Azərbaycanın ixrac imkanları genişlənəcək

Ötən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin sürətlə aşağı düşməsi, nəticə etibarilə həm iqtisadi, həm də maliyyə sektorunda baş verən xoşagəlməz hallar daxili istehsalı artırmaq, ixracı genişləndirmək zəruriliyini bir daha ortaya qoydu. Baş prezident İlham Əliyev olmaqla hökumətin qısa müddətdə hazırladığı antiböhran tədbirləri vəziyyətin bir qədər normallaşmasına yol açsa da, bu istiqamətdə ardıcıl addımların atılması qaçılmaz idi.

Tahir Mirkişili: "Ölkəmizdə idxalı əvəzləyən, eyni zamanda, ixracın artmasına geniş perspektivlər yaradan iqtisadiyyat qurulur"

Ötən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin sürətlə aşağı düşməsi, nəticə etibarilə həm iqtisadi, həm də maliyyə sektorunda baş verən xoşagəlməz hallar daxili istehsalı artırmaq, ixracı genişləndirmək zəruriliyini bir daha ortaya qoydu. Baş prezident İlham Əliyev olmaqla hökumətin qısa müddətdə hazırladığı antiböhran tədbirləri vəziyyətin bir qədər normallaşmasına yol açsa da, bu istiqamətdə ardıcıl addımların atılması qaçılmaz idi. Ölkədən valyuta axınının qarşısını almaq, əksinə ölkəyə valyuta gətirmək üçünsə ilk növbədə ixrac potensialını artırmaq vacib görünürdü. Elə bu zərurəti nəzərə alan dövlət başçısı bir müddət əvvəl xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə dair fərman imzaladı. Azərbaycan Prezidentinin məlum fərmanı iqtisadçılar, bu sahənin ekspertləri tərəfindən yüksək qiymətləndirilsə də, eyni zamanda sözügedən məsələdə bir sıra vacib məqamlara diqqət yetirilməsi də önə çəkilir.

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, ilkin məthələdə istehsal müəssisələrini yaradıb, sonra bazar haqda düşünmək lazımdır. Onun sözlərinə görə, həmçinin marketinq siyasəti də ciddi diqqətdə saxlanılmalıdır: " Azərbaycanda əgər, qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə öncə, marketinq sahəsinə diqqət yetirmək vacibdir. Belə ki, müxtəlif istiqamətlər üzrə təcili olaraq marketinq ixtisası üzrə mütəxəssislər yetişdirmək lazımdır. Digər tərəfdən, istənilən halda bazar amili mühüm şərtdir. İlk növbədə yerli bazarı idxal məhsullarının asılılğından qutarmalıyıq ki, ixracımızı genişləndirə bilək. Bəli, elə məhsullar vardır ki, dünya bazarlarında onlara böyük ehtiyac var. Ancaq, bunlar hamısı xammal məhsullarıdır". İqtisadçı hesab edir ki, ixracımız hələ ki, sırf xammal məhsulları üzərində qurula bilər: "Ancaq daxili bazarı isə bacardıqca öz məhsullarımızla təmin etməliyik".

Millət vəkili Tahir Mirkişili də dövlət başçısı tərəfindən məlum fərmanın imzalanmasını yüksək dəyərləndirir və hesab edir ki, bu fərmanın icrası Azərbaycanın istehsal etdiyi mal və məhsulların xarici ölkələrə ixrac edilməsinə stimul yaradacaq: "Bu yaxınlarda Prezident İlham Əliyev "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"nın təsdiq edilməsi haqqında müvafiq Fərman imzalayıb. Dövlət başçısının imzaladığı bu Fərman ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, dövlət başçısı tərəfindən imzalanmış Fərman yeni iqtisadi şəraitdə ölkəmizdə aparılan islahatların davamı kimi dəyərləndirilməlidir". Tahir Mirkişilinin sözlərinə görə, Azərbaycanda iqtisadi sahədə həyata keçirilən islahatlar, ölkə Prezidentinin sənayenin, kənd təsərrüfatının inkişafı ilə bağlı atdığı düşünülmüş, qətiyyətli və gələcəyə yönəlik addımlar yaxın gələcəkdə respublikada istehsalın həcmini artıracaq, məhsul çeşidini zənginləşdirəcək və bu, davamlı bir prosesə çevriləcək: "Ölkəmizdə idxalı əvəzləyən, eyni zamanda, ixracın artmasına geniş perspektivlər yaradan iqtisadiyyat qurulur. Deməli, paralel şəkildə ixrac bazarları da genişləndirilməlidir ki, dövlət başçısının Fərmanı ilə təsdiqlənən Qayda da məhz buna - Azərbaycanın ənənəvi bazarlarda yerini möhkəmlətməyə və yeni ixrac bazarlarına çıxmasına hesablanıb. Təbii ki, istehsalın həcmi artdıqca qarşıya məhsulların satış bazarlarınn tapılması ilə bağlı mühüm məsələlər çıxır". Millət vəkili deyib ki, dünya ölkələrinin bir çoxunda milli brendlərə xaricdə etimad qazanmaq üçün mühüm dövlət dəstəyi göstərilir və belə dəstək artıq öz effektivliyini sübut edib: "Belə uğurlu təcrübənin Azərbaycanda da tətbiqi həm ixracatçılara böyük dəstəkdir, həm də bütövlükdə milli maraqlarımıza xidmət edir. Brendlərdən asılı olmayaraq ölkəyə, onun keyfiyyətə nəzarət sistemlərinə inamın yaradılması əldə oluna biləcək ən yaxşı uğurdur. Dövlətin bu məsələyə dəstəyi və qayğısı Azərbaycanda dövlət-özəl sektor-vətəndaş əməkdaşlığının bariz nümunəsidir"

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31