Xaçmazda vətənpərvərlik mövzusunda tədbir keçirilib
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini Xaçmaz rayonunda 2 saylı Uşaq bağçasında keçirib.
2 Noyabr 2016 18:07 SosialAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi" layihəsi çərçivəsində növbəti tədbirini Xaçmaz rayonunda 2 saylı Uşaq bağçasında keçirib. Mərkəzdən "OLAYLAR"-a bildirilib ki, tədbiri açan ADİİM sədri Cavid Şahverdiyev layihə barədə qısa məlumat verib. O, bildirib ki, Vətən üçün gözümüzü belə qırpmadan ölümə getməyə hər an, hər dəqiqə hazır olmağı da uşaqlara öyrətmək lazımdır. Layihənin eksperti Ramin Mahmudov isə çıxışında qeyd edib ki, uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməlidirlər. Daha sonra uşaqlar vətənpərvərliklə bağlı şeirlər söyləyiblər, himn oxuyublar. Bağçanın müdiri və tərbiyəçi müəllimlərin fikirləri dinlənilib.