Azərbaycan Minskdə keçirilən beynəlxalq turizm forumunda təmsil olunub
Belarusun paytaxtı Minsk şəhərində “Buy Belarus” turizm forumu keçirilib. "Travel Connections", "Belavia", "Renaissance" hotelinin , TİO.BY internet turizm portalının dəstəyi ilə təşkil olunan tədbirdə ölkəmiz Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, "Elegant Travel", "Avil Travel", "İntour", "Caspian Breez", "FreeStyle" , "Millennium Tourism", "Lufthansa City Center", "Sunway", "FM" turizm şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə təmsil olunub.
27 Oktyabr 2016 12:50 SosialBelarusun paytaxtı Minsk şəhərində "Buy Belarus" turizm forumu keçirilib. "Travel Connections", "Belavia", "Renaissance" hotelinin , TİO.BY internet turizm portalının dəstəyi ilə təşkil olunan tədbirdə ölkəmiz Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, "Elegant Travel", "Avil Travel", "İntour", "Caspian Breez", "FreeStyle" , "Millennium Tourism", "Lufthansa City Center", "Sunway", "FM" turizm şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə təmsil olunub. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevin "OLAYLAR"-a verdiyi məlumata görə, tədbir çərçivəsində rəhbərlik etdiyi assosiasiya ilə Litva Turizm Marketinq Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Eyni zamanda "Riftur" nəşriyyat evi ilə vahid Belarus-Azərbaycan turizm portalının yaradılması imkanları müzakirə olunub, fəaliyyət planının hazırlanması haqqında (Planeta Azerbaijan&Belarus) niyyət protokolu imzalanıb. Həmçinin oktyabrın 25-də tədbir çərçivəsində keçirilən B2B görüşlərdə Azərbaycanı təmsil edən turizm şirkətləri ilə forumda iştirak edən 50-yə yaxın şirkətin nümayəndələri arasında görüşlər keçirilib, əməkdaşlıq müqavilələri imzalanıb. Tədbirin sonunda KİV-lərin iştirakı ilə mətbuat konfransı düzənlənib. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Azərbaycanın sağlamlıq turizm potensialı, son zamanlar ölkəmizdə keçirilən mötəbər tədbirlər haqqında məlumat verib, II Avropa oyunlarının Belarusda keçirilməsini tarixi hadisə adlandırıb və bu işdə belaruslu həmkarlarına uğurlar arzulayıb. Sonda iştirakçılar KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.
Tədbirin sonuncu günü Azərbaycan-Litva-Rusiya turizm nümayəndələrinə infotur təşkil olunub.