Dövlət xəstəxanalarının statusu dəyişdirilir

Uzun illərdən bəri reallaşdırılması mümkün olmayan icbari tibbi sığortanın tətbiqi barədə müxtəlif versiyalar irəli sürülüməkdədir. Hətta pilot layihələrin belə gercəkləşdirilməsinə maneə olan əngəllər belə versiyaların ortaya atılmasına səbəb olur.

İcbari tibbi sığortanın taleyi necə olacaq?
 

Uzun illərdən bəri reallaşdırılması mümkün olmayan icbari tibbi sığortanın tətbiqi barədə müxtəlif versiyalar irəli sürülüməkdədir. Hətta pilot layihələrin belə gercəkləşdirilməsinə maneə olan əngəllər belə versiyaların ortaya atılmasına səbəb olur. Nə qədər ki, ölkədə fəaliyyət göstərən özəl klinikalar bu mexanizmin tətbiqində maraqlı deyillər, deməli bu "xamır hələ çox su aparacaq". Halbuki, ölkəmizdə mövcud səhiyyə xidmətinə dövlət tərəfindən təminat verilir və vətəndaşlar bundan yararlanırlar. Buna baxmayaraq, Azərbaycanda 2016-cı ilin sonlarına doğru və ya 2017-ci ilin əvvəlində icbari tibbi sığortanın tətbiqi məqsədilə pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur. Yeri gəlmişkən qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda dövlət xəstəxanalarının statusu dəyişib. Bundan sonra Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Bu isə o deməkdir ki, indiyə qədər dövlət adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərirdi, sözügedən qərardan sonra kommersiya hüquqi şəxs statusu alacaq. Bu arada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov mətbuata açıqlamasında bildirib ki, icbari tibbi sığorta ilkin mərhələdə özəl xəstəxanalara aid edilməyəcək., icbari tibbi sığorta sisteminə hələlik ancaq Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri daxil ediləcək: "Əgər həmin müəssisələrdə lazım olan tibbi xidmət olmasa, biz digər dövlət tibb müəssislələrinə müraciət edəcəyik. Həmin xidməti bu xəstəxanalarda tapa bilməsək, onu özəl klinikalardan almaq olar. Ancaq hamısından yox. Belə hallarda vətəndaşlar əvvəlcədən müqavilə bağladığımız özəl klinikaya müraciət edə biləcəklər". Maraqlıdır, belə bir şəraitdə icbari tibbi sığorta kimlərə şamil ediləcək və əhalinin hansı kateqoriyası bu xidmətdən güzəştli şərtlərlə istifadə edə biləcək? 
Məlimat üçün qeyd edək ki, icbari tibbi sığortanın Azərbaycan vətəndaşları və ölkədə müvəqqəti qeydiyyatda olan əcnəbilərinı əhatə edəcəyi nəzərdə tutulur. Xidmət paketinin müddəti hər il yenilənmək şərti ilə 1 il müəyyən olunub. İcbari tibbi sığorta xidmətlərinin keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyi və Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək. Ancaq hələlik nə icbari tibbi sığortanın tətbiqi, nə də bununla bağlı tibb müəssisələrinin akkreditasiya prosesinə nəzarət heç bir quruma həvalə olunmayıb. Daha dəqiq, nəzarət mexanizmi ilə bağlı Səhiyyə Nazirliyi və Dövlət Agentliyi arasında bölgü aparılmayıb. Məhz bu bölgünün aparılması, səlahiyyətlərin müəyyən edilməsi xeyli vaxt tələb edir. Ancaq məsələ orasındadır ki, icbari tibbi sığorta hökumətin həyata keçirdiyi sosial layihələrin tərkibində yer alır. Şübhəsiz ki, burada ilk növbədə vətəndaşlarımızın maraqlarının təmin olunması əsas götürülməlidir. Xatırladaq ki, Prezident İlham Əliyevin bir müddət öncə icbari tibbi sığortanı qısa zamanda və vətəndaşlarımızın mənafeyinə uyğun şəkildə tətbiq edilməsi tapşırığını vermişdi. Lakin indiyə qədər bu xidmət reallaşmasa da məlum olan odur ki, icbari tibbi sığortadan 18 yaşadək uşaqlar, sağlamlıq imkanları məhdud olan bütün insanlar, aztəminatlı ailələr, tələbələr, pensiyaçılar pulsuz istifadə edə bilərlər. Amma yüksək məbləğdə təqaüd alanlar istisna təşkil edir. Əslində, sadalanan qruplar icbari tibbi sığortadan pulsuz istifadə etmir. Belə ki, onların sığorta haqqını dövlət ödəyir. Azərbaycanda isə hələlik icbari tibbi sığortadan kimin pulla, kimin pulsuz istifadə edə biləcəyi müzakirə mövzisidir. Yənu, bu məsələ hələ ki, nə aidiyyati qurumlar tərəfindən, nə də qanunla təsdiqini tapmayıb. Bu halda belə məlum olur ki, maddi imkanları aşağı olan insanların tibbi sığortası dövlət tərəfindən maliyyələşdiriləcək, yüksək olan insanlar isə tibbi sığorta haqlarının böyük hissəsini özləri ödəyəcəklər. Onu da xatırladaq ki, pilot layihə kimi icbari tibbi sığortanın ilkin olaraq rayonlarda tətbiqi nəzərdə tutulur. Nəzərə alsaq ki, rayon əhalisinin sosial durumu şəhər sakinləri ilə müqayisədə nisbətən aşağıdır, o halda icbari tibbi sığortanın tətbiqi hansı qaydada həyata keçiriləcək? Məlumata görə, icbari tibbi sığortanın tətbiqi üçün model və onun icrası üçün tədbirlər planı hazırlandıqdan sonra pilot layihənin tətbiqinə start verilir. Əgər pilot layihə özünü doğrultsa, əldə olunan təcrübə daha sonrakı mərhələdə bütün ölkəyə şamil olunur. İcbari tibbi sığortanın tətbiq ediləcəyi rayon seçilərkən isə stabil gəliri olan təbəqənin çox olmasına və həmin bölgədə tam təchizatlı dövlət xəstəxanalarının olmasına xüsusi diqqət yetirilir. Sığorta mütəxəssisləri hesab edirlər ki, icbari sığorta coğrafi faktor üzrə həyata keçirildikdə, o rayonun bütün əhalisi layihədə iştirak edir. Artıq orda həm pensiyaçı, həm uşaqlar icbari tibbi sığorta ilə əhatə olunacaq ki, bu da gəlcəkdə gözlənilən xərclərin hesablanması üçün məlumat əldə edilməsi üçün şərait yaradır. Onu da qeyd edək ki, tibbi sığortanın tətbiq ediləcəyi rayonlardakı bəzi vətəndaşlar ödənişdən azad ediləcək. Onların əvəzinə icbari sığorta ödənişi dövlət tərəfindən həyata keçiciləcək. Rəsmi şəkildə işsiz olan vətəndaşların da güzəştli kateqoriyaya aid edilməsi nəzərdə tutulur. İlkin mərəhələdə sığorta olunanlar ancaq dövlət xəstəxanalarından istifadə edə biləcəklərsə, gələcəkdə özəl klinikaların da bu işə cəlb edilməsi nəzərdə tutulur. İl boyu vətəndaşlar tərəfindən edilən ödənişlər isə istifadə edilmədikdə geri qaytarılmayacaq. Bu layihənin gələcəkdə bütün ölkəni əhatə etməsi planlaşdırılır. 

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31