Daşkənddə özbək dilinə dubliyaj olunmuş "Bəxt üzüyü" kinokomediyasının təqdimat mərasimi keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın "Bəxt üzüyü" kinokomediyası özbək dilinə dubliyaj olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın "Bəxt üzüyü" kinokomediyası özbək dilinə dubliyaj olunub.

Dünən kinokomediyanın Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Səfirliyi, Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət, kino sahəsində tanınmış nümayəndələri, "Özbəkkino" Milli Agentliyi, Özbəkistan Dövlət Televiziyasının nümayəndələri, yerli azərbaycanlılar, mətbuat nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzimizinin direktoru Samir Abbasov "Bəxt üzüyü" kinokomediyasının Özbək dilinə dubliyajı Azərbaycanın müstəqilliyinin əldə etməsinin 25 illiyinə həsr edildiyini qeyd etdi. O, bir sıra Azərbaycan filmlərinin Özbəkistanda məşhur olduğunu, "Arşın mal alan", "Əhməd haradadır", "Qaynana" filmlərinin Özbəkistan Dövlət Televiziyası tərəfindən hələ Sovet dövründə özbək dilinə dubliyaj olunduğunu bildirdi. Samir Abbasov drammaturq Vaqif Səmədoğlunun eyni adlı əsəri ilə ekranlaşdırılan "Bəxt üzüyü" kinokomediyası haqqında danışaraq, filmin həm komik, həm də fəlsəfi aspektdən düşündürücü olduğunu söylədi. Filmin digər Azərbaycan filmləri kimi qısa müddətdə Özbəkistanda seviləcəyinə inandığını söylədi.

"Bəxt üzüyü" kinokomediyasının Özbək dilinə dubliyajını həyata keçirən tanınmış rejissor-operator Eldar Məmmədov dubliyajda Özbəkistanın bir sıra xalq və əməkdar artistlərin iştirak etdiyini qeyd etdi və Azərbaycan filmlərinin Özbək dilinə dubliyaj edilərək Özbəkistan kanallarında nümayişinin onun ən böyük arzusu olduğunu bildirdi. Eldar Məmmədov onlara bu imkanın yaradılmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirdi.

Filmin ssenarisini Özbək dilinə tərcümə edən, tanınmış Özbək jurnalist Rüstəm Cabbarov, Özbəkistanın əməkdar artisti İsomat Erqaşov kinokomediyanın əsas sujetinin əsərin qəhrəmanı olan Saranın bəxt üzüyünün itməsi olduğunu, lakin drammaturq Vaqif Səmədoğlu yalnız, Saranın deyil, bütövlükdə cəmiyyətdə bir çox ailələlərin bəxtinin itməsini əsərin əsas sujetini təşkil etdiyini söylədilər.

Daha sonra Özbək dilinə dubliyaj olunmuş "Bəxt üzüyü" kinokomediyası nümayiş etdirildi. Film Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzimizin sifarşi ilə Daşkənddəki "Ramsel film" studiyasında dubliyaj olunub. "Bəxt üzüyü" kinokomediyası çoxsaylı tamaşaçıların marağına və alqışlarına səbəb oldu.

Qeyd edək ki, film nümayiş etdirilmək məqsədi ilə Özbəkistanın Dövlət Televiziyasına və çoxsaylı televiziya kanallarına göndərilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31