Problem dərsliklərdə, yoxsa iynə-dərmanla dünyaya gələn uşaqlardadı?

Belə bir deyim var ki, elm Çində də olsa onun dalınca gedin. Mənim həmyaşıdlarım, eləcə də əvvəlki və sonrakı orta nəslin nümayəndələri nəinki Çinə, həm də Avropaya, Amerikaya gediblər, Azərbaycanda aldıqları təhsili daha da təkmilləşdirib dünyanı fəth ediblər. Amma bu günkü nəsil sabah Biləcəridən o yana gedə bilməyəcək. Çünki orta məktəbdə aldığı zəif təhsillə ali məktəblərdə elmlərə yiyələnə bilməyəcəklər. Birtəhər, zor-güclə, ali məktəb xatirinə aldıqları diplom xarici ölkələr qalsın bir yana, heç ölkə daxilində işə yaramayacaq. Nəticədə cəmiyyət bir əsr geri dönəcək. İstisnalar var, əlbəttə. Barmaqla sayıla biləcək qədər gənc savadlı və istedadlıdır.

Belə bir deyim var ki, elm Çində də olsa onun dalınca gedin. Mənim həmyaşıdlarım, eləcə də əvvəlki və sonrakı orta nəslin nümayəndələri nəinki Çinə, həm də Avropaya, Amerikaya gediblər, Azərbaycanda aldıqları təhsili daha da təkmilləşdirib dünyanı fəth ediblər. Amma bu günkü nəsil sabah Biləcəridən o yana gedə bilməyəcək. Çünki orta məktəbdə aldığı zəif təhsillə ali məktəblərdə elmlərə yiyələnə bilməyəcəklər. Birtəhər, zor-güclə, ali məktəb xatirinə aldıqları diplom xarici ölkələr qalsın bir yana, heç ölkə daxilində işə yaramayacaq. Nəticədə cəmiyyət bir əsr geri dönəcək. İstisnalar var, əlbəttə. Barmaqla sayıla biləcək qədər gənc savadlı və istedadlıdır.

Kimsə dediklərimə etiraz edib irad tuta bilər. Amma qəti söylədiyim bu fikrin arxasında nələr dayandığını oxuyandan sonra yəqin ki, haqq qazandıracaq. Bu gün müəllimləri hər tərəfdən "döyürük, söyürük", xüsusilə də ibtidai sinif müəllimləri daha çox qınaq obyektidi. Onlardan tələb edirik ki, uşaqlarımızı hərətəfli yetişdirib, ibtidai bilikləri mükəmməl öyrətsinlər. Bir tərəfdən haqlıyıq, amma digər tərəfdən unuduruq ki, ibtidai sinif müəllimi ensiklopedik bilik sahibi deyil, olsa-olsa dərslikdə nə varsa onu öyrədə bilər. Onu da danmaq ədalətsizlik olar ki, Azərbaycan məktəblərində doğrudan da elə müəllimlər var ki, şagirdi öyrətmək üçün çox zəhmət çəkir, var gücünü sərf edir. Amma bu güc də bir yerə qədər olur.

İbtidai sinif dərsliklərində elə mövzular var ki, sinif müəlliminin bilik çərçivəsinə sığmır - istər ana dili, istərsə də riyaziyyat, ya da digər fənnlər olsun. Orta məktəblərin aşağı sinif şagirdlərinə hesablanmış çoxlu sayda mövzu və ev tapşırıqları o qədər qəliz və dolaşıqdır ki, bəzən valideynlər də uşaqlarına kömək edə bilmirlər. Bir çox hallarda müəlliflər mətni əsasən özlərinin dünyagörüşünə uyğun yazırlar - ya həddən artıq bəsit, elmdən, metodikadan uzaq, ya da ifrat dərəcədə mürəkkəb və anlaşılmaz.

***

Problemlə bağlı bir neçə ibtidai sinif müəllimi və valideynlə söhbət etdim. Valideynləri, daha çox da şagirdləri narahat edən məsələlərin, öhdəsindən gələ bilmədikləri dərslərin kökündə nəyin dayandığını soruşdum. Ümumi fikir belə oldu ki, I-IV siniflərdə şagirdlərin dünyagörüşü, eləcə də məktəbə hazırlıq və bilik səviyyəsi dərslikdəki mövzularla üst-üstə düşmür. Riyaziyyat çox çətindi. İkinci sinifdən şagirdlərə yüzlüklər keçirilir. Birinci sinifdə onluqları öyrənib tam başa vurmayan şagird yüzlük hesablamanı necə aparsın?

Azərbaycan dili dərsliyində birinci sinif üçün nitq hissələri verilib, omonim, sinonim, antonimlər yer alıb. İkinci sinifdən şagird fonetik təhlil aparmalıdı. O şagird ki, heç birinci sinifdə samitləri mənimsəyə bilməyib. Qramatikadakı 9 ədəd saiti çətinliklə başa düşən şagirddən necə tələb etmək olar ki, samit səsləri yadında saxlasın? Hər mövzu bir, ya da iki saat olur. Ona görə də birinci-ikinci sinif şagirləri tapşırılan mövzunu mənimsəyə bilmirlər.

Doğrudur, bəzi məktəblərdə elektron sistemə keçilib, amma bu sistem vasitəsi ilə 6-7 yaşlı uşağın beyninə yüklənə biləcək mövzu ağırdı. Bunun ən pis tərəfi odur ki, uşaqlarda yazı qabiliyyəti itir. Testlər və kompüterlə işləmək şagirdin əldə qələm tutma vərdişini sıfıra endirir. Ona görə də çox çətin olan həndəsi fiqurları çəkə bilmirlər.

Müəllimlərin ən böyük problemi odur ki, ev tapşırıqlarını yoxlamağa icazə verilmir. Əvvəllər müəllim yönümlü idi, indi şagird yönümlü ediblər ki, məktəbli danışsın. I-II sinif şagirdi dərsi 45 dəqiqədə öyrənə bilmirsə, evdə valideyn köməyi yoxdursa, həmin günün mövzusu cəmi bir saat izah edilirsə, ikinci saatda başqa çalışmadan bəhs edilirsə, ondan hansı biliyi tələb etmək olar? Əvvəllər məcburu də olsa "İş dəftəri" alırdılar, amma indi könüllüdü. Ona görə də sinifdə 1-2 uşaqda olur. Madam ki, "İş dəftəri" lazım deyil, bəs, kitabdakı dərsin davamını şagird hardan öyrənsin? Olmazmı mövzunu əhatə edən suallar və cavablar elə dərsliyin özündə verilsin?

İnşa yazılar da 6-8 yaşlı uşağın düşüncəsinə uyğun deyil. Məsələn, "Torpaq deyir öldür məni, dirildim səni" adlı mövzu onuncu, ya da on beşinci mərtəbədə yaşayan uşağın beyin məhsuluna çevrilə bilmir.

***

Pedaqoq, şagird mütəxəssisi Elnarə Fətullazadənin fikrincə, dərsliklər hazırlanarkən müəllimlərin fikri, təklifi nəzərə alınmalıdır.

-Kitablar nəşr olunandan sonra bizi müzakirəyə dəvət edirlər, - deyə Elnarə xanım təəssüfünü bildirdi. - Dəfələrlə şahidi olmuşam ki, müzakirələrdə uzun-uzadı söz-söhbətlər, narazılıqlar olub, amma əlimdən heç nə gəlməyib. Üçüncü sinfin köhnə "Azərbaycan dili" kitabında imla işi sonda - mövzular tam mənimsəniləndən sonra verilib. Bu gün isə birinci sinifdə hərfləri keçən kimi imla yazmaq tələb olunur.

Mütəxəssis olaraq deyirəm ki, beş yaşlı uşağın məktəbəqədər hazırlıq keçməsi doğru deyil, bizim uşaqlar bu sistemə hazır ola bilmirlər. Hələ özünü tanımayan, ətrafdakı hadisələri anlamayan uşaq sabah birinci sinfə gedəndə küsəcək, oxuya bilməyəcək, dərsləri qavramaqda çətinlik çəkəcək. Əslində məqsəd məktəbi, fənnləri uşaqlara sevdirmək olmalıdı. Amma azyaşlı uşaqlar çətin mövzularla yüklənir və bu ağırlığa tab gətirə bilmirlər. Ona görə də 30 nəfərlik sinifdən sonda 3-5 şagird yüksək nəticə əldə edə bilir.

***

Otuz ildən çox pedoqoji təcrübəsi olan, ömrünü ibtidai sinif şagirdlərinə həsr etmiş Şofizə Mehdiyeva isə tam fərqli fikir söylədi:

-Doğrudu, 1995-2007-ci illərdə dərsliklər çox çətin idi, mövzular qəliz təqdim olunurdu. Amma indi üç dəfə sadələşdirilib, xüsusilə də bu ilki dərsliklərdə uşaqların anlaya bilməyəcəkləri mövzu yoxdu. Sadəcə müəllimlər uşaqlarla işləməyi bacarmalı, onları sevməli, doğmaları kimi yanaşmalı, həyatı başa salmalıdırlar. Kurrikulumun birinci məqsədi də məhz budur: vətəndaş yetişdirmək. Bəzən valideynlər şikayət edirlər ki, niyə "Gündəlik"də qiymət yoxdu? Bəzi

valideynlər də irad tuturlar ki, uşaqlarımıza sərbəstlik verilmir. Xarici ölkələrdə uşaqlar dərsdə sona qədər oturmur, oynayır, maraqlı məşğuliyyətlə beyin yorğunluğunu aradan qaldırılar.

Təbii ki, belə valideyn haqlıdır. İndi internet zamanıdır, ənənəvi dərslər, tapşırıqlar öz effektini vermir. Müəllim öyrədən yox, istiqamət verəndi. Şagird özü tədqiqat aparmalı, sərbəst surətdə istədiyini öyrənməlidir. Ona görə də sinifdə dərslər yalnız sual-cavab şəklində aparılır, biz onlara qiymət yox, bilik veririk. O başqa məsələ ki, biliyi əxz etməyənlər çoxdu. Sinifdə 3-5 uşaq öyrənir, qalanları isə vaxt keçirir.

Çünki indiki uşaqların çoxu fiziki olaraq sağlam deyil. Heç kimə sirr deyil ki, indi qadınların hamilə qalması əməlli-başlı problemdi. Doqquz ay müalicə alan ananın bətnindəki uşaq zəif, xəstə formada inkişafdan geri qalır. Ona görə də doğulandan sonra hələ uzun illər uşağın sağlamlığının bərpası lazım olur. Belə zəif uşaqların dərsləri mənimsəməsi bizim üçün olduqca çətinlik yaradır. 45 dəqiqəni sona qədər otura bilməyən, yuxulayan, yorulan, tez-tez xəstələnən və bu vəziyyətdə məktəbə gəlib digərlərini də yoluxduran uşağa hansı biliyi vermək olar?

Müəllimlər üçün metodik vəsait istənilən qədərdi. Universitetdə kurrikulum sistemini öyrənməyən gənc müəllim məktəbdə çətinlik çəkir. Bilmir ki, ilboyu kurrikulumun tələblərini öyrənsin, yoxsa metodik vəsaitlərdən nəsə götürə bilsin. Beləliklə də vaxt itir, zaman axıb gedir. Nəticədə zəif, xəstə uşaqların nəinki bilik öyrənmələri, üstəlik vətəndaş kimi yetişmələri də gecikir, ya da mümkün olmur.

***

Bəli, dərsliklər bu gün cəmiyyətin yaralı yerinə dönüb. Köhnə sovet dərsliklərində mövzular məktəblilərin yaş qrupuna uyğunlaşdırılırdı. Birinci sinifdən dördüncü sinfə kimi məktəbliyə fənnlər üzrə ibtidai biliklər öyrədilirdi. Riyaziyyat dərsi sadə hesablamalar üzrə tədris edilirdi. Ana dili kitabında uşaq şeirləri, nağıllar, kiçik hekayələr üstünlük təşkil edirdi. İndiki dərsliklərdə bu öz əksini tam olaraq tapmır. Bu çaş-başlıq, qarışıqlıq içində təhsil işçiləri, pedoqoqlar özləri də nəyin baş verdiyini müəyyənləşdirə bilmədikləri üçün fərqli yanaşıma sərgilədilər.

Böyük Britaniyada yaşayan azərbaycanlı xanım bu yaxınlarda öz facebook səhifəsində yazmışdı:" İspan valideynlər uşaqların ev tapşırığının çox olmasından narazıdır və bunun ailə həyatına zərər verdiyini düşünürlər. Bu haqda hökumətə etirazlarını bildiriblər. Elə britaniyalılar da narazıdır. Burda yaşayan mən isə tapşırığın çoxluğundan şikayətim yoxdur. Bu ona görədir ki, Azərbaycandan gəlmişəm, ordan xəbərim var və müqayisədə şükür edirəm. Amma ev tapşırıqlarının çoxluğu doğurdan da ailəni zədələyir. Uşaqlar yorulur, oxumaq istəmir, valideyn əsəbiləşir, uşağına aqressiv yanaşır. Bəzən buna görə ata-ana arasında söz-söhbət yaranır. Britaniyalilar inanır ki, ev tapşırığı az olsa, usaqlarla birlikdə daha yaxşı vaxt keçirib, məktəbin öyrədə bilmədiyi daha vacib dəyərləri öyrədə bilərlər. Elə mən də belə düşünürəm. Bir həftə məktəb tətili olanda özüm uşaqlara daha çox şey öyrədirəm - həm elmi, həm oynamaqla, həm də gəzdirməklə".

***

Cəmiyyətin inkişafı təhsildən asılıdır. Uzun illər elə bilmişik ki, ən mükəmməli sovet təhsil sistemidi. Avropada, qərbdə isə belə hesab edirlər ki, ordakı təhsil sistemi daha yaxşıdır. Cənubi Koreya, Yaponiya, Sinqapur, Honq-Konq və Finlandiya - ilk beşlikdə yer alan bu ölkələrdə təhsil sisteminin nəticələri dünyaya meydan oxuyur. Bunun yeganə səbəbi ev tapşırıqlarının olmaması, dərsliklərdə mövzunun hər yaş qrupuna uyğun tərtib olunmasıdır.

Məncə, şərhə ehtiyac yoxdu...

Züleyxa Nadir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31