Şimal bölgəsinin təhsil işçilərinin təklifləri dinlənilib
Noyabrın 3-də Xaçmaz şəhərində Təhsil Nazirliyinin məsul əməkdaşları şimal bölgəsi rayonlarının təhsil işçiləri ilə görüşüblər.
4 Noyabr 2016 14:45 SosialNoyabrın 3-də Xaçmaz şəhərində Təhsil Nazirliyinin məsul əməkdaşları şimal bölgəsi rayonlarının təhsil işçiləri ilə görüşüblər. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşün məqsədi bölgələrdə çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində tərbiyə işinin mövcud vəziyyəti və onun gücləndirilməsinin əsas istiqamətləri barədə tövsiyələr vermək olub. Toplantıda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak edib. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək müstəqillik dövründə ölkə həyatının bütün sahələrində qazanılan uğurlardan, milli təhsil quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçiriləsi ilə bağlı görülən işlərdən, Təhsil Nazirliyinin keçirdiyi islahatlardan danışıb. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxışında son illər rayonda təhsil sahəsində əldə edilən uğurlardan danışıb. Tədbirdə müvafiq rayonların təhsil işçiləri çıxış edərək təlim və tərbiyə sahəsində görülmüş işlər haqqında məlumat verib, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər. Sonda təhsil işçilərinin fikirləri dinlənilib, suallar cavablandırılıb.