Rusiyanın Tambov şəhərində general Naxçıvanskinin büstü qoyulub
Rusiyanın Tambov şəhərindəki Qraf Vorontsov-Daşkov adına Kazak kadet məktəbində Rusiya imperiyasının general-adyutantı olmuş Hüseyn xan Naxçıvanskinin büstünün açılış mərasimi keçrilib.
4 Noyabr 2016 16:35 SosialRusiyanın Tambov şəhərindəki Qraf Vorontsov-Daşkov adına Kazak kadet məktəbində Rusiya imperiyasının general-adyutantı olmuş Hüseyn xan Naxçıvanskinin büstünün açılış mərasimi keçrilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sərkərdənin xatirəsi büstün açılışında və yerli kazak təşkilatının konfransında anılıb. Rus İmperiyasının süvari qvardiya korpusuna komandanlıq etmiş Hüseyn xan Naxçıvanskiyə büstün qoyulması Ümumrusiya Azərbaycan Konqresinin Tambov regional bölməsinin rəhbəri Rəhim Hüseynovun təşəbbüsüdür. Açılış mərasimində çıxış edən diaspor rəhbəri Hüseyn xanın xidmətlərindən və Azərbaycan-rus xalqlarının dostluğundan bəhs edib. O bildirib ki, keçmiş ittifaq dövlətlərinin çoxunda rus məktəblərinin bağlandığı birvaxtda Azərbaycanda yüzlərdə rus məktəbinin, Rus Dram Teatrı, Rusiyanın ali məktəbləri, rus mədəniyyət mərkəzinin fəaliyyət göstərməsi bu dostluğun bariz nümunəsidir. Tambov Kazak Cəmiyyətinin atamanıVladimir Veklenko isə Hüseyn xan Naxçıvanskinintarixə şərəfli cəngavər kimi düşdüyünü vurğulayıb: "Təəssüf ki, siyasi səbəblərdən bu qəhrəman haqda SSRİ dövründə susublar, amma onun xidmətləri danılmazdır. Artıq onun xatirəsi Azərbaycanla yanaşı, Tambovda da yad ediləcək". Daha sonra tədbirdə Rusiya Federal Mərkəzi Dairəsi üzrə Prezidentin rəsmi nümayəndəsi Aleksandr Beqlovun təbrik məktubu oxunub. Açılış mərasimindən sonra əksəriyyəti Rusiyanın müxtəlif güc strurkturlarının və administrativ instansiyalarının rəsmiləri olan Tambov vilayətinin kazakları konfrans keçirib. Konfransda ÜAK-ın nümayəndəsi Anar Həsənov Naxçıvan xanlığı və Naxçıvanskilər sülaləsi haqqında çıxış edib.