Əgər mədəniyyət dağılarsa...
Komitə sədri: “... Onu bərpa etmək üçün uzun illər tələb olunur” “2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi Milli Məclisin daimi komitələrində cəmi üç gün davam etdi. Məlumata görə, qanun layihəsinin müzakirəsinə parlamentin plenar iclasında da eyni vaxt sərf olunacaq.
2 Dekabr 2016 14:33 SosialKomitə sədri: "... Onu bərpa etmək üçün uzun illər tələb olunur"
"2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi Milli Məclisin daimi komitələrində cəmi üç gün davam etdi. Məlumata görə, qanun layihəsinin müzakirəsinə parlamentin plenar iclasında da eyni vaxt sərf olunacaq. Onu da qeyd edək ki, təqdimatdan bəlli olur ki, gələn ilin dövlət büdcəsi nə qədər qənaətlə hazırlasa belə, sosalyönümlüyünü saxlaya bilib. Daha dəqiq, gələn ilin əsas maliyyə sənədi ölkənin inkişafı üçün möhkəm baza olmaqla həm də əhalinin sosial müdafiəsinə xidmət edəcək. Hazırki sosial-iqtisadi inkişaf şəraitində digər mühüm sahələrə ayrılan vəsaitin həcmini də qənaətbəxş hesab etmək olar. Yeri gəlmişkən xatırladaq ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat, xərcləri 16 milyard 600 milyon məbləğində nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsinin 645 milyon manatlıq kəsirlə icra olunması nəzərdə tutulub. 2017-ci ilin dövlət büdcəsi layihəsində elmə ayrılan xərclər 125 milyon 319 min manatdır. Təhsilə ayrılan pulun məbləği isə 1 milyard 860 milyon manat, səhiyyə sahəsinə 775 milyon 786 min manat, ipoteka xərcləri üçün 100 milyon manat, müdafiə xərcləri üçün 1 milyard 615 milyon 360 min manat ayrılacaq. Ancaq maraqlı məqam ondan ibarətdir ki, dövlət büdcəsindən mədəniyyət və incəsənət sahəsinə cəmi 140 milyon manatdan bir qədər artıq vəsaitin ayrılması nəzərədə tutulur. Baxmayaraq ki, istənilən dövlət üçün mədəniyyət sahəsinin inkişafı heç də müdafiə və təhlükəsizlik məsələlərindən az əhəmiyyət kəsb etmir. Düzdür, ekspertlər gələn ilin büdcəsini qənaət büdcəsi adlandırırlar. Ancaq fakt ondan ibarətdir ki, büdcə layihəsində sosial xərcləmələrə toxunulmasa da, digər sahələrdə ciddi azalmalar müşahidə olunur. O da bəllidir ki, müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. 2017-ci ilin dövlət büdcəsinin layihəsi ilə tanışlıq göstərir ki, Azərbaycanda bu istiqamətdə qarşıda duran vəzifələrin uğurla reallaşması təmin olunur. Ancaq etiraf edilməlidir ki, elm, təhsil, mədəniyyət, idman kimi sahələr var ki, onların hesabına ölkənin bayrağı bayraqlar içində çeçilir, Dövlətin varlığını və inkişaf səviyyəsini müəyyən edir. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov da gələn ilin dövlət büdcəsindən mədəniyyət və incəsənət sahəsinə ayrılan vəsaitin azlığından narahatlığını ifadə edib. Millət vəkili bildirib ki, iqtisadiyyatın dağılmış sahəsini qısa zamanda bərpa etmək olar. Ancaq təhsil və mədəniyyətin dağılmasını bərpa etmək üçün uzun illər tələb olunur. Onun sözlərinə görə, dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da büdcə formalaşdırılarkən mədəniyyət sahəsinə ənənəvi baxış var: "Ancaq onu da bilməliyik ki, müdafiə sahəsi ölkə üçün nə qədər əhəmiyyətlidirsə və ona hansı diqqət göstərilirsə, mədəniyyətə də o qədər diqqət ayrılmalıdır. Mədəniyyət də o qədər ölkə üçün əhəmiyyətlidir. Yəni mədəniyyət ölkənin, xalqın simasıdır . O baxımdan da büdcə formalaşdırılarkən mədəniyyətə ənənəvi yanaşmadan əl çəkməli, bu sahəni önə çəkməli və bu sahəyə diqqət yetirməliyik". R. Hüseynov deyib ki, mədəniyyət sahəsinə xüsusi diqqət ayrılmalıdır: "Büdcənin hansı şəraitdə hazırlanmasını anlayıram, ancaq bir daha deyirəm. Mədəniyyətə diqqət ayrılmalıdır. Ona görə ki, bu sahə digər sahələrdən ciddi fərqlənir. Baxın, ölkə başçısının uzun illər diqqətdənkənar olan pambıqçılıq sahəsinin inkişafına göstərdiyi qayğı nəticəsində qısa zamanda bu sahədə uğurlar əldə edildi. Hazırda bu sahənin daha da inkişaf etdirilməsi üçün müasir texnologiyalar əsasında zavodlar tikilir. Lakin mədəniyyət, təhsil və elm sahəsi belə deyil. Çünki iqtisadiyyatda yaranan problemi, çatışmazlığı, sınıqlığı qısa zamanda bərpa etmək olur. Ancaq təhsil və mədəniyyət sahəsində belə vəziyyət yarandıqda bunu qısa zamanda bərpa etmək mümkün olmur. Əgər təhsil və mədəniyyət sahəsində sınıqlar, problem yaranarsa, bunu bərpa etmək üçün uzun illər lazım olur. Necə ki, Hüseyn Cavid deyib: "Qılınc ölkə üçün nədirsə, mədəniyyət də ölkə üçün o qədər vacibdir". Komitə sədri onu da əlavə edib ki, maliyyə naziri Samir Şərifov və Baş nazir Artur Rəsizadə mədəniyyətə bağlı nəsillərdən çıxıblar və onlar mədəniyyət sahəsinə vəsait ayrılarkən, bu məsələni nəzərə almalıdırlar: "Düşmənlərimiz torpaqlarımızı işğal etməzdən öncə, mədəniyyətimiz işğal ediblər. O baxımdan da nə musiqi məktəbləri, nə də teatrlar bağlanmalıdır. Buna yol vermək olmaz. Mədəniyyət ocaqlarının bağlanması ölkədə mədəni düşüncənin formalaşmasına mənfi təsir göstərir. Teatrın bağlanmasına da yol vermək olmaz. Onsuz da onlar cüzi miqdarda maaş alırlar və onlar peşələrinin fanatlarıdırlar. Mədəniyyət sahəsində hansısa, sınıqlığa yol vermək və onları bu sahədən ayırmağımızla əksinə biz mədəniyyətə zərbə vurmuş olacağıq. Bir daha təkrar edirəm ki, bu sahədə qırılma olanda mütəxəssisi qısa zamanda yetişdirmək mümkün deyil. Odur ki, bu sahəyə diqqət yetirilməlidir. Onlara lazımi səviyyədə vəsait ayrılmalıdır".
Alim