"Samir Şərifovun təklifini eşidəndə xəcalət çəkdim”
Deputat: “Rayonların büdcələrinin öz gəlirləri hesabına formalaşdırılması dövlətin strateji siyasətinə uyğun deyil” 2017-ci il üzrə dövlət büdcə layihəsinin Milli Məvlisin daimi komitələrinin iclasında müzakirəsi deputatların bir sıra maraqlı təklif və iradları ilə müşayiət olunub. Tarif Şurasının qərarı ilə qaz və elektrik enrjisinin qiymətinin artırılmasına münasibət bildirən millət vəkili Fəzail Ağamalı qeyd edib ki, istehlak olunan qaz və elektrik enerjisinin güzəştli kvotaları artırılmalıdır. Onun sözlərinə görə, Tarif Şurasının qazın və işığın verilməsi ilə bağlı tətbiq etdiyi kvotanın artırılması yaxşı olardı: “ Kəndlərdə insanlar qazla isinirlər. Kvota buna bəs etmir. Kvotanın 1500-dən 3000-ə qaldırılması məqsədəuyğun olardı.
2 Dekabr 2016 14:40 SosialDeputat: "Rayonların büdcələrinin öz gəlirləri hesabına formalaşdırılması dövlətin strateji siyasətinə uyğun deyil"
2017-ci il üzrə dövlət büdcə layihəsinin Milli Məvlisin daimi komitələrinin iclasında müzakirəsi deputatların bir sıra maraqlı təklif və iradları ilə müşayiət olunub. Tarif Şurasının qərarı ilə qaz və elektrik enrjisinin qiymətinin artırılmasına münasibət bildirən millət vəkili Fəzail Ağamalı qeyd edib ki, istehlak olunan qaz və elektrik enerjisinin güzəştli kvotaları artırılmalıdır. Onun sözlərinə görə, Tarif Şurasının qazın və işığın verilməsi ilə bağlı tətbiq etdiyi kvotanın artırılması yaxşı olardı: " Kəndlərdə insanlar qazla isinirlər. Kvota buna bəs etmir. Kvotanın 1500-dən 3000-ə qaldırılması məqsədəuyğun olardı. Bakıda da vahid istilik sistemi olmadığına görə, yenə həmin problem var.Tarif Şurasını qərarı ilə Prezidentin kənd təsərrüfatı ilə bağlı siyasətində uyğunsuzluq var. Avadanlıqlar və gübrələr xaricdən alınır və onun da qiymətləri artıb ki, nəticədə, tərəvəz məhsullarının istehsalında ciddi problemlər yaranacaq. Həmçinin, Sahibkarlığa Kömək Milli Fonduna gələn ilin büdcəsində vəsait nəzərdə tutulmayıb. Sahibkar hansı maliyyə imkanları ilə inkişaf edəcək. Xahiş edirəm ki, plenar iclasa qədər bu quruma vəsaitin ayrılması ilə bağlı məsələyə yenidən baxılsın".
"Samir Şərifovun yerli icra hakimiyyəti orqanlarına dotasiyanın kəsilməsi və öz hesabına büdcə formalaşdırılması barədə təklifini eşidəndə xəcalət çəkdim". Bunu isə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə nazirin təklifinə münasibət bildirərkən deyib. Deputat əlavə edib ki, rayonlara dotasiya ayrılmaması və yerli büdcələrinin öz gəlirləri hesabına formalaşdırılması dövlətin strateji siyasətinə uyğun deyil və bunun ziddinədir: "Nəyə görə belə olub? Belə bir qərar verməzdən öncə müəyyənləşdiriləydi ki, rayonlar bu büdcəni hansı mənbələr hesabına formalaşdıracaq?! Yoxsa, avtomatik götürüb bunu 33 rayona tətbiq etmək düz deyil. Get, özünü maliyyələşdir, bu nə deməkdir?" Arif Rəhimzadə xüsusi vurğulayıb ki, bu metodun seçilməsi düzgün deyil və ümumi strateji xəttə ziddir: "Biz çalışmalıyıq ki, yerdə həll olunası məsələnin yerində həll olunmasına nail olaq. Hər şeyi mərkəzə gətirmək düz deyil. Məgər yerdəkilərin ağlı və səviyyəsimi çatmır? Yoxsa, səhlənkarlıq edirlər? Səhlənkarlıq edirlərsə, onlardan tələb etməliyik. Bacarmırlarsa, işdən çıxarılsınlar. Daha yaxşı bacaranları ora qoymaq lazımdır".
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, bu gün əsas vəzifəmiz manata olan inamı bərpa etməkdir: "Biz də millət vəkilləri olaraq gələn ilin dövlət büdcəsini dəstəkləyirik. İnanırıq ki, bu dünyadakı mövcud iqtisadi problemlər, maliyyə böhranları tez bir zamanda aradan qalxacaq. Biz hər birimiz ilk öncə əsas vəzifə kimi Azərbaycan manatına inamın bərpa olunmasını nəzərdən keçirməliyik. Manata inamın bərpa edilməsi hökumətin ən yaxın istiqamətlərindən biri olmalıdır. Bu gün maliyyə bazarlarında gedən proseslərin texniki səbəbləri də var. Eyni zamanda bunun mənəvi məsələləri də var. Maliyyə bazarındakı proseslərin mənəvi tərəfi də təbii ki, manatımıza olan inamla bağlıdır. Qardaş Türkiyədə gedən proseslər onu göstərir ki, bu qlobal prosesin arxasında müəyyən siyasi məqamlar durur. Düşünürəm ki, bizim büdcəmiz bu baxımdan balanslaşdırılıb. Hesab edirəm ki, sosial yönümlü büdcəmizin əsas parametrləri saxlanılıb. Bu çox vacib məsələdir". Fuad Muradov gələn il üçün 33 rayonun dotasiyasının kəsilməsi fonunda cəbhə bölgəsindəki rayonların vəziyyəti məsələsinə də toxunub: "Məsələn, Naxçıvan Muxtar Respublikasının büdcəsi azalmayıb. Samir müəllim Azərbaycanda gələn il üçün 33 rayonda dotasiyaların kəsilməsi ilə bağlı fikirlərini söylədi. Mən bilmək istəyirəm ki, bu baxımdan bizim cəbhəyanı rayonlarımızdakı vəziyyət necədir? Çünki mənfur düşmənimiz tərəfindən cəbhədəki rayonlara hələ də təzyiqlər var. Bu baxımdan bizim müdafiə və təhlükəsizlik xərclərimiz də azalmayıb. Bu azala da bilməz və çox müsbət haldır. Çünki ölkəmizin əsas və ən vacib problemlərindən biri də işğal altında olan torpaqlarımızdır. Gənc nəslin də vətənpərvərlik ruhunda böyüməsi üçün biz bu istiqamətdə işlərimizi də davam etdirməliyik". Komitə sədri vurğulayıb ki, Azərbaycan öz üzərinə götürdüyü xarici öhdəlikləri də mütləq yerinə yetirməlidir: "Eyni zamanda çox müsbət haldır ki, Azərbaycanın xarici öhdəlikləri də vaxtı-vaxtında həyata keçirilir. Bu da çox vacib və müsbət haldır. Çünki xarici öhdəliklərin vaxtında ödənilməsi yalnız nüfuz məsələsi deyil. Eyni zamanda bu maliyyə institutlarının ölkəyə olan əsas inamıdır. Bu ölkəyə olan inam olmasa bizim böyük layihələrimizin həyata keçirilməsində problemlər yaradar. Cənub Qaz Dəhlizi istiqamətində böyük layihəmiz hazırda icra dövründədir. Maliyyə korporasiyalarının Azərbaycana olan inamı çox vacibdir. Müsbət hal kimi xüsusi vurğulamaq istəyirəm ki, son illərdə İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən islahatlar, lisenziyaların aradan qaldırılması - bunlar hamısı müsbət hallardır. Bu işlər davam etdirilməlidir". Fuad Muradov deyib ki, gələn il üçün gənclər və idman siyasəti sahəsinə ayrılan büdcəyə yenidən baxıla bilər. Komitə sədri eyni zamanda Gənclər Fonduna ayrılan maliyyə vəsaiti məsələsinə də toxunub: "Gənclər və idman siyasəti sahəsində bizim xərclərimiz azalmayıb. Amma ümumilikdə çoxalma olmasa da yəqin ki, bu sahəyə bir də baxıla bilər. Çünki Gənclər Fondu ilə bağlı məsələyə də aydınlıq gətiriləcək. Gənc nəslin vətənpərvər ruhda böyüməsi, ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi istiqamətində görülən işlər çox vacibdir. Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri dövlət siyasəti olaraq Azərbaycan gənclərinin müstəqillik və dövlətçilik ruhunda böyüməsidir. Bu baxımdan ölkədə gənclər sahəsinə qoyulan sərmayə digər istiqamətlərə qoyulan sərmayələrdən bəlkə də daha vacibdir. Maliyyə Nazirliyinin həyata keçirdiyi islahatları da vurğulamaq lazımdır. Ümumilikdə manatı xilas etməık üçün bütün dövlət qurumları səfərbər olmaldır".
Alim