Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi başa çatıb
Baxış-müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim olunub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil edilən Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi başa çatıb. Baxış-müsabiqəsində bədii yaradıcılıq növləri üzrə ilk yerlərə layiq görülən şəxslərə diplom və mükafatların təqdim edilməsi tədbiri olub.
29 Noyabr 2016 13:51 SosialBaxış-müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil edilən Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi başa çatıb. Baxış-müsabiqəsində bədii yaradıcılıq növləri üzrə ilk yerlərə layiq görülən şəxslərə diplom və mükafatların təqdim edilməsi tədbiri olub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu sosial siyasət əlilliyi olan şəxslərin də sosial müdafiəsinin və tibbi-sosial reabilitasiya sisteminin ildən-ilə güclənməsinə şərait yaradıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev diqqətə çatdırıb ki, tədbir nazirliyin "2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən təşkil olunub. Baxış-müsabiqəsinin ilk mərhələsi kimi Bakı, Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Sabirabad, Mingəçevir şəhər və rayonlarında ölkənin bütün bölgələri üzrə ümumilikdə 500 nəfərə yaxın əlil şəxs və sağlamlıq imkanları məhdud uşağın bədii yaradıcılıq nümunələrinə baxış keçirilib. Onlardan muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət üzrə istedad və bacarıqları ilə fərqlənən 136 nəfər şəxs baxış-müsabiqəsinin yekun mərhələsində iştirak hüququ qazanıb. Son iki gündə keçirilən bu mərhələdə respublikanın tanınmış incəsənət xadimlərindən (Arif Babayev, Fikrət Qoca, Faiq Sücəddinov, İntiqam Soltan, Cəmilə Bayramova) ibarət münsifər heyətinin qərarları ilə ayrı-ayrı nominasiyalar üzrə baxış-müsabiqəsinin qalibləri müəyyən olunub.
Daha sonra bədii yaradıcılığın müxtəlif növlərini əhatə edən 4 nominasiya üzrə I, II və III yerlərə layiq görülmüş əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara diplomlar və mükafatlar təqdim edilib. Yekun mərhələsində iştirak edən digər şəxslərə də təşəkkürnamələr və həvəsləndirici mükafatlar verilib.