Davamlı inkişaf, rəqabət və xidmət keyfiyyəti

Günümüzün reallığı ondan ibarətdir ki, azad bazar iqtisadiyyatında davamlı inkişafı təmin etmək və rəqabət mühitini yaratmaq üçün keyfiyyətli idarəetmə sisteminin səmərələrindən istifadə etmək lazımdır. Sevindirici hal ondan ibarətdir ki, ölkədə mövcud olan əksər şirkətlər, müəssisələr öz fəaliyyətlərində yuxarıda qeyd etdiyimiz amillərə ciddi diqqət yetirirlər. Bu da nəticə etibarilə həmin şirkətlərin səmərəli fəaliyyətinə yol açır.

Elməddin Hüseynov: "Müştəri tələbi öyrənilməli, mikro və makroiqtisadi amillər qiymətləndirilməlidir"

Günümüzün reallığı ondan ibarətdir ki, azad bazar iqtisadiyyatında davamlı inkişafı təmin etmək və rəqabət mühitini yaratmaq üçün keyfiyyətli idarəetmə sisteminin səmərələrindən istifadə etmək lazımdır. Sevindirici hal ondan ibarətdir ki, ölkədə mövcud olan əksər şirkətlər, müəssisələr öz fəaliyyətlərində yuxarıda qeyd etdiyimiz amillərə ciddi diqqət yetirirlər. Bu da nəticə etibarilə həmin şirkətlərin səmərəli fəaliyyətinə yol açır. Elə "AtaHolding" ASC-də fəaliyyətini məhz bu istiqamətdə davam etdirir. Səhmdar Cəmiyyətin keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynov qeyd edilən istiqamətdə görülən işlərdən danışıb. O, bildirib ki, hər bir müəssisənin fəaliyyət göstərməsində maraqlı tərəflər vardır. Elməddin Hüseynovun sözlərinə görə, müştəri, əməkdaşlar, səhmdar, təchizatçılar və dövlət bura aiddir: " Hər bir maraqlı tərəfin isə öz maraq dairəsi var: Müştərilərə ona təqdim edilən məhsulun keyfiyyəti, qiyməti və çatdırılmasına ayrılan zaman, əməkdaşlarda əmək haqqının yüksək olması, karyerada inkişaf, imic əldə etmək, səhmdarlara müəssisənin fəaliyyəti üçün ayırdığı kapitalı qısa müddətdə əldə etmək, daha çox gəlir əldə etmək, yeni iş yerlərinin yaranması, dövlət büdcəsinə ödənilən gəlir vergisinin təmin edilməsi, eyni zamanda təchizatçılara isə müəssisənin fəaliyyət göstərməklə ondan daha çox xammal materıalın alınması maraqlıdır. Qeyd edilən tərəflərdən biri, müştərilərin maraq dairəsini təmin etməklə müəssisə fəaliyyətində maraqlı olan digər tərəflərin maraqlarını təmin etmiş oluruq. Ümumiyyətlə, müştəri tələbi öyrənilməli, mikro və makroiqtisadi amillər qiymətləndirilməlidir. Qiymətləndirmə nəticəsində hədəflər planlanır". Səhmdar Cəmiyyətin rəsmisi deyir ki, hədəflər planlandıqda, müəssisənin insan resurslarının potensialı barədə məlumatlı olmaq lazımdır: "Bu isə əməkdaşların işi ilə tanış olmaqla mümkündür. Müəssisənin hər bir əməkdaşının bu hədəfdə rolu müəyyən edilir. Bundan sonra fəaliyyəti tənzimləyəcək proses və prosedurların tərtibinə başlanır. İnsan gördüyü işi bir proses kimi təsvir edə bilmirsə, o nə etdiyini bilmir. Normativ sənədlər təşkilatın intellektual mülkiyyətidir, əməkdaşların beyin məhsulu desək doğru olar. Tərtib edilən proses və prosedurların tətbiqinin ilkin testi keçirilir və onun fəaliyyətə səmərəli olması qiymətləndirilir. Bu normativ sənədlərin tələblərinin icraçısına təlimlər keçirilir. Normativ sənədlərin tələblərinin icrası onların performans qiymətləndirilməsində nəzərə alınır. İdarəetmə sisteminin effektivliyi təkcə onu tətbiq etməklə tamamlanır, eyni zamanda onu dövrü qiymətləndirmək və təkmilləşdirmək lazımdır. Keyfiyyət idarəetmə sisteminin tətbiqi zamanı İSO 9001 beynəlxalq standartın tələbləri əsas götürülə bilər". O, qeyd edib ki, "AtaHolding" və onun törəmə təsərrüfat Cəmiyyətləri olan "AtaBank" ASC, "AtaSığorta" ASC, "AtaTexnologiya" MMC, "AtaTravel" MMC, "Excelsior Hotel &Spa Baku"

otelində keyfiyyət idarəetmə sisteminin qurulmasında zəruri tədbirlər həyata keçirilir: "Əməkdaşların fəaliyyətini tənzimləyən proses və prosedurlar vardır. Bu normativ sənədlərin icraçıları isə əməkdaşlardır. Prosedur tələblərinin icrası ilə əməkdaşlar cəmiyyətə bir dəyər gətirmiş olurlar. Əsas məqsəd isə əməkdaşlar tərəfindən prosedur tələblərinin icrasının tənzimlənməsi və bu fəaliyyətin effektivliyinin artırılması istiqamətində tədbirləri planlayıb həyata keçirməkdir. Proses və prosedurlar dövrü olaraq qiymətləndirilməlidir və fəaliyyətə uyğunluğu təmin edilməlidir. Fəaliyyətdə yenilik olduqda prosedurlarda da dəyişiklik edilir və bu dəyişiklər barədə əməkdaşlara təlim keçilir. Cəmiyyətə yeni işçi qəbul edildikdə onlara adaptasiya proqramı üzrə fəaliyyəti zamanı tələb olunan proses və prosedurlar tanış etdirilir və mənimsəmə səviyyəsi qiymətləndirilir. Təcrübədə əməkdaşların normativ sənədlərin tələblərindən yayınma hallarına tez-tez rast gəlinir. Bunun üçün motivasiya və intizam tədbirlərindən istifadə edilməsi səmərəli ola bilər. Zamanla normativ sənədlərlə tənzimlənən fəaliyyətin bir qismi avtomatlaşdırıla bilər". Elməddin Hüseynov bildirib ki, əməkdaşların fəaliyyəti üzrə plan dövrü üçün hədəflər müəyyən edilir və bu hədəflərin icra vəziyyəti qəbul edilmiş qiymətləndirmə sisteminə uyğun qiymətləndirilir: "Qiymətləndirmə nəticələri və cəmiyyətin hədəflərini nəzərə alaraq uyğun bilinən əməkdaşlar iş təcrübəsini artırmaq məqsədilə təlimlərə göndərilir, həmçinin onlara yeni məsuliyyətlər həvalə edilməklə yeni vəzifəyə keçirilir. Bu addımla yuxarıda qeyd etdiyimiz kimi əməkdaşın maraq dairəsinə daxil olan istəklərini və kadr loyallığını təmin etmiş oluruq".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31