Bələdiyyələrə verilən dotasiya suvensiya ilə əvəz olunur
Azərbaycanda baş tutan referendumdan sonra həyata keçirilməsi nəzərdə tutulan islahatlardan biri də bələdiyyələrlə bağlıdır. Məlumat üçün qeyd edək ki, ölkə Konstitusiyanın böyük bir bölməsi yerli idarəetmə orqanlarına həsr olunur. Konstitusiyanın 142 və 146-cı maddələri bilavasitə bələdiyyələrin fəaliyyətinin tənzimlənməsinə, onların işinin təkmilləşməsinə xidmət edən maddələrdir. Bu, Azərbaycan Konstitusiyasında öz təsdiqini tapıb.
25 Oktyabr 2016 14:49 SosialBu, yerli özünüidarı orqanların fəaliyyətində dönüş yaradacaqmı?
Azərbaycanda baş tutan referendumdan sonra həyata keçirilməsi nəzərdə tutulan islahatlardan biri də bələdiyyələrlə bağlıdır. Məlumat üçün qeyd edək ki, ölkə Konstitusiyanın böyük bir bölməsi yerli idarəetmə orqanlarına həsr olunur. Konstitusiyanın 142 və 146-cı maddələri bilavasitə bələdiyyələrin fəaliyyətinin tənzimlənməsinə, onların işinin təkmilləşməsinə xidmət edən maddələrdir. Bu, Azərbaycan Konstitusiyasında öz təsdiqini tapıb. Çox yaxşı haldır ki, yeni Konstitusiya dəyişikliklərində 146-cı maddəyə əlavə maddənin ayrılması təmin edilib. Bu isə bələdiyyələrin məsuliyyətinin artırılması ilə əlaqədardır. Artıq yerli özünüidarə orqanı olan bələdiyyələrin fəaliyyətinin artırılması məqsədilə ilə bağlı müvafiq tədbirlər nəzərdə tutulur. Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən bələdiyyələrə suvensiyaların ayrılması nəzərdə tutulur. Hazırda məsələ ilə bağlı işlər gedir. Onun sözlərinə görə, suvensiyaların dotasiyalardan fərqi odur ki, o konkret layihələr üçün nəzərdə tutulmuş vəsaitdir. Ümid edirik ki, növbəti illərdə dövlət büdcəsindən bu məqsədlə vəsait ayrılacaq. Dövlət həmin pulların təyinatı üzrə xərclənməsinə nəzarət edəcək və təyinatı üzrə xərclənməsə həmin vəsaiti geri qaytarmaq hüququ var: "Mən nümunə olaraq millət vəkili seçildiyim Şəmkir rayonunun bələdiyyələrinin fəaliyyətini göstərə bilərəm. Şəmkirdə 42 bələdiyyə var və onların hər birinin müəssisələri fəaliyyət göstərir. Rayon İcra Hakimiyyəti bu işdə bələdiyyələrə yaxından dəstək göstərir. Bütövlükdə hesab edirəm ki, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq imkanı var və buradan gələn gəlirləri əhalinin sosial məsələlərinin həllinə yönəltmək mümkündür". Millət vəkili əlavə edib ki, qanunvericiliyə əsasən, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq hüququ var. Həmin müəssisələrdən mənfəət vergisi alınır ki, bu da onların fəaliyyətini stimullaşdırır. 2007-2010-cu illərdə 40-dan çox bələdiyyə müəssisəsi var idi. Bu müəssisələr sırasında təmir-tikinti, məişət tullantılarının yığılması və nəqli, asfalt istehsalı, mineral su istehsalı fəaliyəti və s. var idi. Son zamanlar isə onların işi zəiflədi, çoxları fəaliyyəti dayandırdılar". Maraqlı məsələ ondan ibarətdir ki, az qala müstəqillik tariximizlə həmyaşıd olsn bələdiyyələr hələ də öz sərbəst şəkildə fəaliyyətlərini qura bilmirlər. Baxmayaraq ki, bələdiyyələrin fəaliyyətini tənzimləyən çoxsaylı qanunlarımız bunun üçün kifayət qədər imkanlar yaradır. Ancaq bələdiyyələrin idarə edilməsində o qədər səhlənkarlığa yol verilir ki, nəticədə dövlət büdcəsindən ayrılan dotasiya, yaxud suvensiyalardan asılı vəziyyətə düşür. Bəs, nədən bələdiyyələr qanunvericilikdə nəzərdə tutulan səlahiyətlərindən yararlanmırlar, kimdir bu qurumun normal fəaliyyətinə maneə olan kəsimlər?
"Bələdiyyə bir kənd yolunu tikibmi?"
Xatırladaq ki, bir müddət öncə prezident İlham Əliyev qeyd etmişdi ki, bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə işlər dövlət büdcəsi hesabına görülür: "Bələdiyyə bir kənd yolunu tikibmi? Halbuki bu, bilavasitə onun işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin ehtiyat fondunun hesabına biz tikirik". Həqiqətən də hər il dövlət büdcəsindən müvafiq dotasiya ayrılmasına, torpaq, əmlak vergisindən, habelə qanunla nəzərdə tutulmuş digər ödənişlərdən daxilolmalara baxmayaraq, ölkədə fəaliyyət göstərən demək olar heç bir bələdiyyə orqanı bilavasitə öz vəsaiti hesabına "daşı daş üstə" qoymayıb və yaxud da qoya bilməyib. Halbuki, Azərbaycanda artıq 16 ildir ki, belə bir institut var və bu gün sayca 1607 bələdiyyə qurumu fəaliyyət göstərir. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, sözsüz ki, bələdiyyələr yarandıqları son 16 ildə müəyyən inkişaf yolu keçiblər. Fəaliyyətlərində də müəyyən nöqsanlar var. Lakin bu gün ölkədə istər xalqın, istərsə də dövlətin tələbi, təklifi budur ki, yerli özünüidarəetmə orqanları inkişaf eləsinlər. Bunun inkişaf etdirilməsi üçün kadrların, bələdiyyə üzvlərinin məsuliyyəti artırılmalıdır. Bunlar seçkili orqan olaraq xalqı təmsil edirlər. Əhəmiyyətli sosial məsələlərin həllinə çalışırlar. Ona görə də iqtisadiyyatın, sosial həyatın inkişafı ilə əlaqədar bələdiyyələr də öz sözlərini deməlidirlər. Artıq bir çox bələdiyyələr müəyyən qaydada bunu həyata keçirə biliblər. Deputat bəzi bələdiyyələrin işində irəliləyişin hiss olunmadığını nəzərə çatdıraraq deyib ki, qanuna edilən dəyişiklik irəliyə doğru addımdır: "Bəzi bələdiyylərin işində müsbət irəliləyişlər hiss olunmur. Bu da ondan irəli gəlir ki, müəyyən bələdiyyələr öz fəaliyyətlərinə lazımi qiymət vermirlər. Müəyyən bələdiyyə qulluqçuları, üzvləri əhali ilə sıx təmasda olmurlar. Onların təklifləri, arzuları, istəkləri ilə vaxtaşırı maraqlanmır. Ancaq müəyyən qaydada maliyyə məsələlərini yaxşılaşdırmaq üçün addımlar atırlar. Ona görə referendum aktında nəzərdə tutulur ki, bələdiyyələrin məsuliyyəti artırılmalıdır. Bəzi adamlar deyir ki, dövlətin bələdiyyələrə diqqəti yoxdur. Əgər Konstitusiyaya dəyişikliklərdə bələdiyyələrin inkişafı ilə əlaqədar yeni bir maddə salınıbsa, dəyişiklik olursa, deməli, dövlətin də, xalqın da buna diqqəti var. Bu, həm də xalqın tələbidir. Bu, irəliyə doğru atılmış bir addımdır". Bəs, bələdiyyələr nəyə görə öz vəsaitləri hesabına fəaliyyətlərini qura bilmirlər?
Xatırlatmağa ehtiyac duyulan səlahiyyətlər
Qeyd edək ki, qanunvericiliyə əsasən bələdiyyələrin yerli büdcə hesabına iş qurmaları üçün kifayət qədər imkanlar mövcuddur. Xatırladaq ki, bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Və onların öz mülkiyyəti, yerli büdcəsi və seçki orqanları vardır. Konstitusiyaya uyğun olaraq da yerli əhəmiyyətli məsələləri müstəqil həll edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Yerli vergilərə fiziki şəxslərin əmlak, torpaq, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət, yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı) üzrə mədən vergisi aiddir. O cümlədən, yerli (bələdiyyə) vergilər və ödənişlər haqda qanuna əsasən bələdiyyə büdcələrinə, yerli vergilərlə yanaşı yerli ödənişlər də müəyyən olunub. Həmin ödənişlərə isə aiddir: bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş, qanunvericiliyə əsasən bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, habelə icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş, bələdiyyə ərazilsində hüquqi və fiziki şəxslərə məxsus ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bundan əlavə, qanunla bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər də tətbiq edə bilərlər. Sual olunur, daha hansı səlahiyyətlər verilməlidir ki, bələdiyyələr yerli büdcə hesabına fəaliyyət göstərə bilsin? Bəlkə problem subyektiv amillərlə bağlıdır?
Alim