Amerikada Azərbaycanın tolerantlığından danışılıb

Birləşmiş Ştatların nüfuzlu yəhudi təşkilatı olan Amerika Yəhudi Komitəsinin (AYK) və “Beverli Hils Emanuel Məbədi” sinaqoqunun birgə təşkilatçılığı ilə Azərbaycana dair geniş təqdimat keçirilib.

Birləşmiş Ştatların nüfuzlu yəhudi təşkilatı olan Amerika Yəhudi Komitəsinin (AYK) və "Beverli Hils Emanuel Məbədi" sinaqoqunun birgə təşkilatçılığı ilə Azərbaycana dair geniş təqdimat keçirilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlcə AYK-nin Los-Anceles üzrə regional nümayəndəliyinin vitse-prezidenti Culi Bram və "Beverli Hils Emanuel Məbədi"nin dini rəhbəri Ravvin Sara Bassin çıxış edərək tədbirin önəmindən danışıblar. AYK-nin Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini vurğulayan C.Bram Azərbaycanın nümayiş etdirdiyi multikulturalizm və tolerantlıq modelinin beynəlxalq aləm tərəfindən alqışlandığını və bütün dünyaya gözəl bir örnək olduğunu bildirib. Ravvin S.Bassin isə rəhbərlik etdiyi icmanın Azərbaycan ilə bağlı daha geniş məlumatların əldə edilməsinə böyük marağının olduğunu, bugünkü tədbirin də məhz bu məqsədlə təşkil olunduğunu qeyd edib. Ölkəmizin Los-Ancelsdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edib. O, ölkəmizdə tarixən müsəlmanların, xristianların, yəhudilərin dinc və qarşılıqlı ehtiram şəraitində yaşadıqlarını, şiə-sünni münasibətlərində yüksək harmoniyanın mövcud olduğunu və bu harmoniyanın dövlət tərəfindən hərtərəfli şəkildə təşviq olunduğunu diqqətə çatdırıb. Baş konsul bildirib ki, multikulturalizm və tolerantlıq Azərbaycan dövlətinin xüsusi diqqəti və dəstəyi nəticəsində dövlət siyasətinə çevrilib. N.Ağayev, həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Bu səpkidə Xocalı və yəhudi soyqırımları (Holokost) arasında oxşarlıqların olduğunu, hər iki faciədə bir tərəfin qarşı tərəfi tamamilə yox etmək niyyəti ilə qeyri-insani vəhşiliklər törətdiyini vurğulayıb. Diplomat, həmçinin İsrail Prezidenti Reuven Rivlinin ötən il BMT-də etdiyi çıxışında Holokostdan sonra törədilmiş soyqırımları kontekstində Xocalı soyqırımını ayrıca vurğulamasının Azərbaycanda rəğbətlə qarşılandığını diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31