Daşkənddə Xalqların Mədəniyyəti və Mətbəxi Festivalı keçirilib
Daşkənddə fəaliyyət göstərən ingilisdilli Amerika Beynəlxalq Məktəbində Xalqların Mədəniyyəti və Mətbəxi Festivalı keçirilib.
25 Oktyabr 2016 14:25 SosialDaşkənddə fəaliyyət göstərən ingilisdilli Amerika Beynəlxalq Məktəbində Xalqların Mədəniyyəti və Mətbəxi Festivalı keçirilib.
Festivalda Özbəkistanda fəaliyyət göstərən səfirliklər, mədəniyyət mərkəzləri iştirak edib, onlar üçün ayrılmış otaqlarda hər ölkə öz tarixi, mədəniyyəti, adət-ənənələrini təbliğ edən stend və sərgilər yaradıb.
Tədbirdə ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Azərbaycan üçün ayrılmış otaqda dövlət bayrağımız, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafı, Heydər Əliyev Fondunun "Qarabağ həqiqətləri" seriyasından rus və ingilis dillərində nəşrləri, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, həmçinin müxtəlif jurnallar nümayiş etdirilib.
Azərbaycan otağına gələn ziyarətçilərə ölkəmizə dair bukletlər hədiyyə olunmuş, Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarına qonaq edilmişlər.
Milli stendimizə maraq böyük olmuş, çoxsaylı şagirdlərin ziyarətində onlar ölkəmiz haqqında məlumatlandırılmışlar.
Sərgidə Azərbaycanın Qarabağ diyarının milli qadın geyimləri, qədim məişət əşyalarımız, həmçinin tar, kamança, saz, qaval, nağara və suvenirlərimiz tamaşaçılarda maraq doğurub.
Festivalda Azərbaycanının mədəniyyəti, tarixi ilə əlaqədar videoçarx nümayiş etdirilib.
Festival çərçivəsində təşkil olunan konsertdə müxtəlif xalqları təmsil edən rəqs və musiqi qruplarının çıxışları da olub.