AzTU-da Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetinin (#AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "9 Noyabr - Dövlət Bayrağı Günü"nə həsr olunan tədbir keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı və Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Akif Cahangirov çıxış edərək Üçrəngli Dövlət Bayrağımızın tarixindən, keşməkeşli istiqlaliyyət yolundan danışıblar. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. 70 il qəlblərdə yaşadılan bayrağımız müstəqillik illərində ulu öndər Heydər Əliyevin qərarı ilə 1990-cı ildə Naxçıvan Ali sovetinin binası önündə yenidən dalğalanmağa başlayıb. 2009-cu ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb və hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub. Aparıcı tələbələr dövlətimizin rəmzlərindən biri sayılan Bayrağımızın sonsuz iftixar mənbəyi olduğunu, hər bir azərbaycanlının ondan qürur duyduğunu deyiblər. Gənclər çıxışlarında bildiriblər ki, bugünkü gənclik milli-mənəvi dəyərlərimizə ehtiramla yanaşır, doğma Vətənimizə sədaqətlə xidmət edir, xalqımızın xoşbəxt gələcəyi və rifahı naminə səylərini əsirgəmir. Tədbirdə Universitetin bütün fakültələrinin tələbələri Vətənə, bayrağa, torpağa və Şəhidlərimizə həsr olunan şeirlər səsləndirib, mahnılar ifa ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31