Daxili istehsalı necə artırmaq olar?
50 min manata qədər olan kreditləri xırda və orta fermerlərə heç bir girov tələb etmədən verməklə daxili istehsalı tələbatı ödəyə biləcək həddə qədər inkişaf etdirmək mümkündür Məlum olduğu kimi Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən Azərbaycan Respublikasının ərazisinə gətirilən bəzi mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri artırılıb.
4 Noyabr 2016 13:42 Sosial50 min manata qədər olan kreditləri xırda və orta fermerlərə heç bir girov tələb etmədən verməklə daxili istehsalı tələbatı ödəyə biləcək həddə qədər inkişaf etdirmək mümkündür
Məlum olduğu kimi Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarında dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən Azərbaycan Respublikasının ərazisinə gətirilən bəzi mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri artırılıb. Dəyişikliklərdə əsas diqqət çəkən məqam yeyinti məhsulları ilə bağlıdır. Belə ki, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilərin bir litri üçün 0,7 dollar gömrük rüsumu tələb olunacaq. Dəyişikliyə əsasən, qoz-fındığın təzə və ya qurudulmuş, qabığı təmizlənmiş və ya təmizlənməmiş, qabıqla və ya qabıqsız bir kiloqramı üçün 1,5 dollar, soğanın bir kiloqramı üçün 0,2 dollar, xiyarın bir kiloqramı üçün 0,4 dollar gömrük idxal rüsumu müəyyənləşib. Toyuq yumurtasının 1000 ədədi üçün 100 dollar, ev quşlarının əti və ət əlavələrinin bir kiloqramı üçün 1 dollar gömrük idxal rüsumu tutulacaq. Bir çoxları hesab edir ki, tətbiq edilən dəyişikliklər bazarlarda müəyyən bahalaşmaya gətirib çıxaracaq. Xüsusilə, ət və ət məhsullarının qiyməti qalxacaq. Bəs görəsən daxildə istehsal olunan bu məhsullar yerli tələbatı ödəməyə yetərli olacaqmı və Azərbaycanda nə qədər ət və ət məhsulları istehsal edilir?
İqtisadçı Rövşən Ağayev deyir ki, rəsmi məlumata görə, meyvə-giləmeyvə istehsalının həcmi daxili tələbatdan 20 faiz, tərəvəz itehsalının həcmi isə daxili tələbatdan 3 faiz artıqdır. Rəsmi statistikaya görə, qoyun əti tələbatının 98 faizi, mal əti tələbatının 88 faizi, toyuq əti tələbatının 98 faizi, yumurta tələbatının 100 faizi daxili istehsal hesabına qarşılanır: "Yay mövsümü bitəndən sonrakı 7-8 ay müddətində ölkənin meyvə və tərəvəz tələbatı tam idxal məhsulları hesabına ödənir. Oktyabr ayının 2-ci yarısından sonra iyun ayının ortalarınadək İran və Türkiyədən gələn meyvə-tərəvəz, Polşa və Rusiyadan gələn kartof bizim tələbatı qarşılayır.
Pərakəndə satış kanallarında olan ət əsasən yerli məhsul olsa da, ət məhsullarının hazılandığı sənaye müəssisələrində, böyük kütlə ilə ət istehlakının baş verdiyi obyektlərdə (şadlıq evləri və restoranlar, dönərxanalar) idxal ətinin istifadə edilməsi ilə bağlı xeyli məlumatlar var. Yəni həmin idxal kütləsi nəzərə alınsa, tələbatda xaricdən alınan ətin real payının daha yüksək olduğu aydın olar.
Başqa bir fakt. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycana 19.8 milyon dollar ət və ət məhsulları idxal edilib. Lakin comtrade məlumat bazasında dünya ölkələri tərəfindən Azərbaycana 67.8 milyon dollar dəyərində ət və ət məhuslları göndərildiyi əksini tapıb. Braziliyadan 24.5 milyon, Hindistamdan 13.5 milyon, Ukraynadan 6 milyon, Türkiyədən 3 milyon dollar ət və ət məmulatları idxal edildiyi göstərilir.
İdxaldan asılılığın yüksək olduğu şəraitdə yüksək rüsumların bazarda qiymətləri artıracağı şübhəsizdir". İqtisadçı hesab edir ki, daxili istehsalı artırmaq üçün sahibkarlara yönəlik bir sıra stimullaşdırıcı addımlar atılmalıdır: "Məbləği 50 min manata qədər olan kreditləri Sahibkarlıq Fondundan xırda və orta fermerlərə heç bir girov təmin etmədən, maksimum 2-3 faizlə, güzəşt müddətini 5 ilə, kreditlərin qaytarılması dövrünü 15 ilə qədər artırmaqla, heyvandarlıq və meyvə-tərəvəz məhsullarına zəmanətli alış qiymətləri tətbiq etməklə qısa müddətdə daxili istehsalı tələbatı ödəyə biləcək həddə qədər inkişaf etdirmək mümkündür". Rövşən Ağayev onu da deyib ki, hökumət yüksək gömrük rüsumlarını mövsümi tətbiq etməlidir: "Məsələn, meyvə-tərəvəz üçün rüsumlar iyunun 15-dən noyabrın 1-dək tətbiq edilə, qış-yaz aylarında dayandırıla bilər. Məlumat üçün deyim ki, hazırda qonşu Rusiyada da mövsümi rüsumlar (ilin müəyyən aylaırnda) tətbiqi təcrübəsi var. Məsələn, meyvənin hər kq-ı üçün 0.12 avro, süd məhsullarının hər kq-ı üçün 0.29-0.35 avro. Hətta Rusiyanın Dünya Ticarət Təşkilatı qarşısında götürdüyü öhdəlikər çərçivəsində bu rüsumların tətbiqi qüvvəsini saxlayır. Gürcüstanda isə tamam fərqli yanaşma tətbiq edilir. Ölkə daxilində tələbatı ödəyə biləcək səviyyədə istehsalı mümkün olan məhsullar üçün 12 faiz idxal rüsumu tətbiq edilir. Lakin o məhsulların ki, istehsalı ya mümkün deyil, yaxud tələbatı ödəyəcək səviyyədə potensial yoxdu, yaxud həmin məhsullara idxal rüsümu "0" dərəcə ilə tətbiq olunur".
Süleyman