünüz? Məni dəli yerinə qoyacaqsınız. "O olmasın, bu olsun"dakı Rüstəm bəy kimi əllərinizi oynada-oynada, gözlərinizi təəccübdən bərəldə-bərəldə deyəcəksiniz: "Bu nə danışır, alə!?"

Ona görə də soruşmuram və keçirəm mətləbə. Mən ömrümdə çox yaltaq görmüşəm. Uzağa getməyək. Götürək elə Yazıçılar Birliyini. Bir də görürsən ki, biri Anara deyir: "Tanrı olmasaydı, sizə tanrı deyərdim!" Anar müəllim xəcalətindən gülümsəyir və təxminən belə deyir: Yaxşı görək də! (Yəni gic-gic danışma, küfr eləmə). Biri isə jurnalda çap olunmaq üçün redaktora deyir: Qürurdan heykəl olsaydı, birinci sizə yapdırardım. Yaxud: "Mən sizi addımlarınızdan tanıyıram, kişi kimi yeriyirsiniz!"

Bunlar xırda-para məsələlərdir. Amma yaltaqlıq barədə süjetli bir əhvalat da var. Onu mənə Yazıçılar Birliyində xətrini çox istədiyim və böyük qardaş sandığım bir adam danışıb. O, hərdən Yazıçılar Birliyinin keçmişindən, orda baş verən maraqlı əhvalatlardan danışır, mən də onu yığıram dəndiyimə və bala-bala xırıd eləyirəm. Bu yaxınlarda Birliyin dəhlizində dayanıb keçmişdən-gələcəkdən danışırdıq və o, yaltaqlıq barədə maraqlı və olmuş bur əhvalat danışdı.

Buyurun oxuyun:

- Mirzə İbrahimov Yazıçılar Birliyindən getdi, onun yerinə İmran Qasımovu sədr təyin elədilər. Natəvan klubunda iclas idi. Dünyasını dəyişmiş şairlərdən biri (o vaxt sağıydı, təbii) ayağa qalxdı, əllərini göyə qaldırıb belə dedi: "İmran müəllim, nə yaxşı ki, siz gəldiniz, yoxsa biz bu kirin-kəsafətin içində boğulacaqdıq!"

İş elə gətirdi ki, İmran Qasımov qısa müddətdə rəhmətə getdi və Mirzə İbrahimov təzədən Birliyə sədr qayıtdı. Yenə də həmin Natəvan klubunda, yenə də həmin şair əlini qaldırıb söz istədi və ayağa durub əllərini (o zamankı kimi) göyə qaldırıb eyni sözləri təkrar elədi: "Mirzə müəllim, nə yaxşı ki, siz gəldiniz, yoxsa biz bu kir-pasağın içində tamam boğulacaqdıq."

Mirzə müəllim asta səslə belə cavab verdi: "Bala, bilirdim ki, belə deyəcəksən. Sən çox prinsipial adamsan və fikirlərindən dönmürsən, sözü üzə də deyə bilirsən, dalca da danışmağın pərgarısan. O zaman mən gedəndə də rəhmətlik İmran Qasımova belə demişdin. Otur, bala, otur...

Dekabrın əvvəli, 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31