Hesablama Palatasının təklifi mübahisə yaratdı

Deputat: “Palata dövlət siyasətinə uyğun olmayan mövqe nümayiş etdirir” Milli Məclisdə 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitlərinin mənfəət və əmlak vergisinə cəlb olunması məsələsini qabardıb. Bildirib ki, bu məsələnin yenidən baxılmasına ehtiyac yaranıb: “Nəzərə almaq lazımdır ki, dövlət ali təhsil müəssisələrinin də fəaliyyətinə büdcə müstəvisində deyil, təsərrüfat münasibətləri müstəvisində baxmaq zərurəti yaranıb”.

Deputat: "Palata dövlət siyasətinə uyğun olmayan mövqe nümayiş etdirir"
 

Milli Məclisdə 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitlərinin mənfəət və əmlak vergisinə cəlb olunması məsələsini qabardıb. Bildirib ki, bu məsələnin yenidən baxılmasına ehtiyac yaranıb: "Nəzərə almaq lazımdır ki, dövlət ali təhsil müəssisələrinin də fəaliyyətinə büdcə müstəvisində deyil, təsərrüfat münasibətləri müstəvisində baxmaq zərurəti yaranıb". V.Gülməmmədov bildirib ki, özəl və ali təhsil müəssisələri əldə etdikləri gəlirləri vergi öhdəlikləri baxımından tam açıqlamalıdır: "Hesab edirik ki, dövlət ali təhsil müəssisələri də özəl ali təhsil müəssisələri kimi əldə etdikləri gəlirləri vergi öhdəliklərinin bəyan edilməsi baxımından tam açıqlamalıdır. Azərbaycan prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq 2010-2011-ci il tədris ilindən başlayaraq, mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri adambaşına maliyyələşmə prinsipini nəzərdə tutan dövlət sifarişinin yerinə yetirilməsində iştirak edirlər. Cari və əvvəlki illərin nəticələrinə əsasən qeyd olunmalıdır ki, dövlət ali təhsil müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyəti üzrə dövlət büdcə gəlir və xərclərinin tərkibinə daxil edilməyən müvafiq göstəriciləri, o cümlədən gəlirləri və gəlirlərin əldə olunması ilə bağlı xərcləri, eləcə də digər öhdəlikləri qanunvericiliklə müəyyən edilmiş qaydada bəyan olunmayıb". Maliyyə naziri Samir Şərifov dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitlərinin vergiyə cəlb olunması ilə bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun təklifinə münasibətini açıqlayıb. Bildirib ki, bu məsələ hökumət qarşısında da qaldırılıb: "Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik nəzərdə tutulmur. Adambaşına maliyyələşmə ilə bağlı mütərəqqi iş görülüb. Dövlət ali təhsil müəssisələri tərəfindən səmərəli işlər görülür. Bu, o demək deyil ki, biz ali təhsil müəssisələrini vergiyə cəlb etməliyik. Digər ölkələrdə də ali təhsil müəssisələri qeyri- kommersiya qurumları kimi fəaliyyət göstərir. Hesab edirik ki, təhsil haqlarından toplanan vəsaitlər ali təhsil müəssisələrinin idarə olunmasına və inkişafına yönəlməlidir. Vəsaitlərdən düzgün və səmərəli istifadə olunması baxımından ali təhsil müəssisələrində korporativ idarəetmə standartları tətbiq olunmalıdır. Müəyyən əhali kateqoriyalarına güzəştlərin edilməsi məsələsi də ali təhsil müəssisələrinin sərəncamına verilə bilər". Millət vəkili Bəxtiyar Əliyev isə deyib ki, Hesablama Palatası dövlət siyasətinə uyğun olamayan və zidd mövqe nümayiş etdirir: "Hesablama Palatasının rəyinə qulaq asdım və mənim üçün orada dövlət siyasətinin ziddinə olan fikirlərə rast gəldim. Bu da ondan ibarətdir ki, elm və təhsil ocaqlarının əmlak və mənfəət vergisinə cəlb olunması ilə bağlı təkliflər öz əksini tapıb. Doğrusu bu, məndə təəccüb doğurdu. Bu gün ölkə başçısı başda olmaqla hamımız istəyirik ki, ölkədə müasir texnologiyalara malik təhsil ocaqlarına, elmin inkişafına nail olaq. Biz daha çox elm sahəsinin inkaşafa və bunun nəticəsində ölkəmizdə müasir standartlara uyğun olan məhsulların və avadanlıqların istehsalına nail olmağa çalışırıq. Buna ona görə nail olaq ki, daha hər avadanlıqdan ötrü xarici ölkəyə sifariş verməyək, öz alimlərimizin ixtirası ilə istehsal olunan məhsullardan istifadə edək. Məhz buna görə də ölkə başçısı xaricdən satınalmalara qadağa qoyub. Milli Məclis bir nəzarət qurumudur və Hesablama Palatası da ona tabe olan təşkilat kimi belə həssas məsələlərə diqqət yetirmək əvəzinə, biz başqa bir hadisənin şahidi oluruq. Hesab edirəm ki, Hesablama Palatasının bu mövqeyi dövlət siyasəti ilə uyğunluq təşkil etmir. Əksinə, biz elmə daha çox vəsait ayırıb, onun inkişafına nail olmalıyıq". Deputat bildirib ki, büdcədə vergi qanunvericiliyini pozması nəticəsində 90 milyon manatın daxil olması kiçik və orta sahibkarlığın fəaliyyətinə və onların inkişafına maneçilik yaradacaq: "Əslində bununla kiçik və orta sahibkarlığın fəaliyyətini kölgə altına almış oluruq. Onda büdcədə gərək yol hərəkəti qaydalarını pozanları, meşə qıranlar və digər sahələrində cərimələrlə bağlı proqnozlar da büdcəyə salınsın. Bu cür proqnozlaşdırma düzgün yanaşma deyil. Biz kiçik və orta sahibkarlığın inkişafını təşviq etmək əvəzinə, belə metodlardan istifadə etməyimiz onların fəaliyyətinə maneədir, əksinə biz onların fəaliyyətini təşviq etməklə bu sahənin inkişafına nail olmalıyıq". 
 Alim 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31