Gənclər ruh yüksəkliyi ilə orduya hazırlanır

Azərbaycanda hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzində olub. Etiraf edilməlidir ki, uzun illərdən bəri yürüdülən bu sosial siyasət gəclərin vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayıb.

Azərbaycanda hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzində olub. Etiraf edilməlidir ki, uzun illərdən bəri yürüdülən bu sosial siyasət gəclərin vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayıb. Elə bu günlərdə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Neftçala rayonunda inşa etdirilmiş 10 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fərdi yaşayış evlərinin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, əlil ictimai birliklərinin, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Z.Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğısının təzahürü kimi, ölkəmizdə sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönələn mühüm sosial proqramların həyata keçirildiyini vurğulayıb: "Bu sosial proqramlardan biri də respublikamızın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı proqramıdır. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə məqsədyönlü tədbirlər cari ildə də uğurla davam etdirilir. Bu il nazirlik tərəfindən Azərbaycanın 30 rayonunda 134 fərdi yaşayış evi, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilməklə, 252 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub".Fondun direktoru hər bir istifadəyə verilən mənzildə normal yaşayış üçün müasir tələblərə uyğun şərait yaradıldığını diqqətə çatdırıb: "Hazırda qeyd olunan təbəqələrə aid insanların mənzillə təminatı məqsədilə fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir". Z.Babayev müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri və sosial müavinətlərlə, əmək pensiyaları ilə təminatının gücləndirilməsi yönündə görülən işlərdən də bəhs edib. O, cari ildə də bu sosial ödənişlərin məbləğində artımlar edildiyini bildirib, müharibə əlillərinin səmərəli bərpa-müalicə sistemi ilə əhatə olunmaları, onların tibbi-sosial reabilitasiyası istiqamətində görülən işləri diqqətə çatdırıb. Digər çıxış edənlər ölkəmizdə aparılan sosial siyasətin hər bir vətəndaşın, xüsusən sosial cəhətdən həssas qruplara aid şəxslərin həyat səviyyəsinin yaxşılaşmasına xidmət etdiyini vurğulayıblar. Onlar müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin olunmalarını bunun daha bir əyani təsdiqi kimi dəyərləndirib, belə tədbirlərin cəmiyyətdə rəğbətlə qarşılandığını bildiriblər. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə müasir tələblərə uyğun inşa olunmuş fərdi yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. İstifadəyə verilən 10 ədəd fərdi yaşayış evindən 6 ədədi Qarabağ müharibəsi əlillərinə, 4 ədədi isə şəhid ailələrinə təqdim edilib. 
   Onu da xüsusilə qeyd edək ki, əksər dövlət qurumları, eləcə də vətəndaş cəmiyyətləri gənclər arasında vətənpərvərlik tərbiyyəsinin aşılanmasında əhəmiyyətli rol oynayırlar. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, Ağstafa Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib. Tədbirdə Ağstafa Rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aprel döyüşləri zamanı minlərlə Ağstafa sakininin düşmənlə döyüşmək üçün İcra Hakimiyyətinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbəsinə müraciət etməsinin ölkədə vətənpərvərliyin yüksək səviyyədə olduğunu sübut etdiyini bildirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov qeyd edib ki, Silahlı Qüvvələrimizin zabit heyətinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış hərbi təhsil müəssisələrinin böyük rolu var. Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən ölkənin müxtəlif regionlarında keçirilən belə tədbirlərin gənc nəslin milli ruhda tərbiyə edilməsində müsbət təsirə malik olduğunu bildirib. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, həyata keçirilən islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla, hərbi texnika ilə təmin olunub, şəxsi heyətin döyüş ruhu yüksəkdir.Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Ağstafa rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.
  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə milli vətənpərvərlik hisslərinin yüksəldilməsi istiqamətində "Xankəndi" məcburi köçkünlərə dəstək İctimai Birliyi tədbirlərini davam etdirir. Bakı Dövlət Universitetinin akt zalında sayca 3-cü layihə olan "Xankəndi şəhərinin şəhid və məcburi köçkün ailələrinin yaşam mücadiləsi" adlı videoçarxın təqdimat mərasimi keçirilib. Tədbirdə universitet rəhbərliyi, millət vəkilləri Flora Qasımova, Jalə Əliyeva, Fazil Mustafa, Fəzail İbrahimli, QHT və KİV nümayəndələri, tələbələr iştirak edib.Videoçarxda respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan Xankəndi şəhərindən olan azərbaycanlı məcburi köçkün və şəhid ailələrinin yaşam tərzi, öz doğma yurdlarından didərgin düşdükləri, deportasiyaya məruz qaldıqları gündən qarşılaşdıqları çətinliklər, yenidən yaşayış şəraiti qurmaq üçün üzləşdikləri problemlər öz əksini tapıb.Videoçarxın çəkilməsində əsas məqsəd gəncliyimizə milli vətənpərvərlik hisslərinin aşılanması, unudulmaq üzrə olan Xankəndi həqiqətlərinin daha geniş formada təbliğidir. Bundan başqa, "Regional Gender Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi lə "Təmas xəttinə yaxın ərazilərdə əhaliyə maddi və mənəvi yardımların göstərilməsi" adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində Tərtər rayonunun Qapanlı kəndində "Qorxu, stress və panika" mövzusunda təlim keçirilib. Layihə rəhbəri Ş. Dadaşova təşkilatın fəaliyyəti və layihə barəsində ətraflı söhbət açıb, mövzunun aktuallığını vurğulayıb. Bildirilib ki, ərazi təmas xəttinə yaxın olduğu üçün tez-tez təhlükəli hallar baş verir. Ona görə də bu mövzu təmas xəttinə yaxın olan ərazilər üçün olduqca vacib və aktualdır. Psixoloq Səadət Məmmədovanın apardığı təlimdə bildirilib ki, qorxu insanın həyatı, sağlamlığı üçün təhlükə törədə bilən bütün real və xəyali hadisələrə qarşı təbii reaksiyadır. Təlimdə daha sonra psixoloji məsləhətlər verilib, iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb. Yekunda tədbir iştirakçıları onlara mənəvi dəstək olduğuna görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və "Regional Gender Mərkəzi"nə təşəkkür ediblər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31