Gölə daş atanda gərək elə daş atasan ki, səslərin çoxunu kəssin
(və yaxud, Əjdər Tağıoğlu erməni tarixinin atasına “od vurdu”) Zaman keçdikcə zaman-zaman Azərbaycan tarixini saxtalaşdıran, eləcə də dolaşıq, uydurma Ermənistan tarixi yaranmasına səbəb olan “mənbələr”in saxtalığı bir-bir üzə çıxır.
14 Noyabr 2016 17:45 Sosial(və yaxud, Əjdər Tağıoğlu erməni tarixinin atasına "od vurdu")
Zaman keçdikcə zaman-zaman Azərbaycan tarixini saxtalaşdıran, eləcə də dolaşıq, uydurma Ermənistan tarixi yaranmasına səbəb olan "mənbələr"in saxtalığı bir-bir üzə çıxır.
Erməni tarixşünaslığında artıq çoxdan belə bir nöqteyi-nəzər mövcuddur ki, ermənilər guya Cənubi Qafqazın oborigen əhalisidir, eləcə də Azərbaycanın da daxil olduğu ərazilər - üç dəniz arası torpaqlar hansısa "Böyük Ermənistan"ın tərkibində olmuşdur. Bu planlı və "məqsədəyönlü" ideyanın əsası keçən yüzilliklərdən erməni müəllifləri (M.Çamçiyan, K.Şahnazaryan, İ.Emin, K.Patkanov və b.) tərəfindən qoyulmuşdur. Bütün erməni tarixçiləri indiyəcən həmin mövqedən çıxış edirlər. Bu uydurmalar ənənəsi artıq elə bir vəziyyət yaratmışdır ki, erməni müəlliflərinin saxtalığı öz sələfləri tərəfindən istər istəməz etiraf edilir, hətta tənqid edilir.
Azərbaycan alimləri (R.Ə.Mehdiyev, Y.M.Mahmudov, İ.H.Əliyev, T.Q.Köçərli, İ.M.Hacıyev, K.K.Şükürov, Q.Ə.Hacıyev, R.Ə.Hüseyinov, N.R.Məmmədov, İ.Məmmədov, R.İmanov, G.Nəcəfli, N.Mustafa, V.Abışov, K.İsmayılov, İ.Niftəliyev, N.Məmmədzadə, E.Şıxəliyev, M.İsmayılov, M.Əliyeva, F.Aslanova) qədim məxəzlər, real faktlar, mötəbər arqumentlərlə bu saxtakarların iç üzünü açır, ifşa edirlər.
Əjdər Tağıoğlunun çox maraqlı araşdırması da bu səpkidə çoxdan həllini gözləyən və bu gün də aktual olan problemlərdən birinə həsr edilmişdir. Tədqiqatçı günümüzə qədər qədim erməni mənbələrindən biri kimi mənbəşünaslığa daxil edilmiş, hətta erməni tarixinin atası sayılan Moisey Xorenatsinin anonim keşiş müəllif olması fikrinə gəlmiş və bunu elmi şəkildə əsaslandırmışdır.
Əjdər müəllim yunandilli Kilikiya erməni kilsəsinin "Hayastan tarixi"nin ilk erməni mətnini XIV əsrdə anonim keşiş M.Xorenatsinin adına tərtib etməsi və erməni xalqının ilk əfsanəvi dövlətinin "Hayastan" olması barədə maraqlı mlumat verir. Professor erməni tədqiqatçısı N.Eminin 1858-ci ildə "Hayastan tarixi"ni rus dilinə "Armeniya tarixi" adıyla çevirəndə ona "Mar Abas Katina -Nineviya" epizodunu əlavə etməsindən ətraflı bəhs etmiş, onun Mar Abas Nineviya arxivindən tapdığı "kiçik kitab" əsasında "4 kitabdan ibarət ilk "Armeniya tarixi"ni yazması və M.Xorenatsinin də "Armeniya tarixi"ni yazarkən guya ondan istifadə etməsi barədə fikrinə elmi-tənqidi münasibət bildirmişdir. Professor N.O.Eminin M.Xorenatsinin "Hayıstan tarixi"ni 1858-ci ildə rus dilinə çevirərkən heç bir əsası olmadan anonim müəllifin adından əsərin "tarix" adına dövlətçilik anlamı olan qondarma "Armeniya" sözünü əlavə etməklə "Armeniya tarixi" adlandırsa da, burada hər hansı bir xalq olursa olsun, onun konkret zaman kəsiyində olmuş nə tarixi, nə dövlətçiliyi, nə mədəniyyəti və s. ətrafında real məlumat almağın mümkün olmadığını bildirmişdir. Həmçinin, professor bu məsələ ilə bağlı N.Eminin yuxarıda qeyd edilən fikrini 23 il sonra, yəni 1881-ci ildə Tiflisdə çağırılmış V arxeoloji qurultayda özünün təkzib etməsini bununla da onun "Armeniya" adında erməni dövlətinin tarixən mövcud olmadığını elmi ictimaiyyət qarşısında bəyan etməsini şərh etmişdir.
Əjdər Tağıoğlu araşdırma vasitəsilə aşkar etmişdir ki, ""Hayastan tarixi"nin cildi üzərindən anonim keşiş M.Xorenatsinin adını çıxsaq, yerdə qalan əsas epizodlarda verilmiş Babil ədəbiyyatının filoloji mif qəhrəmanı Haykdan başlayaraq, Biaini çarı Aramın, Arme / Armini çarı Artaksinin (M. Xoranatsidə "Mar Artaşes"), Part (yunanlarca "Parfya") imperiyasının banisi Arsakın şərəfinə "Arsaklılar" (ermənilərcə "Arşakunilər") adlanan çar sülaləsinin erməni xalqının babaları ilə hər hansı şəkildə olsa da, əsla, heç bir əlaqəsi yoxdur". Bütün bunlar çox maraqlı və tutarlıdır. Professorun çıxardığı nəticələr obyektiv, elmi və məntiqidir. Onun çoxsaylı inandırıcı təhlilləri bu fikirləri bir daha təsdiq edir.
Əjdər Tağıoğluna bu tədqiqat işlərində uğurlar arzulayıram.
Qasım Hacıyev
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu
"Qarabağ tarixi" şöbəsinin müdiri, t.ü.e.d