150 yaşlı mənəvi yol

Noyabrın 6-da Azərbaycan Milli Radiosunun yaranmasının 90, Milli Televiziyanın yaranmasının isə 60 ili tamam olur. Heç kimə sirr deyil ki, ötən bu müddət ərzində həm milli radiomuz, həm də televiziyamız Azərbaycanın ictimai-siyasi və mədəni həyatında özünəməxsus rol oynayıb. Sirr deyil ki, hər bir xalqın ictimai, siyasi, mədəni həyata inteqrasiyası birbaşa maarifləndirilmə ilə əlaqədar olduğundan, milli mətbuatın, ümumiyyətlə kütləvi informasiya vasitələrinin bu istiqamətdə rolu əvəzsisdir. Elə Azərbaycan radiosunun 1926-cı ilin 6 noyabr tarixi də xalqın ictimai-fikir tarixində əvəzsiz zamana çevrilib. Məlumdur ki, radio və televiziya öz spesifik xüsusiyyətlərinə görə, kütləvi informasiya vasitələri sırasında xüsusi rola malikdir. Təsadüfi deyil ki, bir sıra spesifik xüsusiyyətləri özündə cəmləşdirən, cəmiyyətin informasiya təminatçısı rolunda çıxış edən radio və televiziya yenə də ön sıralarda gedir. 

Noyabrın 6-da Azərbaycan Milli Radiosunun yaranmasının 90, Milli Televiziyanın yaranmasının isə 60 ili tamam olur. Heç kimə sirr deyil ki, ötən bu müddət ərzində həm milli radiomuz, həm də televiziyamız Azərbaycanın ictimai-siyasi və mədəni həyatında özünəməxsus rol oynayıb. Sirr deyil ki, hər bir xalqın ictimai, siyasi, mədəni həyata inteqrasiyası birbaşa maarifləndirilmə ilə əlaqədar olduğundan, milli mətbuatın, ümumiyyətlə kütləvi informasiya vasitələrinin bu istiqamətdə rolu əvəzsisdir. Elə Azərbaycan radiosunun 1926-cı ilin 6 noyabr tarixi də xalqın ictimai-fikir tarixində əvəzsiz zamana çevrilib. Məlumdur ki, radio və televiziya öz spesifik xüsusiyyətlərinə görə, kütləvi informasiya vasitələri sırasında xüsusi rola malikdir. Təsadüfi deyil ki, bir sıra spesifik xüsusiyyətləri özündə cəmləşdirən, cəmiyyətin informasiya təminatçısı rolunda çıxış edən radio və televiziya yenə də ön sıralarda gedir. 

Radionun cəmiyyətdəki rolu danılmzadır

"Danışan qutu"nun kəşfi insanların yeni eraya qədəm qoymasına səbəb oldu. Artıq uzaq məsafədən danışılanı eşitmək, xəbərlər almaq, əlaqə saxlamaq mümkün oldu. Tanınmış jurnalist Nəzakət Ələddinqızı deyir ki, Azərbaycanda XX əsrin ən möhtəşəm kəşflərindən olan və hər gün insanlarla ünsiyyət yaradan, cəmiyyət həyatında əvəzsiz yer tutan radio bir əsrə yaxın bir məsafədə informasiya liderliyini qoruyub-saxlaya bilib. Dünya dəyişir, yenilənir, amma xalqın maarifləndirilməsi, əxlaqi-estetik tərbiyəsi, məlumatlandırılması kimi təməl prinsiplərini fəaliyyət məqsədinə çevirən radio istənilən məkanda dinləyicilərin dostu olaraq, hər nəslin müasirinə çevrilir. İstənilən bir yeniliyi, informasiyanı, dünya panoramasını bir neçə dəqiqə ərzində cəmiyyətə ötürərək, onun informasiyaya olan tələbatını ödəyir. Bu gün radionun bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir. Müxtəlif məzmunlu proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə, ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır. Geniş dinləyici auditoriyası toplayan Azərbaycan radiosu ölkə qanunvericiliyinə əsaslanaraq informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyünü əsas tutur. Yeni dolğun xəbərlərlə xalqımızı məlumatlandırır, hər hansı hadisəyə qərəzli, öz şəxsi mənafeyi baxımından yanaşmır. 
       Cəmiyyət, ictimaiyyət arasında radioda, televiziyada çalışan adamlara xüsusi diqqət və ehtiram göstərildiyini heç kəs dana bilməz. Təbii ki, söhbət əsl peşəkarlardan və sənətkarlardan gedir. Təkcə bu fakta görə radio və televiziyaya bütöv bir ömür həsr etməyə dəyərmiş. Kimlər gəlib, kimlər gedib bizim radio adlı məbəddən. Radionun ilk azərbaycanlı diktorları Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov və Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olublar. Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişirlər. Radioya peşəkar mütəxəssilərin yol açması Azərbaycan radiosunun gündəlik verilişlərinin həcminin artmasına gətirib çıxarır. İlk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak edirdilər. Bədii və musiqili verilişlərin müəllifləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov kimi Azərbaycan mədəniyyətində yeri və çəkisi olan sənətkarlar olur. Qısa məsafədə radionun dinləyici auditoriyası da genişlənir və Bakıda 35 kilovat gücündə yeni radio stansiyasının işə salınması ilə Azərbaycan radiosunun verilişləri Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidilir. 1940-cı ilin sonunda ölkə ərazisində radio nöqtələrinin sayı 51 minə çatır. 32 rayonda yerli radio verilişləri redaksiyaları fəaliyyətə başlayır. Radionun yaxın keçmişinə yazılan tarixi də onun prinsipial mövqedən çıxış etdiyini bir daha göstərir. 1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio Azərbaycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-cı ilin yanvarında özünü daha da qabarıq şəkildə göstərdi. Sovet imperiyası təkcə xalqı deyil, həm də Azərbaycan radiosunu susdurmağa cəhd etdi. Mənbələrdə yazılır:" ...Televiziyanın enerji blokunu partladıb sıradan çıxarmaqla yanaşı, radionun əməkdaşları da efirdən uzaqlaşdırılır. Radioda hərbi senzor fəaliyyət göstərirdi. Matəm içində olan ölkəmizə komendantın həqiqətdən tamamilə uzaq, iftira dolu məlumatlar ötürülürdü. Lakin həmin faciəli günlərdə Azrəbaycan radiosunun xaricə yayım redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdıra bildi". Dövlət müstəqilliyinin əldə edilməsi radionun qarşısında duran vəzifələri kökündən dəyişdirdi. Radioda cəmiyyətlə sıx və açıq ünsiyyətə girmək meyilərini gücləndirən proqramlara üstünlük verildi. İndi isə Milli Radiomuz öz rəngarəng verilişləri ilə informasiya liderliyini qoruyub saxlayır.

Həftədə 2 saatdan rəqəmsal yayıma qədər keçilən yol

Zamanca qısa, fəaliyyət və ömür yolu mənasında xeyli uzun olan 60 yaşlı televiziyamızın da xalq tərəfindən sevilə-sevilə izlənildiyi heç kimə sirr deyil. Milli telrviziyamız həm də özünü, sözünü bilən insanların qürur yeridir, fəxr etdiyi ikinci, bəlkə də birinci evləridir. Etiraf edilməlidir ki, Azərbaycan televiziyası ötən 60 il ərzində Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük rol oynayıb. 1926-cı ildə Bakıda Şərqin ilk radio verilişləri stansiyasının fəaliyyət başlamasından düz 30 il sonra- 1956-cı il fevralın 14-də Bakı Televiziya Studiyası fəaliyyətə başladı. Bu televiziya da Şərqdə ilk idi. Bu, Stalin rejimindən qurtuluş tapan sovet cəmiyyətində aşkarlığın rüşeymlərinin yenicə yaranan dövrünə təsadüf edirdi. Lakin bütün maneələri dəf edən Azərbaycan televiziyası millətə və dövlətə xidmət etməkdı davam edirdi. Beləliklə zamanın amansız sınaqlardan alnı açıq, üzü ağ çıxan Bakı televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində - Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. Ilk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Sonra ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi. Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. Ilk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdi. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu. 1957-ci ildən Azərbaycan Televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı.70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-cı ilin yanvarından isə televiziyamız 24 saatlıq fasiləsiz yayıma keçdi. 1956-cı ildə Bakı Televiziya Studiyası və Radioinformasiya İdarəsi ayrılıqda fəaliyyət göstərirdi. 1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu aldı,1991-ci ildə isə komitə şirkətə çevrildi. 1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi. O zaman qüllənin vasitəsilə ötürülən verilişlərə yalnız paytaxtda və onun ətrafında baxmaq mümkün idi. Hazırda Azərbaycan Televiziyasının yayımladığı verilişlərə tamaşaçılar nəinki vətənimizin hər bir şəhər və kəndində, ən ucqar yerlərində, həmçinin dünyanın bir çox ölkələrində də baxa bilirlər. 2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. Bu məqsədlə "Teleradio" Istehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal TV - Up-link stansiyasını quraşdırdılar. İndi Azərbaycan Televiziyasının verilişləri həmin stansiyadan Avropaya "Hot Bird" və "SESAT", Şimali Amerikaya "Galaxy 25", Asiyaya "Turksat 1C" peykləri vasitəsilə yayılır. Təsadüfi deyil ki, 2007-ci ildə Avropaya yayımın texniki göstəricilərinə görə Azərbaycan Televiziyası "Avropa keyfiyyəti" medalına layiq görülmüşdür. Hazırda Azərbaycan Televiziyası fəaliyyətini rəqəmsal yayımla davam etdirir. Qeyd etmək lazımdır ki, Azərbaycan Radiosu və Televiziyası layiqli yol keçib, xalqımızın zəngin mədəniyyətinin dünyaya çatdırılması, cəmiyyətin maarifləndirilməsi, elmin, təhsilin, humanist dəyərlərin təbliği üçün böyük əmək sərf edib, bu gün də öz ənənəsinə sadiqdir. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31