Qatil ərlər- Hardasınız Köhnə Kişilər?
Mən orta məktəbdə oxuyanda qonşu kənddə bir hadisə baş vermişdi. Dörd uşaq atası olan kişi arvadını öldürmüşdü. Səbəb də qadının ədəbsiz sözlərlə ərini hövsələdən çıxarması olmuşdu. Kəndin kənarında ot biçən ərinə günorta yeməyi aparan qadın ehtiyatsızlıqdan termosdakı isti çayı kiçinin üstünə töküb. Bundan hirslənən kişi arvadına bir şillə vurub. Qadın da ərinə qarğış edib. Bir qədər susan kişi görür ki, arvad susmur, səsini daha da yüksəyə qaldırır, qarğışlara dözməyib, ot biçdiyi kərənti ilə onu öldürüb.
1 Noyabr 2016 14:29 SosialHardasınız Köhnə Kişilər?
Züleyxa Nadir
Mən orta məktəbdə oxuyanda qonşu kənddə bir hadisə baş vermişdi. Dörd uşaq atası olan kişi arvadını öldürmüşdü. Səbəb də qadının ədəbsiz sözlərlə ərini hövsələdən çıxarması olmuşdu. Kəndin kənarında ot biçən ərinə günorta yeməyi aparan qadın ehtiyatsızlıqdan termosdakı isti çayı kiçinin üstünə töküb. Bundan hirslənən kişi arvadına bir şillə vurub. Qadın da ərinə qarğış edib. Bir qədər susan kişi görür ki, arvad susmur, səsini daha da yüksəyə qaldırır, qarğışlara dözməyib, ot biçdiyi kərənti ilə onu öldürüb.
Hadisə sürətlə ətraf kəndlərə yayıldı. Hamı kişini qınayırdı. Millət təəccüb və heyrət içində idi: kişi də heç nədən arvadını öldürərmi? Günlərlə, aylarla ailələrdə, evlərdə mövzu oldu. Hətta biz də məktəbdə əsas mövzu kimi tənəffüsdə, yolda, məktəbə-gedib gələndə danışırdıq, müzakirə edirdik. Suallar verirdik müəllimə ki, filankəs dayı (adını unutmuşam) həyat yoldaşını niyə öldürüb, necə qıyıb?
Kişini həbs etdilər, 15 il cəza verildi, oğlanları kənddən qaçdılar. Kəndin arasında baş qaldırıb gəzə bilməyən iki oğul camaatın qınağına, eləcə də analarının ölümünə dözə bilməyərək Rusiyaya getdilər. Sonralar eşitdim ki, kişi də həbsxanadan dönməyib. Xəcalətdən, peşimançılıqdan, dərddən, xiffətdən vərəmləyib ölüb.
Neçə gündü başımda belə bir sual dolanır: kişilər həyat yoldaşlarını niyə öldürürlər? Yüz cür cavab tapıram, min cür fikir bildirirəm. Amma yenə də doğru-dürüst, əsaslı bir səbəb tapa bilmirəm. Dönüb-dolanıb uşaqlığımda eşitdiyim həmin hadisənin üstündə dayanıram. Və o hadisə yaddaşımı silkələyir.
O zamanlar yüzdə-mində baş verən həmin faciə aylarla, bəlkə də illərlə insanların dilindən düşmədi. Beş-üç qadın bir yerə toplaşanda, eləcə də dəlləkxanada üzünü-başını qırxdıran, çayxanada çay içən kişilər günün əsas mövzusu kimi faciəyə fikir bildirir, indiki dillə desək, ictimai qınaq sərgiləyirdilər.
Məhz həmin o qınaq 60-70-ci illərin insanlarına təsir edirdi. Hər kəs özünü yığışdırırdı. "El-obadan ayıbdı", "qohum-qonşu nə deyər?", "adam arasına çıxa bilmərik", "uşaqların üzünə baxa bilmərik" düşüncəsi ilə kişilər naqis hərəkətlərinə, dözülməz davranışlarına bir hədd qoyurdular.
Amma indi tamam dəyişib. Nəinki şəxsi və ictimai qınaq, heç həbsxana qorxusu da kişiləri çəkindirmir. Qətl törədən kişi "gedərəm türmədə yataram, srokum bitəndən sonra da dönərəm" deyə hərəkətinə, sanki, haqq qazandırmaqdan çox, özünü qəhrəman kimi aparmağa bənzəyir. Belə "qəhrəmanlıq" çox iyrəncdi.
Dünya yaranandan insan insanı öldürür, insan insanın ətini yeyir - ya zorakılıqla, ya da düşməncəsinə. Amma qadın ali varlıqdırsa bu, qəbuledilən deyil. Qadın zərif, incə, üstəlik də zəifdirsə, heç toxunulmamalıdır. Qadının "toxunulmazlıq statusu" Allahdan gəlir və ANA adı ilə "möhürlənir".
Bir çiçəyin ləçəyi qopub yerə düşəndə zərifdi, incədi deyə tapdalamırıq, ən azı, götürüb kənara qoyuruq. Hətta qanqal kimi tikanlı bitkinin çiçəyini belə əzizləyirik, gözəlliyindən zövq alırıq. Yəni qadın - ANA qanqal qədərmi olmadı? Sual dəhşətlidir, deyilmi?
Qadın zəifliyi haqqında fikir məhz kişilər tərəfindən irəli sürülüb. Zəifləri öldürən də elə kişilərdi. Onlar sözün daha geniş mənasında cinayətkara çevrilirlər. Cinayətkar, qatil təkcə baş kəsənə, qan tökənə deyilmir ki? Qadının haqqını yemək, hüququnu tapdalamaq, ona ikinci
dərəcəli varlıq kimi baxmaq, az qala evdəki lazımsız əşya qədər dəyər verməmək - bu, qadının fiziki ölümündən betərdi. O qadın ki, kişidən daha güclüdü, dözümlüdü, səbrlidi. Kişinin bütün naqisliklərinə dözəndi. Kişi isə qadında balaca bir nöqsan görəndə ən yaxşı halda döyür, ən pis halda isə öldürür.
Hər gün ölkədə qadınlar öldürülür, ərlər qatil olur. Halbuki "ər", "ərən" sözü igidlik, kişilik rəmzi kimi tarixin dərin qatlarından bu günə boylanır. Amma bizim azərbaycanlı kişilər bu sözü qətlə yetirdiyi həyat yoldaşının qanı ilə qıpqırmızı boyayıb utanc rənginə çevirirlər.
Qəbələdə baş verən hadisə son iki-üç gündə cəmiyyətdə çox müzakirə olundu. Müxtəlif fikirlər, rəylər, cürbəcür yanaşmalar, haqlı-haqsız iradlar sərgiləndi. Qəbul etdiyim də oldu, etmədiyim də. Hadisənin təfərrüatına və söylənilənlərə toxunmadan o fikirlə razılaşıram ki, qadınların qətlə yetirilməsinin ən gözəçarpan tərəfi onun cahilliyi, savadsızlığı, nadan kişinin əlində əsir-yesir olmasıdı. Qadın, ən azı, bilməlidir ki, ərinə tabe olmağın da müəyyən dərəcəsi var. O dərəcəni keçərsə faciə qaçılmazdı. Söhbət normal qadından gedir.
Elmi-texniki tərəqqinin belə sürətlə inkişaf etdiyi bir zamanda qadın niyə təhsil almasın ki? Valideynlər qızlarının universitetdə oxumasına niyə etiraz etsin ki? 17-18 yaşından ərə gedib tez-tələsik 3-5 uşaq doğmaq nəyə hesablanır? Tək cavab budu: zəmanənin üstünlükərinə baxan gözlər kor, beyinlər yuxuludu.
Qapısına elçi göndərib ədəb-ərkanla toy edib evinə gəlin gətirən oğlanların dümağ, tərtəmiz sevgisi 5-10 il sonra qapqara, kömür rənginə dönür. Qaradan tünd boyamı var? Ölümün də rəngi qaradı...
Uşaqlarının anasını öldürən kişi utanmır. Bu duyğunun ağırlığının necə dözülməz olduğunu hiss etmir, sanki daşdı. Həyat yoldaşını öldürən qatil ərlərin yerinə tarixin ötən illərində qalan ər kişilərin, ərən oğulların ruhu xəcalət çəkir, utanır.
Hardasınız, Köhnə Kişilər?