Ərzaq təhlükəsizliyinin təmin edilməsində süd məhsulları aparıcı paya malikdir

Ölkənin həmin məhsullarla özünü tam təmin etməsi mühümdür Dünyada baş verən iqtisadi və maliyyə böhranı, neft qiymətlərinin aşağı düşməsi fonunda qeyri-neft sektoruna diqqət bir qədər də artıb. Bu sahədə ən diqqət yetirilən istiqamətlər isə turizm, kənd təsərrüfatıdır. Kənd təsərrüfatında da heyvandarlıq və süd emalının daha da inkişaf etdirilməsi gündəmdədir. Bu gün ölkənin iri supermarket şəbəkələrində xaricdən idxal olunan süd və süd məhsulları geniş yayılıb ki, bu da daxili istehsalın bir qədər zəif olması ilə bağlıdır. Bəs görəsən bu sahəni necə inkişaf etdirmək olar?

Ölkənin həmin məhsullarla özünü tam təmin etməsi mühümdür

Dünyada baş verən iqtisadi və maliyyə böhranı, neft qiymətlərinin aşağı düşməsi fonunda qeyri-neft sektoruna diqqət bir qədər də artıb. Bu sahədə ən diqqət yetirilən istiqamətlər isə turizm, kənd təsərrüfatıdır. Kənd təsərrüfatında da heyvandarlıq və süd emalının daha da inkişaf etdirilməsi gündəmdədir. Bu gün ölkənin iri supermarket şəbəkələrində xaricdən idxal olunan süd və süd məhsulları geniş yayılıb ki, bu da daxili istehsalın bir qədər zəif olması ilə bağlıdır. Bəs görəsən bu sahəni necə inkişaf etdirmək olar?

İqtisadçı Rövşən Ağayev hesab edir ki, ölkənin ərzaq təhlüksizliyinin təmin edilməsində süd məhsulları aparıcı paya malik olmasını nəzərə alaraq ölkənin həmin məhsullarla özünü tam təmin etməsi olduqca mühümdür. Lakin beynəlxalq statistik mənbələrin araşdırılması göstərir ki, Azərbaycının süd məhsulları idxalının həcmi rəsmi statistikanın açıqladığı göstəricidən təxminən 2.5 dəfə yüksəkdir və daxili tələbatın qarşılanması üçün süd emalı sektorunun potensialının genişləndirilməsi üçün imkanlar mövcuddur: "Hazırda əsas süd məhsullarından biri kimi kərə yağı istehlakının təxminnə 45, pendir istehlakının 25, quru süd istehlakının 70%-ə qədəri idxal hesabına qarşılanır. Rəqabət qabiliyyətli məhsul istehsalının və ixrac bazarlarına çıxışın təmin edilməsi həmin müəssisələr üçün yeni istehsal güclərinin yaradılmasına təkan verə bilər. Lakin ixrac imkanlarının genişləndirilməsi üçün beynəlxalq standartlara uyğun keyfiyyətli məhsul istehsalı ilə yanaşı, qiymətlər də münasib olmalıdır: Məsələn, Comtrade məlumat bazasının təhlili göstərir ki, 2015-ci ildə dünya üzrə pendir və kəsmiyin hər kiloqramının orta ixrac qiyməti 4.2 dollar, yağlı süd tozunun hər tonunun orta ixrac qiyməti 2354 dollar, kərə yağının hər kiloqramının orta ixrac qiyməti 3.5 dollar təşkil edib. Yəni, yüksək keyfiyyət və marketinq standartlarını təmin etmək şərtilə bu göstəricilərə yaxın qiymət səviyyəsi Azərbaycanın süd emalı müəssisələrinin rentabelli çalışmasına imkan verirsə, deməli ixrac bazarlarının tapılması da əsas strateji hədəflərədən biri ola bilər". Rövşən Ağayev deyib ki, hazırda ölkədə istehsalı olunan 50 faizdən də az hissəsi yüksək texnoloji emal imkanlarına malik emal müəssisələrinə daxil olur: "Əhali tərəfindən bilavasitə içmə südü kimi istehlak olunan süd kütləsi nəzərə alınmazsa, yerdə qalan hissəsi bilavasitə ev təsərrüfatlarında əhalinin özü tərəfindən süd məhsullarına çevrilərərək ya daxili tələbat üçün istifadə edilir, ya da müxtəlif bazar kanalları vasitəsilə satışa çıxarılır". Rövşən Ağayev qeyd edib ki, süd emalı sənayesi texniki, texnoloji və xammal, qablaşdırma məhsulları baxımından tam idxaldan asılı vəziyyətdədir: "Milli valyutanın sabit olmadığı iqtisadi mühitdə xarici valyutaların bahalaşması həmin avadanlıqların, onların ehtiyat hissələrinin, xam maddələrin də qiymətini artırır ki, bu da son nəticədə avtomatik olaraq emal məhsullarının maya dəyərinin artmasına, emal məhsullarının qiymətinin yüksəlməsinə səbəb olur. Süd istehsalçılarının pərakəndə və bir-birindən uzaq, kiçik və çoxsaylı olması, zəif məhsuldarlıq və ölkədə tələbata uyğun istehsalın olmaması emal müəssisələri üçün ciddi problemlər sırasındadır. Hazırda Azərbaycanda süd istehsalı əsasən 2-3 baş maldan ibarət olan ailə təsərrüfatları tərəfindən təmin olunur. Kooperativlər ümumiyyətlə mövcud deyil, iri fermlar isə sağılan inək sayının ən yaxşı halda 3-4faizinə sahibdirlər. Emalçılar 1 orta ölçülü (məsələn, 150-200 baş südlük inək) fermadan götürə biləcəyi xammal üçün bəzən 50-60 ev təsərrüfaına baş çəkməli olurlar. Bu, həm zaman itkisidir, həm nəqliyyat xərcini artırmaqla maya dəyərini yüksəldir, həm də çoxlu sayda süd nümunələrini keyfiyyət analizindən keçirməyi zəruri edir". İqtisadçı hesab edir ki, süd istehsalçıları və emalçıları arasında münasibətlərin müqavilə ilə tənzimlənməməsi, mövsümdən asılı olaraq süd həcminin kəskin artıb-azalması, südün qiymətinə və alışına zəmanət mexanizmlərinin tətbiq edilməməsi, məhsulun satışı üçün bazar kanallarının məhdudluğu, sertifikatsız məhsulların bazarlarda açıq satışına icazə verilməsi kimi problemlər də var. Ekspert deyir ki, süd toplanmasında və daşınmasında itkiləri azaltmaq üçün süd toplama məntəqələrinin şəbəkəsi genişləndirilməsi və "soyuq zəncir" təchizatının qurulması, iri süd təsərrüfatlarının yaradılmasının stimullaşdırılması, süd analizlərinin Avropa Birliyi standartlarına uyğun olaraq bilavasitə süd istehsalçılarında həyata keçirilməsi, süd istehsalçılarına zəmanətli qiymətlərin tətbiqi, dövlət sifarişi əsasında yerli süd emalı müəssisələrindən quru süd alışı və süd bazarına müdaxilə mexanizmlərinin işlənib hazırlanması, sertifikatsız və keyfiyyət standartlarına malik olmayan süd emalı məhsullarının açıq bazarlarda satışına məhdudiyyətlərin qoyulması lazımdır.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31