“Məktəblinin dostu” pilot layihəsi üzrə təlimlərə başlanılıb
Oktyabrın 20-də 5 nömrəli Bakı Peşə Liseyində “Məktəblinin dostu” pilot layihəsi üzrə təlimlərə başlanılması ilə bağlı tədbir keçirilib.
20 Oktyabr 2016 16:31 SosialOktyabrın 20-də 5 nömrəli Bakı Peşə Liseyində "Məktəblinin dostu" pilot layihəsi üzrə təlimlərə başlanılması ilə bağlı tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva "Məktəblinin dostu" layihəsinin müəllim, şagird və valideyn münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayacağını vurğulayıb. Layihənin tətbiq olunacağı təhsil müəssisələrinin və namizədlərin ilkin vəzifələrini diqqətə çatdıran M.Vəliyeva qeyd edib ki, bu layihə üzrə seçilmiş şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi" əsasında fəaliyyət göstərəcəklər. Tədbirdə iştirak edən "Məktəblinin dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev, FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Baş həkimin müavini Murad Mirzəzadə, "ASAN xidmət"in İnsan resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev çıxış edərək namizədlərə müvəffəqiyyətlər arzulayıb, layihənin uğurlu fəaliyyətinə inamlarını ifadə ediblər. Tədbirdə bildirilib ki, bir ay ərzində davam edəcək təlimlər Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən aparılacaq. Namizədlərə fövqəladə hallarda davranış qaydaları, fərdi mühafizə vasitələrindən istifadə ilə bağlı məlumatlar veriləcək. Eləcə də namizədlər təcili tibbi yardım xidməti hadisə yerinə çatanadək ilkin müayinələrin aparılması və müdaxilənin edilməsi haqqında məlumatlandırılacaqlar. Daha sonra 5 nömrəli Bakı Peşə Liseyində təlimlərə start verilib. Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.