Xroniki tıxac xəstəliyi
Paytaxtın ən böyük problemlərindən biri tıxaclardır. İllərdi avtomobil tıxacları xroniki qrip xəstəliyi kimi hopub Bakının küçələrinə, xilas olmaq mümkün deyil. Bakı yollarını artıq bunsuz təsəvvür etmək olmur. Hərdən fikirləşirəm ki, maşallah, xalqımızın gün-güzəranı, dolanışığı deyəsən, çox yaxşıdır. Çünki şəhərimizdə avtomobil əlindən tərpənmək olmur. Hər evdə avtomobil var, elə ailələr var ki, 2-3 maşını var. Olsun, çox yaxşı! Amma bunun yaxşı tərəfi ilə yanaşı pis tərəfi də var. Səhər işə yollanan ata bir avtomobildə, oğul-qız isə başqa avtomobillərdə evdən çıxırlar. Hələ onu demirəm ki, çox hallarda evin xanımı da işə gedəndə, yaxud da başqa bir şəxsi məsələni həll etmək üçün ayrıca avtomobildən istifadə edir.
27 Oktyabr 2016 14:07 SosialPaytaxtın ən böyük problemlərindən biri tıxaclardır. İllərdi avtomobil tıxacları xroniki qrip xəstəliyi kimi hopub Bakının küçələrinə, xilas olmaq mümkün deyil. Bakı yollarını artıq bunsuz təsəvvür etmək olmur. Hərdən fikirləşirəm ki, maşallah, xalqımızın gün-güzəranı, dolanışığı deyəsən, çox yaxşıdır. Çünki şəhərimizdə avtomobil əlindən tərpənmək olmur. Hər evdə avtomobil var, elə ailələr var ki, 2-3 maşını var. Olsun, çox yaxşı! Amma bunun yaxşı tərəfi ilə yanaşı pis tərəfi də var. Səhər işə yollanan ata bir avtomobildə, oğul-qız isə başqa avtomobillərdə evdən çıxırlar. Hələ onu demirəm ki, çox hallarda evin xanımı da işə gedəndə, yaxud da başqa bir şəxsi məsələni həll etmək üçün ayrıca avtomobildən istifadə edir.
Təbii ki, bunda da pis bir şey yoxdur. Şəxsi avtomobil rahatlıqdır, sürətdir, səni mənzil başına çatdırmaq üçün ictimai nəqliyyatın basabasından, gecikmələrindən və digər neqativ hallarından uzaqlaşdırır. Nə isə. Mövzu bu deyil. Məqsədim şəhərin küçələrində yaranan avtomobil tıxacları, onu yaradan səbəblər haqqında yazmaqdır.
İstər ictimai nəqliyyatda, istərsə də şəxsi avtomobildə gedən elə bir adam tapılmaz ki, gün ərzində heç olmasa bir dəfə Bakının küçələrində yaranmış avtomobil tıxaclarına düşməsin. Hamımız bu "xoşbəxtliyə" nail olmuşuq, hətta xaricdən gələn qonaq belə vətəninə qayıdanda danışmaq üçün tıxac kimi gülməli və ağlamalı hadisənin birbaşa iştirakçısı olur.
Bəs, bu tıxacların yaranmasının səbəbi nədir? Niyə Bakı illərdi tıxac xəstəliyindən xilas ola bilmir? Tıxac xəstəliyinin viruslarını məhv etmək bu qədərmi çətindir? Əslində tıxacların yaranmasının bir neçə səbəbi var.
Ən əsası odur ki, yollar darısqaldır. Bu yollar sovet hökumətinin vaxtında çəkilib. Təbii ki, o zaman indiki qədər maşın yox idi, küçələr tələbata cavab verirdi. İndi bu darısqal yolların genişləndirilməsi də müşkülə çevrilib. Çünki yolun kənarında boş saxlanılmalı olan zolaqları dükanlar, marketlər tutub. Üstəlik də istər bu obyektin sahibləri, istərsə də marketə gələn avtomobil sahibləri maşınlarını onun qabağında saxlamalı olurlar. Ona görə də mərkəz və mərkəzə yaxın olan bu yolları genişləndirmək mümkün olmur.
Тıxacların başqa bir səbəbi də qazıntı, təmir-bərpa işləri ilə bağlıdır. Hər gün küçələr sökülür, dağılır, qazılır. Məsələ bundadır ki, bu təmir-bərpa işləri insanların rahatlığını çox pozur, çünki o, növbəlilik əsasında deyil, eyni vaxtda aparılır. Bir də görürsən ki, hər hansı böyük bir küçədə tikinti işləri gedir. Çox yaxşı, belə halda ətrafda olan digər küçələr açıq olmalıdır. Amma bu belə olmur. Qazılan, təmir-bərpa işləri aparılan küçənin ətrafındakı digər alternativ yolları da paralel olaraq qazırlar. Belə olanda əlbəttə ki, tıxac yaranacaq.
Amma dərd bununla bitmir ki? Qazılmış yolları elə vəziyyətdə bərpa edirlər ki, bir ay, üç-beş ay, bir il keçməmiş yol yarıtmaz vəziyyətə düşür, sanki min ilin yoludur. Yolda o qədər çala-çuxur əmələ gəlir ki, həmin istiqamətdə hərəkət edən sürücülər maşını çox aşağı sürətlə sürməyə məcbur olurlar. Lakin bu sürücülərin içində eləsi də tapılır ki, tələsir, mənzil başına tez çatmaq üçün sürəti artırmaq məcburiyyətində qalır. Çala-çuxur yolda da belə sürət bəzən qəzaya səbəb olur ki, bu da tıxac yaranması ilə nəticələnir.
Başqa səbəb isə mərkəzdən kənar yerlərdə işıqforların normal işləməməsidir ki, bu da bəzi sürücülərin özbaşınalığına və məsuliyyətsizliyinə səbəb olur, nəticədə də uzun-uzadı tıxac yaranır.
Tıxac xəstəliyinin dərdinə tapılan dərman - körpü tikintisi də öz müsbət effektini verə bilməyib. Ölkə prezidenti İlham Əliyevin göstərişi ilə şəhərdə doqquz yerdə körpü tikildi, eləcə də çoxlu sayda yeraltı keçidlər inşa edilib istifadəyə verildi. Doğrudur, körpü və keçidlərin tikintisi zamanı da tıxaclar yaranırdı, lakin sürücülər və piyadalar düşünürdülər ki, bu hal müvəqqətidir. Tikintilər başa çatandan sonra hər şeyə son qoyulacaq. Tıxaclar, gecikmələr insanların əsəblərini yerindən tərpədib, qan təzyiqini yüksəltməyəcək.
Lakin "sən saydığını say, gör fələk nə sayır". Yenə də "köhnə hamam, köhnə tas", dəyişən heç nə yoxdur, əksinə tıxacların sayı bir qədər də çoxalıb. Hətta körpülərin üstündə də uzun-uzadı maşın karvanlarına rast gəlirik. Yaxın günlərdə ən boyük körpülərdən birində yaranan çatdan şəlalə kimi axan yağış sularının şahidi olduq. Qəribə deyilmi?
Züleyxa Nadir