“Azneft” İstehsalat Birliyinin qaz-kompressor təsərrüfatı yenilənir
“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarələrdə qaz - kompressor təsərrüfatının təkmilləşdirilməsi istiqamətində görülən mühüm tədbirlər uğurla davam etdirilir.
22 Noyabr 2016 13:08 Sosial"Azneft" İstehsalat Birliyinin strukturuna daxil olan idarələrdə qaz - kompressor təsərrüfatının təkmilləşdirilməsi istiqamətində görülən mühüm tədbirlər uğurla davam etdirilir. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, ötən ay ərzində görülən işlər nəticəsində platformalarda baş verə biləcək qəza ehtimallarının qarşısının alınması, texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə "Çıraq-1" platformasından "28 May" NQÇİ-yə nəql olunan qaz xətti üzərində 400 millimetr ölçüdə əks klapan quraşdırılıb. Respublika ərazisində istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təmin olunması məqsədilə, "28 May" NQÇİ-nin Zirə sahəsində istismar olunan seperasiya sistemi yeniləşdirilmiş, seperatorlar əvəzlənib, onların maye çıxışları avtomatik tənzimləyicilərlə təchiz edilib, siyirtmələr dəyişdirilib, qaz ölçü qovşaqları təftiş olunmuş və şama gələn xətt yenisi ilə dəyişdirilib. "28 May" NQÇİ-nin Neft Daşları sahəsində yerləşən 2 saylı sıxıcı kompressor stansiyasında istismar olunan yüksək məhsuldarlıqlı qazturbin mühərrikli kompressor qurğularının fasiləsiz və təhlükəsiz iş rejimini təmin etmək məqsədilə, iş saatını başa vurmuş 2 ədəd qazturbinin istehsalçı zavoda əsaslı təmirə göndərilməsi təmin edilib.