Xəstələnmək istəməynlər, bunlara əməl edin
Həkim: “Əsas şərt havaya uyğun geyinmək və immuniteti gücləndirməkdir” Oktyabrın əvvəllərindən başlayaraq kəskin şaxta və yağıntı ilə müşahidə olunan hava şəraiti indi normala dönüb. Hətta hazırda payız fəslinə xas olmayan istilik var.
14 Noyabr 2016 19:55 SosialHəkim: "Əsas şərt havaya uyğun geyinmək və immuniteti gücləndirməkdir"
Oktyabrın əvvəllərindən başlayaraq kəskin şaxta və yağıntı ilə müşahidə olunan hava şəraiti indi normala dönüb. Hətta hazırda payız fəslinə xas olmayan istilik var.
Havaların bu cür kəskin dəyişməsi isə soyuqdəymə hallarının, eləcə də, infeksion xəstəliklərin artmasına səbəb olub. Demək olar ki, əksər ailələrin minimum bir üzvü soyuqdəymənin müxtəlif fəsadlarından əziyyət çəkir. Bu problem ən çox azyaşlılarda müşahidə olunur.
Məktəb və bağça kimi uşaq kollektivlərində olan balacalar infeksion xəstəliklərə tutulmuş yoldaşları ilə təmasda olarkən yoluxurlar. Xüsusən də immuniteti zəif olan və havaya uyğun olaraq geyiminə diqqət etməyən insanlar dəyişkən iqlim şəraitindən daha çox əziyyət çəkir. Mütəxəssislər də hesab edir ki, dəyişkən havalarda insanlar daha diqqətli olmalıdırlar.
Tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, havaların dəyişkən keçməsi zamanı insanların havaya uyğun geyim seçməsi mütləq şərtdir: "Xüsusən də immun sisteminin möhkəmləndirilməsi istiqamətində tədbirlər görmək, yəni idmanla məşğul olmaq, vitaminlər qəbul etmək çox önəmlidir. Çünki havalar soyuq olduqca vitaminli qidalar da azalır, bu da bədəndə avitaminoz prosesinin yaranmasına gətirib çıxarır. Əsas məsələlərdən biri nədən ibarətdir. İnsanlar tez-tez uyğun geyim seçmədiklərinə görə soyuqdəymə xəstəliyinə tutulurlar. Bunu el arasında qrip adlandırırlar. Ancaq bu, qrip deyil. Qrip karantin infeksiyasıdır və bu xəstəlik yayıldıqda Ümumdünya Səhiyyə Təşkilatı bu haqda məlumat yayır".
Adil Qeybullanın fikrincə, hazırda müşahidə olunan xəstəliklər daha çox yuxarı tənəffüs yollarında parazitlik edən mikroorqanizmlərin fəallaşmasının nəticəsidir: "Bu, infeksiyalar kəskin respirator xəstəliklərin yaranmasına səbəb olur. Onları kəskin respirator xəstəlik də adlandırırlar. Buna yoluxan insanlar sonradan bir-birini yoluxdurmağa başlayırlar. Bu qripə bənzər xəstəliklər isə qızdırma, öskürək, yuxarı tənəffüs yollarının iltihabı və sair fəsadlara gətirib çıxara bilər. Bu xəstəliklər daim müşahidə olunduğu üçün insanlar bundan nəticə çıxarmalıdır və maarifləndirilməlidir. Hər kəs bilməlidir ki, hansı tədbirləri görərsə, xəstələnməz. Digər tərəfdən yaxşı olar ki, xəstələnmiş şəxs cəmiyyətdən təcrid olunsun, insanların kütləvi toplaşma yerlərində, yeraltı keçidlərdə, müxtəlif mağazalarda, ticarət mərkəzlərində, məktəblərdə, ictimai nəqliyyatda və sair ictimai yerlərdə maskadan istifadə etsinlər. Bizim insanlar bu məsələdə bir qədər kompleks keçirir, amma mənim fikrimcə, başqalarının yoluxmaması üçün maskadan istifadə etmək çox yaxşı olardı. Problemli məsələlərdən biri də odur ki, uşaqlar məktəblərdə soyuqdəymə xəstəliklərinə tutulur və digər uşaqlar da ondan yoluxur. Xüsusən də immuniteti zəif olan uşaqlar daha çox yoluxurlar və xəstəliyi daha ağır keçirirlər. Ona görə də hesab edirəm ki, profilaktik tədbirlərə daha çox üstünlük verilməlidir".
Mütəxəssislər qrip və soyuqdəymə xəstəliklərinə yoluxmamaq üçün təbii vasitələrdən istifadəni də məsləhət görürlər. Soyuq aylarda immuniteti möhkəmləndirmək üçün bu məsləhətlərə diqqət yetirmək olar. Məsələn, bir stəkan limon suyu ilə eyni miqdarda portağal suyunu qarışdırıb səhər ac qarına içmək immuniteti artırır. 3 stəkan suya 2 xörək qaşığı quru nanə ilə 1-2 limonun qabıqları qoyulur.
15 dəqiqə qaynadılıb süzülür və gündə 3 dəfə bir stəkan içilir. Xəstəlik zamanı profilaktika üçün hər gün 3-4 diş sarımsaq yemək də yaxşıdır. Həmçinin, yeməklərdən sonra yarım və ya bir çay stəkanı limon suyunun içinə bir çay qaşığı bal qarışdırılaraq içmək də immuniteti gücləndirir. Bir stəkan qaynar suyun içinə bir çay qaşığı adaçayı, bir çay qaşığı nanə və bir çay qaşığı çobanyastığı qoyaraq 10 dəqiqə dəmlədikdən sonra, içinə bir çay qaşığı bal əlavə edərək içmək bədənin müqavimətini artırır.
Bundan başqa, fiziki fəallıq, idmanla məşğul olmaq da immuniteti gücləndirir. Daimi məşq orqanizminizi soyuqdəyməyə qarşı mübarizə aparmağa köməklik edəcək. Həmçinin yaxşı yuxu immuniteti gücləndirməyə kömək edir və soyuqdəyməyə qarşı əla müalicə növüdür. Araşdırmalar zamanı məlum olub ki, gün ərzində yeddi saatdan az yatan insanların xəstəliyə yoluxma riski gün ərzində səkkiz saat və artıq yatan insanların yoluxmasından daha çoxdur.