Elçin Hüseynbəyli yazır... Milli heyvan üstə dalaşdılar
Elçin Hüseynbəyli Milli heyvan üstə dalaşdılar Baməzə dostum yadınızdadır da. İndi onun növbəti əhvalatını sizə danışacam: -Bir dəstə şair idik, özümüz də yaxşı yeyib-içmişik. Kefimiz saz, damağımız çax mindik avtobusa. Bir də baxıb gördüm ki, sürücü pəncərəyə belə bir şüar yapışdırıb: “Buranı zibilləyən donuzdur!” Aramızda bir şair də var, çox cırtqozdur, özündən çıxandır. Milli məsələlərə həssasdır. Onu dürtmələyib dedim ki, “bu nə biabırçılıqdı: “donuz” niyə, bizim milli heyvanlarımıza nəgəlb? Məsələn, donuz yerinə yazaydı “qoyun, ya eşşək!” Bu söz onun ağlına batdı və cumdu sürücünün üstünə ki, tez elə o xəbərdarlığı çıxart və donuzu qoyunla əvəz elə! Sürücü də qayıtdı ki, “qərdeş olmaz, qoyun qurbanluqdur, onun adını yazmaq kafirlik olar!”
28 Oktyabr 2016 14:38 SosialElçin Hüseynbəyli
Milli heyvan üstə dalaşdılar
Baməzə dostum yadınızdadır da. İndi onun növbəti əhvalatını sizə danışacam:
-Bir dəstə şair idik, özümüz də yaxşı yeyib-içmişik. Kefimiz saz, damağımız çax mindik avtobusa. Bir də baxıb gördüm ki, sürücü pəncərəyə belə bir şüar yapışdırıb: "Buranı zibilləyən donuzdur!" Aramızda bir şair də var, çox cırtqozdur, özündən çıxandır. Milli məsələlərə həssasdır. Onu dürtmələyib dedim ki, "bu nə biabırçılıqdı: "donuz" niyə, bizim milli heyvanlarımıza nəgəlb? Məsələn, donuz yerinə yazaydı "qoyun, ya eşşək!" Bu söz onun ağlına batdı və cumdu sürücünün üstünə ki, tez elə o xəbərdarlığı çıxart və donuzu qoyunla əvəz elə! Sürücü də qayıtdı ki, "qərdeş olmaz, qoyun qurbanluqdur, onun adını yazmaq kafirlik olar!"
O dedi, bu dedi, axırı əlbəyaxa oldular, onları güclə ayırdıq. Şair dostumuz sürücünü hədələdi ki, onu məhkəməyə verəcək.
Bir-iki gündən sonra şair dostumuz bizə zəng edib, polis idarəsinə çağırdı. Sən demə, idarədəki vəzifəlilərdən biri onun qohumudur və sürücüdən ona şikayət edib, sürücünü də tutub gətiriblər ora. Qardaş (dostum bu yerdə əlini-əlinə vurub qəşş edir), elə bil bu sürücü həmənki sürücü deyildi, şir-nərliyindən əsər-əlamət qalmamışdı və yazıq-yazıq üzümüzə baxırdı. Biz də çaşıb qalmışdıq, hadisənin bu cür başa çatacağına inanmırdıq.
Sürücü bizə yalvarıb-yaxardı ki, şair dostumuz şikayətini geri götürsün. Bu gündən o, həmin şüarı cırıb atacaq, istəsələr, donuzun yerinə öz milli heyvanlarımızdan birinin adını yazar, donuz olmasın, eşşək olsun, ya qoyun olsun. Dedi ki, kasıb adamdı, bir bölük külfəti var. İki gündür onu reysə buraxmırlar, polislər də bir tərəfdən onu incidir.
Şair dostumuza yalvarıb-yaxardıq ki, şikayətini geri götürsün, o razılaşmadı, onda bizim hər üçümüz polisə izahat yazdıq ki, hadisənin şahidi biz olmuşuq, günah sürücüdə yox, bizdədir. Şair dostumuzu biz qızışdırıb sürücünün üstünə salmışıq. Yalnız bundan sonra sürücü "az xəsarətlə" azadlığa buraxıldı.
Ondan sonra qərara gəldim ki, şair dostumuzla bir də belə mövzularda, xüsusən də milli heyvan mövzusunda söhbət eləməyim. Az qalmışdıq, kasıb bir adamı havayı yerə bada verək...
Məzəniz olsun!
Oktyabrın üçüncü ongünlüyü, 2016