Psixoloji yardımla bağlı hüquqi bazanın yaradılmasına ehtiyac var

Azərbaycan tarixində ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra bütün sahələr kimi səhiyyə sahəsində də müsbət dinamika müşahidə edilməyə başladı. Sovet dövründən baxımsız vəziyyətdə qalan tibb müəssisələri təmir edildi, yeni, müasir standartlara cavab verən avadanlıqlarla təmin edildi.

Bununla bağlı qanun layihəsi hazırlanır

Azərbaycan tarixində ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra bütün sahələr kimi səhiyyə sahəsində də müsbət dinamika müşahidə edilməyə başladı. Sovet dövründən baxımsız vəziyyətdə qalan tibb müəssisələri təmir edildi, yeni, müasir standartlara cavab verən avadanlıqlarla təmin edildi. Məhz görülən işlərin məntiqi nəticəsidir ki, əvvəlki illərə nisbətən son illərdə müayinə və müalicə üçün xarici ölkələrə üz tutan ölkə vətəndaşlarının sayında azalma müşahidə edilir. Səhiyyə sahəsində əsas müsbət dinamika 2003-cü ildən sonra özünü büruzə verməyə başladı. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rafiq Məmmədhəsənov da deyir ki, hazırda da Prezident İlham Əliyevin bu sahəyə diqqəti yüksək səviyyədidir və dövlət başçısının səhiyyəyə göstərdiyi diqqət nəticəsində ölkəmizdə yüzlərlə tibb müəssisələri tikilib istifadəyə verilib: "Həmin müəssisələr müasir avadanlıqlarla tam təmin olunublar. Məsələn, əvvəllər Azərbycan Tibb Universitetinin tələbələri dərs keçmək üçün Bakının bütün ərazisində bir çox xəstəxanalara gedirdilər, çünki universitetin kafedraları ayrı-ayrı xəstəxanalarda idi. Amma Prezidentimizin diqqəti nəticəsində ATU-nun Tədris-Terapevtik Klinikası, Cərrahiyə Klinikası, Stamatoligiya Klinikası, Onkologiya Klinikası yaradıldı və müvafiq kafedralar həmin klinikalara köçürüldü. Bu klinikalar ATU-nun əhatəsində yerləşir, yəni artıq universitetin müstəqil klinikaları var. Tələbələr dərsləri də, praktikanı da həmin klinikalarda keçirlər.

Tibb sahəsində kadr hazırlığı da yüksək səviyyədədir. ATU-nun məzunları bu gün dünyanın bir sıra ölkələrində peşəkar həkim kimi çalışırlar. Universitetin Türkiyənin tibb üzrə ali məktəbləri ilə müqaviləsi var. Türkiyə tərəfi 3-cü kursdan etibarən bizim əlaçı tələbələri gəlib özləri seçərək aparırlar. Həmin tələbələr də təhsilini Türkiyədə davam etdirir və mütəxəssis kimi yetişərək ölkəmizə qayıdırlar. Eləcə də rezidentura təhsili onların peşəkar mütəxəssis kimi yetişməsində mühüm rol oynayır.

Bütövlükdə, Azərbaycanda səhiyyə sahəsinin daha da inkişafı üçün dövlətin siyasi iradəsi ortadadır. Bu istiqamətdə işlər uğurla davam etməkdədir". Millət vəkili deyir ki, səhiyyənin inkişafı məsələsində bu sahə ilə əlaqədar qəbul olunmuş dövlət proqramlarının xüsusi əhəmiyyəti var: "Ümumiyyətlə, ölkədə hər bir sahənin inkişafının proqramlar əsasında təmin olunması xüsusi diqqət mərkəzində saxlanılır. Bu baxımdan, səhiyyə ilə əlaqədar qəbul olunmuş dövlət proqramları da böyük əhəmiyyət kəsb edir. Azərbaycanda səhiyyənin inkişafı ilə əlaqədar 11 dövlət proqramı qəbul olunub. Şəkərli diabet, onkoloji, talassemiya və xəstəliklərə düçar olmuş insanlara dövlət tərəfindən xüsusi qayğı göstərilir. Eləcə də, ana və uşaqların mühafizəsinə yönəlmiş ciddi tədbirlər görülür. Böyrək çatışmazlığından əziyyət çəkənlərə dövlət hesabına dializ köçürülür. Bununla əlaqədar həm Bakı şəhərində, həm də zonalarda müvafiq mərkəzlər var. Elə məsələlər var ki, başqa ölkələr Azərbaycanın təcrübəsindən istifadə edirlər. Məsələn, şəkərli diabet

xəstələrinə dövlət qayğısı ilə əlaqədar qanunumuzu Rusiya model qanun kimi götürüb". Rafiq Məmmədhəsənov Milli Məclisdə səhiyyə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, indiyə qədər parlamentdə əhalinin sağlamlığının qorunmasına xidmət edən bir sıra qanunlar qəbul edilib: "Hazırda da yeni qanun layihələri üzərində iş gedir. Yeni layihələrdən biri psixoloji yardım haqqında qanun layihəsidir. Bu məsələ aktualdır. Bilirsiniz ki, depresiyyalar, ailə münaqişələri, kollektivdə işçi ilə münasibətlərin tənzimlənməsi və digər məsələlər bütün dünyada diqqətləri psixoloji yardımın önəminə çəkir. Psixoloji yardıma müraciət edənlərin sayının artımı isə bu sahədə diplomsuz mütəxəssilərin olması, qeyri-leqal çalışanların çoxalması kimi problemlərin üzə çıxmasına gətirib çıxarır. Bu səbəbdən psixoloji yardımla bağlı hüquqi bazanın yaradılmasına ehtiyac var. Yeni hazırlanan qanun layihəsində psixoloji yardımın hansı çərçivədə, harada göstərilməsi, dövlət və özəl sektorda bu xidməti göstərmək üçün sertifikatın kimdən alınması, icazə verən orqanın adının müəyyənləşdirilməsi və digər məsələlərin hüquqi baza ilə tənzimlənməsi nəzərdə tutulub. Bundan başqa, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi də hazırlanır ki, bu da aktual məsələdir. Belə bir qanun dünya ölkələrinin təcrübəsində də var". Millət vəkili dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi istiqamətində görülən işlərə də toxunub və bildirib ki, dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi çox müsbət haldır: "Bu, vətəndaşların maraqlarına tam uyğundur. Bu məsələ dövlət başçısının tapşırığıdır və prezidentin tapşırığına uyğun olaraq hökumət bu addımları atır. Bilirsiniz ki, dərmanlar xaricdən idxal olunur və bu da milyonlarla vəsaitin xaricə getməsi deməkdir. Ölkə Prezidentinin tapşırığı ilə Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması istiqamətində də iş gedir. Azərbaycan dərman bitkiləri ilə zəngindir. Yəni dərman istehsal etmək üçün bitki xammalı ehtiyatımız çoxdur. Bundan istifadə edilməlidir. Yəqin ki, bu məsələ də tezliklə müsbət həllini tapacaq. Yerli dərman istehsalı dərmanların qiymətlərinin daha da ucuzlaşmasına gətirib çıxaracaq, həm də milyonlarla vəasitin xaricə çıxarılmasının qarşısını alacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31