Avtobuslara GPS qurğusu qoyulacaq
Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər müəyyən edib. Sözügedən tələblərin mərhələli qaydada yerinə yetirilməsi ilə bağlı müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər qarşısında məsələ qaldırılır və onların yerinə yetirilməsi təmin edilir.
25 Oktyabr 2016 13:46 SosialSüleyman("OLAYLAR") Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər müəyyən edib. Agentliyin İctimai Əlaqələr və Maarifləndirmə Şöbəsinin müdiri Nuridə Allahyarova "OLAYLAR"-a bildirib ki, daşıyıcılar qarşısında qoyulan növbəti tələb müntəzəm sərnişindaşımada istifadə edilən avtobusların Qlobal Mövqetəyinetmə Sistemi ("GPS") qurğusu ilə təchiz edilməsi ilə bağlıdır. "GPS" izləmə cihazlarının quraşdırılması Bakı Nəqliyyat Agentliyinin qarşısında qoyulan tapşırıqların icrasının təmin edilməsi, həmçinin avtobuslarla müntəzəm sərnişindaşımalarında keyfiyyətin, səmərəliliyin, o cümlədən yol hərəkətinin təhlükəsizliyinin artırılması istiqamətində görüləcək işlərin sürətləndirilməsi baxımından məqsədəuyğun hesab edilir. Belə ki, bu avadanlıqlar vasitəsi ilə avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənmə, tormozlama, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı və təhlili, avtobusların yerləşdikləri məntəqələrin koordinatlarının təyin edilməsi mümkün olacaqdır. Beynəlxalq təcrübədə geniş istifadə edilən "gps" izləmə sistemindən istifadə müntəzəm sərnişindaşımalarda dispetçer xidmətini avtomatlaşdırmaqla bu sahəyə nəzarəti daha da gücləndirəcəkdir. Bundan əlavə, gün ərzində şəhər mərkəzinin küçə və prospektlərindən, eləcə də kənd və qəsəbələrdən keçən 2000-dən artıq avtobusda quraşdırılacaq "gps" izləmə cihazı vasitəsi ilə emal olunan informasiyalar əsasında nəqliyyat axınının cari vəziyyəti barədə məlumatlar da qeydə alınacaq, dayanacaqlarda gözləyən sərnişinlər avtobusların çatma vaxtlarını dayanacaq məntəqələrində quraşdırılmış avtobus informasiya terminalları vasitəsi ilə görə biləcəkdir. Aşkarlanacaq qayda pozuntularının (sürət həddini aşma, dayanacaqdan saxlamadan keçmə, kənar dayanacaq və.s) növünə görə daşıyıcılar, sürücülər inzibati məsuliyyətə cəlb olunmaqla yanaşı, həm də ehtiyac yarandığı halda sərnişindaşıma qaydalarının pozulmasına görə müvafiq qaydada daşımalardan kənarlaşdırılacaq.