Yeni qanun cadugərləri sıradan çıxara biləcəkmi?

Uzun müddətdən bəri müzakirəsi aparılan “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəsinə start verilib.

Psixoloq: "İnanmıram ki, evlərdə adamları qəbul edən ekstrasens və ya cadugərlərin fəaliyyəti tam məhdudlaşdırılsın"
 

Uzun müddətdən bəri müzakirəsi aparılan "Psixoloji yardım haqqında" qanun layihəsinin müzakirəsinə start verilib. Milli Məclisin səiyyə komitəsi artıq sənədin ilkin variantını parlament müzakirəsinə təqdim edib. Xatırladaq ki, 7 fəsil 23 maddədən ibarət olan qanun layihəsində psixoloji yardımla bağlı qaydalar, tələblər, şərtlər və bundan irəli gələn məsuliyyət növləri göstərilir. Qanun layihəsində psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, psixoloji yardım göstərilməsi sahəsində münasibətləri tənzimləyir. Layihəyə əsasən, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixoloji yardım üzrə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edirlər. Sənədə əsasən psixoloji yardımın növlərinə psixoloji məsləhət, psixoloji korreksiya, psixoloji proflaktika daxilsir. Dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir. Psixoloji yardım alan şəxslərin arzusu ilə ona anonim yardım göstərilə bilər. Mülkiyyət növündən asılı olmayaraq istənilən səhiyyə müəssisələrində psixoloji yardımın göstərilməsi ilə təhsili klinik psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan mütəxəssislər məşğul ola bilərlər. Bəs, sözügedən qanunun qəbulu ölkə vətəndaşlarına nə verəcək? 
Millət vəkili, parlamentin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, bu qanunun qəbulu ilə Azərbaycanda vətəndaşlar pulsuz psixoloji yardım almaq imkanı əldə edəcəklər. M. Quliyev deyib ki, aşağıdakı hallarda vətəndaş pulsuz psixoloji yardım almaq hüququ əldə edəcək. "Belə ki, məktəbəqədər, orta təhsil müəssisələrində təhsil alanlar, həbs edilmiş şəxslər, penitensiar müəssisələrdə cəza çəkən şəxslərə və ya cəza çəkmədən azad edilən və psixoloji yardıma ehtiyacə olanlara, fövqəladə hallar zamanı zərər çəkmiş şəxslərə, onların ailə üzvlərinə, habelə fövqəladə halların aradan qaldırılmasında iştirak edən şəxslərə, peşə fəaliyyəti yüksək təhlükə mənbəyi olanlar, əlilliyi olan şəxslər, sosial inteqrasiya və reablitasiya zamanı, onların ailə üzvləri və qanunvericiliklə nəzərdə tutulan digər qrupa aid şəxslər pulsuz psixolji yardım ala biləcəklər". Ödənişli psixoloji yardıma gəldikdə isə millət vəkili bildirib ki, psixoloji yardım alanla psixoloq və ya psixoloqun fəaliyyət göstərdiyi müəssisə arasında bağlanan müqavilə əsasında ödənişli psixoloji yardım göstərilir. Bundan əlavə olaraq psixoloji yardımın qısamüddətli növləri icbarı tibbi sığorta paketinə daxil olacaq.
Təhsil Nazirliynin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Həbib Kərimov isə deyib ki, müəllimlər və polislər psixoloji yardıma cəlb olunmalıdır. Onun sözlərinə görə, polislər əməliyyat öncəsi, hər hansı cinayətkar dəstənin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat keçirilməzdən öncə və sonra onlara mütləq psixoloji yardım göstərilməlidir. "Çünki əməliyyat zamanı bir sıra psixolji problem yarana bilər və yaxud əməliyatdan sonra polis yoldaşı yaralananda və ya itirdikdə ciddi psixoloji problemlərlə üzləşirlər. Ona görə də belə əməliyyatdan öncə və sonra bu yardımlar edilməlidir və bu məsələ qanunda öz əksini tapmalıdır. Belə bir hal fövqəladə hallar orqanında çalışan əməkdaşlar üçün də nəzərdə tutulmalıdır. H. Kərimov əlavə edib ki, layihədə psixoloji yradım təkcə orta təhsil müəssisələrində oxuyanlar üçün deyil, eyni zamanda məktəbəqədər, peşə, orta ixtisas və ali təhsil ocaqlarında da nəzrdə tutulmalıdır. "Mən deməzdim ki, təkcə təhsil ocaqlarına təhsil alanlar psixoloji yardım alamalıdır, eyni zamanda burada çalışan müəllimlər, həmçinin valideynlər də psixoloji yardıma cəlb edilməlidir". H.Kərimov onu da bildirdi ki, müəllimlərin qiymətləndirilməsi zamanı artıq onların psixoloji hazırlıq səviyyəsi yoxlanılır. 
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov deyib ki, ali təhsil ocaqlarında psixoloqların yetişdirilməsinə ciddi nəzartə etmək lazımdır. "Bu gün bakalavr dərəcəsində psixoloq olmayanlar magistratura təhsilində psixoloq ixtisasını seçirlər. Bu yolverilməzdir. Çünki bu sonda ciddi problemlərə yol açır. Daha dəqiq, qeyri-peşəkar mütəxəssis ordusunun yetişməsinə şərait yaradır. Ümumiyyətlə bu sahədə ixtisaslaşmaya nəzarəti gücləndirmək lazımdır".
Psixoloq Ramil Nəcəfli qeyd edib ki, bu sahə özəl biznesdir. Savadlı ya savadsız hər kəs biznes strukturu yaradıb qanuni şəkildə öz xidmətini təklif edə bilər: "Effektivlikdən asılı olaraq həmin müəssisələrə müraciətlər artıb-azala bilər. İşin qanuni tərəfini tənzimləyən dövlət strukturları var. İcra mexanizmləri işlənməlidir. Ancaq necə etsələr də bir çoxları evlərdə xəstə, pasient qəbul edir. İnanmıram ki, evlərdə adamları qəbul edən ekstrasens və ya cadugərlərin fəaliyyətini tam məhdudlaşdıra bilsinlər. O ki, qaldı psixoloqlara onlar evdə qəbul etmirlər. Çünki adamlar psixoloqun evdə qəbul etməsinə pis baxır. Ancaq cadugərin, falcının evdə seans aparmasına normal yanaşır. Psixoloqlar, savadlısı və ya savadsızı, pasienti hamısı ya klinikalarda, ya da psixoloji mərkəzlərdə qəbul edir".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31