Ana təbiət qayğı umur

Planetin canlı örtüyünün önəmli payını təşkil edən heyvanların ümumi sayında həcmli azalmalar həyəcan təbili çalmaqdadır. 21ci yüzillik heyvanlar aləmi üçün ən itkili yüzillik olub desək yanılmarıq. Belə ki, insan fəaliyyəti nəticəsində 1970-ci ildən bəri dünyada mövcud olan heyvan növlərinin yarıdan çoxu məhv olub.

Gülqız Muradova

Planetin canlı örtüyünün önəmli payını təşkil edən heyvanların ümumi sayında həcmli azalmalar həyəcan təbili çalmaqdadır.

21ci yüzillik heyvanlar aləmi üçün ən itkili yüzillik olub desək yanılmarıq. Belə ki, insan fəaliyyəti nəticəsində 1970-ci ildən bəri dünyada mövcud olan heyvan növlərinin yarıdan çoxu məhv olub.

Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) 2016-ci ilə olan hesabatı göstərir ki, son 40 ildə məməlilər, quşlar, sürünənlər, suda-quruda yaşayanlar və balıqların sayı 58 faiz azalıb. Qeyd etmək gərəkdir ki, bu göstərici son iki ildə 6 faiz artıb - 2014-cü ilin hesabatında rəqəm yalnız 52 faiz azalmışdı. Fondun ekspertləri hesab edir ki, əgər azalma eyni sürətlə davam edərsə 2020-ci ilə heyvanlar aləminin 67 faizi yox olmuş olacaq.

Başqa sözlə, vəziyyət kifayət qədər təhlükəlidir və həyəcan təbili çalmağın vaxtı çatıb. Vəhşi heyvanların ümumi sayı bir insan ömrü ərzində yarıdan çox azalıb və lazımi tədbirlər görülməzsə planetin bu önəmli varlıqlarını gələcək nəsillərə gördüyümüz təkin çatdırmaq müşkülümüz olacaq.

Maraqlı orasıdır ki, nəsli tükənməkdə olan heyvanlar siyahısına ən son daxil olan heyvanlardan biri də bal arısıdır. ABŞ-ın Balığ və Vəhşi Heyvanları Araşdırma İnstitu bir neçə il davam edən araşdırmaların nəticəsi olaraq elan edib ki, Havay adasında olan 7 arı növünün nəsli artıq tükənməkdədir. Nəzərə alsaq ki, arılar meyvə, tərəvəz və ümümumilikdə bitki artımında əsas rol oyanayır onda Albert Eynşteynin "Arıların nəslinin tükəndiyi təqdirdə insanların 4 il ömrü qalmış olacaq" tezisinə heçbir şübhə qalmır.

İqlim dəyişiklikləri, yaşam ərazilərinin artması, qanunsuz ovlanma və meşə yanğınları bütün bunlar bioaləmin ciddi şəkildə dəyişməsinə gətirib çıxarır.

Bu faktorlar arasında iqlim dəyişikliyi ən böyük təsir göstərən amildir belə ki, dünyanın iqlim sistemində dəyişikliklərə səbəb olan qlobal istiləşmənin təsirləri ən yüksək dağ zirvələrindən, okean dərinliklərinə, ekvatordan qütblərə qədər dünyanın hər bir nöqtəsində hiss edilir.

Qütblərdəki buzlaqlar əriməkdə, dəniz suyu səviyyəsi yüksəlməkdə və sahil seqmentlərində torpaq itkiləri yaşanmaqdadır. İstiliyin artmasıyla buzlaqların əriməsi səbəbiylə dəniz səviyyələri 10-20 santimetr arasında yüksəlmişdir. Son on ildə yaz və payız fəsillərində təxminən 40 faizə çatan nisbətdə azalma müşahidə olunur. 2050-ci ilə qədər Şimal dənizdə buzlaqların tamamilə yox olacağı gözlənir. BMT hesabatına əsasən, bütün dünyada qlobal iqlim dəyişmələri nəticələrində fəsil anlayışı - payız, qış, yaz, yay getdikcə yox olacaq və tarixə çevriləcək. Hər hansı bir mövsümdə həm 40 dərəcə isti, həm də 0 dərəcə şaxta müşahidə etmək mümkün olacaq.

National Geography ekspertləri iddia edir ki, 2040 ci ildə buzlar o dərəcədə ərimiş olacaq ki, Şimal qütbdən gəmi ilə üzərək keçmək mümkün olacaq. Arktik buzların yox olması nəinki okean

axıntıları və hava axınlarını dəyişəcək, həmçinin qütb ayıları, göy balina və bu kimi bir çox heyvanların məhvinə səbəb olacaq.

İqlim dəyişiklikləri artıq Cənubi Qafqaz ölkələrində də göz qabağındadır; güclü yağışlar, dolu fırtınaları və artan quraqlıq kimi ekstremal hava şəraiti iqlim dəyişikliyi ilə bağlıdır. Sel, heylan, fırtına və torpaq sürüşməsi kimi təbii fəlakətlərin intensivləşməsi səbəbiylə flora və faunaya zərərlər artır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov qəzetimizə müsahibəsində qeyd edib ki, iqlim dəyişikliyinin elementləri özünü göstərməkdədir və zaman keçdikcə kəskin hava şəraiti daha tez-tez müşahidə olunacaq.

"2020-ci ilə qədər hökumətlərarası ekspertler qrupunun 5ci qiymətləndirmə hesabatı göstərir ki , heç bir tədbir görülməzsə və son 10 ildəki vəziyyət davam edərsə onda 2050-ci ilə istilik 3 dərəcə arta bilər," Süleymanov deyib.

"Temperatur şimala getdikçə daha çox artır. Əgər bütün dünyada tempratur 2 dərəcə artırsa şimala doğru məsələn Rusiyada və Kanadada 3-4 dərcəcə, Qrenlandiyada 4-5 dərəcə artacaqdır."

Müstəqil ekspert Dzneladze Malxaz iddia edir ki, daha isti və quru iqlim bütün Cənubi Qafqazda su qıtlığı və səhralaşma kimi ciddi nəticələrlə birgə heyvanlar aləminə də ziyansız ötüşməyəcək, belə ki, heyvanların alışdığı şərait getdikcə yox olacaq.

Bütün bu bədbin proqnozlara baxmayaraq indiyədək bu sahədə real işlərin görülməməsinin, iqlim dəyişikliyinin illər boyu arxa plana atılmasının və heyvanların belə tezliklə dünyamızdan yox olmasının səbəblərdən biri də dəyişikliklərin uzun illər ərzində baş verməsi idi, ancaq bugün proseslər daha sürətlə baş verir.

Bugün bəşəriyyətin gələcək nəsillər qarşısında mənəvi öhdəliyi ekosistemin, eləcə də nadir flora və fauna növlərinin qorunmasından ibarətdir.

Ekoloji təhdidlərin sərhəd tanımadığı və heç bir dövlətin bu təhlükədən sığortalanmadığını nəzərə alaraq Azərbaycanda bu məsələyə həmişə aktual yanaşılıb. Ölkənin bu sahədəki əsas ideologiyası təbii resursların, ətraf mühitin, heyvanların qorunması və gələcəkdə də ana təbiətə sağlam münasibət bəsləməkdir.

Ümumilikdə ətraf mühitin çirklənməsinə qarşı, havaya atılan tullantıların qarşısının alınması istiqamətində aparılan tədbirlərə görə Azərbaycan dünyada 5-ci dövlətdir.

Azərbaycan, başı qarlı dağlar, çaylar, göllər, böyük meşələr, çəmənliklər və ovalıqlar diyarıdır və mövcüd 11 iqlim qurşağından 9-u Azərbaycanda var. Dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı ölkəmizdə yayılmışdır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə və 920 cinsdə birləşir. Ölkəmizdə 250-ə yaxın qidalanma və əmələgəlmə şəraitinə görə fərqlənən təbii şirin və şorsulu göllər mövcuddur.

Azərbaycanda təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir; ölkə ərazisində 100 növə qədər məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

Bütün bu dəyərlərin qorunması üçün Azərbaycan Prezidenti tərəfindən "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya" təsdiqlənib.

Strategiyanın əsas məqsədi genetik resursların səmərəli istifadəsi, bioloji müxtəlifliyin müdafiəsi və mühafizəsi, ekoloji dayanıqlılığın təkmilləşdirilməsi, xüsusi mühafizə olunan ərazilərin yaradılması, bioloji müxtəlifliyə təsir edəcək risklərin azaldılması və s. təşkil edir.

Bioloji müxtəliflik üzrə birinci Milli Strategiya və Fəaliyyət Planının həyata keçirilməsindən bəri Azərbaycanda qorunan ərazilərin sahəsi 5%-dən 10.3%-ə, meşə örtüyü sahəsi isə 11.4%-dən 11.8%-ə qədər artmışdır. Ölkədə artıq doqquz milli park təsis olunub və hazırda bir milli park da yaradılmaqdadır.

Milli parkların yaradılması həmin ərazidə təbiətin kompleks şəkildə qorunmasına, "Qırmızı Kitab"a daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılmasına, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (ceyran, cüyür, bəbir, çöl donuzu və. s.) və quşları (qırqovul, turac, kəklik və s.) qorumağa imkan verir.

Heyvanların qorunmasında və onların təbii areallarında yaşamalarının təminatı üçün əsas faktorlardan biri də meşələrin qorunmasıdır. Azərbaycan nəinki meşələrin qırılması prosesini dayandıran, həm də onların sahəsini artıran azsaylı ölkələrdən biridir.

ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən hazırlanan Ekoloji Effektivlik İndeksi reytinqində Azərbaycan son 10 ildəki göstəricilərini 18,1 faiz yaxşılaşdıraraq 180 ölkə arasında 31-ci sırada yer alıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin mediaya açıqlamasında qeyd edib ki, son bir neçə ildə ölkə ərazisindəki meşə sahələri 11.4 faizdən 11,8 faizədək artıb. Əliyev qeyd edib ki, son 8 ildə 5 milyondan çox ağac əkilib.

Vurğulamaq gərəkdir ki, təbiətin mühafizəsində dövlət ilə yanaşı həmçinin insanların və ictimai birliklərin də üzərinə böyük iş düşür. Bu sahədə ən fəal olan qüvvələrdən biri məhz İDEA İctimai Birliyidir.

2011-ci ildə təsis edilən IDEA İctimai Birliyinin Azərbaycanda, eləcə də regionda nəsli kəsilməkdə olan vəhşi heyvanların mühafizəsi ilə bağlı böyük layihə reallaşdırır. Qafqazın yox olmaq təhlükəsi altında olan 5 əsas heyvanı müəyyənləşdirilib və onların mühafizəsi ilə bağlı tədbirlər planı hazırlanıb. IDEA İctimai Birliyinin "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası" layihəsi çərçivəsində yüzdən artıq ceyran Azərbaycandakı tarixi yerlərində məskunlaşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA-nın dəstəyi, Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birgə həyata keçirilən bəbirlərin populyasiyasının bərpası layihəsi öz nəticələrini verir. Ölkənin müxtəlif areallarında bəbirlərin sayında artım müşahidə olunaraq davamlı populyasiyasının yarandığı faktlarla təsdiqlənib.

Bu yaxınlarda IDEA İctimai Birliyi və "Qafqaz Təbiəti Mərkəzi" MQKT arasında əməkdaşlıq sazişi imzalanıb və sazişə əsasən tərəflər arasında Qafqaz bəbirinin mühafizəsi və sayının artırılması sahəsində birgə fəaliyyət istiqamətləri müəyyən olunub.

Tərəflər zubrların Qafqaza reintroduksiyası və onların sayının artırılması və Xəzər suitisinin mühafizəsi sahələrində də əməkdaşlıq perspektivlərini nəzərdən keçirir.

O cümlədən, IDEA-nın təşəbbüsü ilə respublikada 5 milyondan çox ağacın əkilməsi, ağacların kəsilməsinin qarşısının alınması tədbirləri, sahibsiz heyvanlar üçün sığınacağın təşkili, ekoloji tədbirlər və müsabiqələrin keçirilməsi, sənaye və məişət tullantılarının azaldılması layihələri həyata keçirilib. Nərə balığının yetişdirilməsi və Xəzər dənizinə buraxılması layihəsi üzrə İDEA Blue Marine Fondu ilə əməkdaşlığa başlayıb.

Ancaq iş yalnız vəhşi təbiətin qorunması ilə bitmir, belə ki sahibsiz heyvanların da qorunması vacibdir. Noyabr ayında IDEA Heyvanlara Qayğı Mərkəzinin açılışı olub. Burada sahibsiz heyvanlara peyvənd, sterilizə və zəruri hallarda əməliyyat xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Mərkəzdə tikilən 24 sığınacaq eyni vaxtda mindən çox heyvanın yerləşdirilməsinə imkan verir.

Bundan əlavə, yaralı və yaxud peyvəndə ehtiyacı olan sahibsiz heyvanların mərkəzə gətirilməsinə məsul xüsusi qrup fəaliyyət göstərəcək. Mərkəzdə müalicə olunmuş sahibsiz heyvanlar fərqləndirici çiplərlə təchiz olunacaq. Burada, həmçinin ölkəmizdə ilk dəfə olaraq sahibsiz heyvanların elektron baza sistemi yaradılacaq ki, bu da heyvanların qorunmasında irəliyə doğru atılmış böyük addımdır.

Ana təbiət öz səxavətini insanlardan heç bir halda əsirgəməyib, lakin onu qoruyub saxlamaq və kənar təsirlərdən maksimum qorumaq isə məhz bəşər övladının üzərinə düşən öhdəlikdir. Başqa sözlə, planetin hər sakini bu prosesə öz töhfəsini verməli, ətraf mühitin sağlamlaşdırılması istiqamətində təşəbbüskar mövqedən çıxış etməlidir.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün çap olunub. Layihənin istiqaməti: "Ekologiya və ətraf mühitin mühafizəsi"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31