Dini radikalizmlə mübarizə sərtləşdirilir

Milli Məclisin son plenar iclasında dini ekstremizmə qarşı mübarizə üzrə dəyişikliklər paketi təsdiq edilib. Konkret olaraq “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər ekstremist fəaliyyət aparan dini qurumların ləğvini nəzərdə tutur.

Deputat: "Ekstremistləri maliyyələşdirən şəxslər daha təhlükəlidir"
 

Milli Məclisin son plenar iclasında dini ekstremizmə qarşı mübarizə üzrə dəyişikliklər paketi təsdiq edilib. Konkret olaraq "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər ekstremist fəaliyyət aparan dini qurumların ləğvini nəzərdə tutur. Bundan başqa, parlament dini ekstremistlərə qarşı xüsusi əməliyyat həyata keçirən hüquq-mühafizə orqanlarının əməliyyat yerində jurnalistlərin fəaliyyətinə nəzarət etmək hüququna malik olması, əməliyyat haqqında məlumatın forma və həcmini müəyyən etmək, əməliyyat ərazisinə gedən yolları bağlamaq və elektrik enerjisi, su, qaz verilməsini dayandırmaq hüququna malik olması barədə müxtəlif qanunlara düzəlişləri qəbul edib. Belə ki, Cinayət Məcəlləsinə "Dini etiqad azadlığı haqqında" qanunun müddəalarının pozulmasına görə məsuliyyət tədbirlərinin sərtləşdirilməsini nəzərdə tutan əlavələri və düzəlişləri də qəbul edib. Sənədə görə, Cinayət Məcəlləsində 278.2-ci maddə əlavə olunub. Bu maddəyə görə, dini düşmənçilik, dini radikalizm və fanatizm zəminində hakimiyyətin ələ keçirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün bölünməsinə yönələn hərəkətlərə görə 15 ildən 20 ilədək həbs cəzası və ya ömürlük həbs cəzası nəzərdə tutulur. Cinayət Məcəlləsinə 167-1.4-cü maddə əlavə edilib. Bu maddəyə görə, dini düşmənçilik, dini radikalizm və fanatizm zəminində hər hansı dinə (dini cərəyana) etiqada, o cümlədən dini ayinlərin və mərasimlərin icrasına və ya dini ayinlərdə və mərasimlərdə iştiraka məcbur edən şəxslər 7-9 min manat həcmində cərimə olunacaq və ya 2 ildən 5 ilədək azadlıqdam məhrum ediləcək. Düzəlişlər həmçinin dini ekstremizmə çağırışa dair materialların hazırlanması, saxlanması və yayılmasına görə 8 -11 min manat həcmində cərimə və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Lakin sözügedən dəyişikliklər ətrafında müxtəlif fikirlər səslənməkdədir. Maraqlıdır, qanunvericilikdə edilən dəyişiklikləri nə dərəcədə səmərəli hesab etmək olar?
Parlamentin dini qurumlar və ictimai birliklər üzrə komitəsinin sədri Siyavuş Novruzov deyib ki, müxtəlif vaxtlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müxtəlif rəhbərləri "öz maraqlarına xidmət edərək" 719 dini icmanı qeydiyyata alıb. Dəyişikliklər paketində idə söhbət ekstremist fəaliyyəti ilə məşğul olan təşkilatların bağlanmasından gedir. Deputat Elmira Axundova isə ekstremist dini qrupları maliyyələşdirən şəxslər barəsində cəzaların sərtləşdirməsinin tərəfdar olduğunu bildirib. Onun fikrincə, bu qrupların həm iştirakçısı, həm də onları maliyyələşdirən şəxs üçün eyni cəzanın - 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulması doğru deyil. Çünki, ekstremistləri maliyyələşdirən şəxs daha təhlükəlidir. E.Axundova bildirib ki, dini radikalizm,dini fanatizmlə əlaqəli bir çox qanunlara dəyişikliyin müzakirəyə çıxarılması günün tələbidir: "Dünyada və regionda baş verən proseslər fonunda bu addımların atılması, dini radikalizmlə mübarizənin sərtləşdirilməsi labüddür.Əgər yadınızdadırsa, biz hələ bir müddət əvvəl ictimai yerlərə girişlərin, yəni metro, teatr, ali məktəb, ticarət mərkəzlərinin metalaxtaran qurğularla təchiz olunmasını təklif etmişdik. Tədricən bu proses bəzi ictimai yerlərdə başlayıb. Yenə təkrar edirəm ki, qanunvericilikdə edilən dəyişikliklərlə yanaşı qeyd etdiyim həmin məsələnin daha sürəltə icrasına başlamaq lazımdır". Deputat dəyişiklikləri sözsüz dəstəklədiyini vurğulayıb: "Amma bununla belə bir sıra təkliflərimi də qeyd etmək istərdim. İlk olaraq Cinayət Məcəlləsinin 167-1.4-cü maddəsinə toxunaq. Burada qeyd olunur: "Bu Məcəllənin 167-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə 7 min manatdan 9 min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır". Hesab edirəm ki, bu cür əməllərdə alternativ cəzaların nəzərdə tutulması doğru deyil. Yəni bu əməllərə görə birbaşa azadlıqdan məhrumetmə cəzası tətbiq edilməlidir. Necə ki, 167-1.5-ci maddədə bu əməllərin maliyyələşdirilməsinə görə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur və alternativ cəza yoxdur. Qeyd etmək istədiyim digər məsələ 279.1-1.ci maddə ilə bağlıdır. Həmin maddəyə əsasən "dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində bu məcəllənin 279.1-ci maddəsində nəzərdə tutulan silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştirak etmə altı ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır". Bəs həmin birləşmə və ya qrupları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatlarla təchiz etmə, yaxud bu birləşmələrin yaradılmasında birbaşa iştirak etməsə də, daha sonradan həmin birləşmələri maliyyələşdirənlərə qarşı hansı sanksiyalar nəzərdə tutulacaq? Çox istərdim ki, Cinayət Məcəlləsində bu məsələyə də diqqət ayrılsın və daha ağır cəzalar nəzərdə tutulsun. Çünki bu cür dini radikalizmin kökündə dayanan məhz maliyyə məsələləridir. Biz ilk növbədə bu maliyyə axınının qarşısını almalıyıq. 283.1-1-ci maddəyə görə 283.1-ci maddədə nəzərdə tutulmuş əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 283.3-cü maddəyə əsasən də bunların maliyyələşdirilməsinə görə 3 ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma nəzərdə tutulur. Mən hesab edirəm ki, maliyyələşdirmə dini radikalizmdə ən əsas faktordur, buna görə də daha sərt şəkildə cəzalandırılmalıdır. Qısacası 283.3-cü maddədə daha ağır cəzanın tətbiq olunmasını təklif edərdim".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31