Mətbuat Şurası “Şərq” qəzetinə təbrik məktubu ünvanlayıb

Azərbaycan Mətbuat Şurası “Şərq” qəzetinə nəşrin fəaliyyətə başlamasının 20 illiyi münasibəti ilə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir:

Azərbaycan Mətbuat Şurası "Şərq" qəzetinə nəşrin fəaliyyətə başlamasının 20 illiyi münasibəti ilə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir:

"Müasir dövr mətbuatımızın keçdiyi yolu xarakterizə edərkən bir neçə qəzetin adı yada ilk növbədə düşür. Çünki bu qəzetlərin fəaliyyəti bütövlükdə müstəqillik illərindəki Azərbaycan mənzərəsinin tam aydın təsəvvürüdür. Qətiyyətlə demək olar ki, belə kütləvi informasiya vasitələrindən biri də 20 illik yubileyini qeyd edən "Şərq"dir.

"Şərq" qəzeti dövlət müstəqilliyimizin kövrək olduğu zaman kəsiyində yarandı. Hadisə və proseslərə məxsusi yanaşması ilə təkcə qəzetçilik ənənələrinə söykənən missiya yerinə yetirmədi, eyni zamanda hər zaman aktual əhəmiyyət daşıyan söz azadlığının, plüralizmin dəyər qazanmasına özünün layiqli töhfəsini verdi. Nəşrin təqdimatları bu dəyərlərin sərhədlərini təkcə ayrı-ayrı jurnalistlərin yaradıcılığı müstəvisində genişləndirmədi, sözün qüdrətini bütövlükdə ictimai şüur və düşüncə sistemimizə hopdurdu. Bu cəhət "Şərq"in son dərəcə böyük nailiyyətidir.

"Şərq" yenə də öz dəst-xəttinə sadiqliyi ilə seçilir. Bu, eyni zamanda əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan klassik mətbuat ənənələrimizə sadiqlik ruhudur. Yubilyar nəşri geniş oxucu kütləsinə sevdirən də elə məhz budur. Çünki bu sadiqlikdə Vətənə, torpağa, doğma yurda, el-obaya bağlılıq, Vətən övladına sonsuz sevgi jurnalistikanın tələbləri ilə çulğalaşaraq peşəkarlıq keyfiyyətini doğurur. "Şərq" baş redaktor Akif Aşırlı olmaqla peşəkar jurnalistlərin yaradıcılıq məbədi, özlərinə doğma və əziz bildikləri məkandır.

Azərbaycan Mətbuat Şurası "Şərq"çilərə 20 illik sənət uğurları münasibəti ilə sonsuz təbriklərini çatdırmaqdan məmnunluq duyur. Ən xoş arzularımız Sizinlədir, əziz həmkarlar! Tanrı yolunuzu daim açıq eləsin!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31