Bakıda Şəhriyarın 110 illik yubileyi qeyd edilib

Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbir nazirliyin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə reallaşıb. Yubiley tədbirində şairin həyatından bəhs edən videoçarx nümayiş olunub. AYB-nin sədri, Xalq Yazıçısı Anar tədbirdə böyük söz ustadının yaradıcılığından söhbət açıb. Bildirib ki, şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük xidmətləri olan Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqının güvənc yeri olub. O, klassik şeirin bütün şəkillərinə müraciət edib, ölməz sənət inciləri yaradıb. Tədbirdə çıxış edən Mili Məclisin deputatı Qənirə Paşayeva Şəhriyarın bütün türk dünyasının şairi olduğunu söyləyib. O, ümumxalq məhəbbəti qazanmış şairin qələmindən çıxan şeirlərin, poemaların bədii qüdrəti ilə Azərbaycanın və dünya oxucusunun qəlbini həyəcana gətirdiyini, dillərdə əzbər olduğunu bildirib. Sonda ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə Mədəniyyət və Turizm Nazirliyinin və AYB-nin təsis etdiyi "Şəhriyar" ədəbi diplomu hədiyyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31