İnternet və sosial şəbəkələrdən daha faydalı yararlanmaq lazımdır

İldən-ilə informasiya kommunikasiya texnologiyaları sahəsində əldə edilən yeniliklər bu sahədə statistikanın artmasına, İKT-nin imkanlarından yararlananların sayında müsbətə doğru dəyişikliyin baş vernəsinə gətirib çıxarır.

Mənfi yöndən istifadə cəmiyyətə problemlər yaradar

İldən-ilə informasiya kommunikasiya texnologiyaları sahəsində əldə edilən yeniliklər bu sahədə statistikanın artmasına, İKT-nin imkanlarından yararlananların sayında müsbətə doğru dəyişikliyin baş vernəsinə gətirib çıxarır. İKT sahəsində əldə edilən yeniliklər istər dünya, istəırsə də Azərbaycan üzrə internet istifadəçilərinin sayında da artıma səbəb olur. Məlumat üçün qeyd edək ki, "IDC" analitik şirkətinin hesablamasına görə, cari ilin sonuna qədər dünya üzrə mobil internetin auditoriyası iki milyard nəfərə çatacaq. Bu rəqəm 3,2 milyard nəfərlik ümumi internet istifadəçilərinin yarısından çoxunu təşkil edir. Sonrakı illər ərzində isə istifadəçilərin sayında illik artım orta hesabla 2 faiz təşkil edəcək. İnternetə yalnız mobil qurğular vasitəsilə daxil olanların payı da 25 faizə yüksələcək. Lakin "IDC" analitiklərinin fikrincə, bu müddət ərzində internetə daxil olmaq üçün yeni üsul yaranacaq ki, bu da proqnozu dəyişə bilər. Bunlar internetə çıxışı hava şarlarının, pilotsuz uçan aparatların və peyklərin köməyi ilə təqdim etmək istəyən "Google", "SpaceX" və "Facebook" şirkətlərinin təşəbbüsləri ola bilər. Məsələn, "Google" Hindistan hökuməti və "BSNL" operatoru ilə ölkədə "Project Loon" layihəsinin istifadəyə verilməsi ilə bağlı razılıq əldə edib. Şirkət hesab edir ki, layihə Yer kürəsinin ucqar və ya yoxsul regionlarının sakinlərini internetdən yararlanmaq imkanı ilə təmin edəcək. İnternetin sürəti üçüncü nəsil mobil şəbəkələrində olduğu kimi olacaq. Qeyd etdiyimiz kimi İKT sahəsində əldə edilən nailiyyətlər ölkəmizdə də bundan yararlananların sayının artmasına müsbət təsir göstərir. Son statistik məlumatlara görə, Azərbaycan əhalisinin 70 faizdən çoxu ( təxminən 76 faiz) internet istifadəçisidir. Onlardan 65 faiz isə genişzolaqli internet istifadə edir. Müsbət məqamlardan biri ondan ibarətdir ki, ölkədə mobil və müasir internet xidmətləri yüksək inkişaf edir. Ümumiyyətlə, ölkə əhasili harada olmağından aslı olmayaraq yaradılan rabitə xidmətlərindən rahat istifadə edə bilir. İnternet istifadəçilərinin sayının artması istər-istəməz Azərbaycanda sosial şəbəkələrdən, platformalardan istifadə hallarının da artmasına təsir edir. Paralelo olaraq ölkədə nəşr olunan bütün qəzet və jurnalların demək olar ki, hər birinin eyni zamanda internet saytları, sosial şəbəkələrdə aktiv səhifələri mövcuddur. Bununla yanaşı, internet media da formalaşıb, indi fəaliyyətlərini ancaq internet üzərindən quran media orqanları, TV-lər və radiolar da var.

Ancaq son dövrlərdə müşahidə edilən bir mənfi tendensiya da ondan ibarətdir ki, əksər hallarda internet istifadəçələri heç də ondan səmərəli yararlanmır. İnternet istifadəçisi xüsusilə sosial şəbəkələrdə cəmiyyət üçün faydalı olacaq biliklərə yiyələnib onu təlqin etmək əvəzinə, daha mənfi meyilli hallara üstünlük verir. Elə fəal internet istifadəçiləri, mütəxəssislər də bu qənaətdədirlər. Onlar hesab edirlər ki, adətən internetdən, social şəbəkələrdən mənfi istiqamətdə yararlanan istifadəçilər bir qədər də ondan maarifləndirmə məqsədilə istifadə etsələr daha münasib və faydalı olar.

Müstəqil ekspert, siyasi təhlilçi Aysel Vəlizadə deyir ki, bu gün cəmiyyətimizin demək olar ki, hər bir üzvü internetdən istifadə edir. Onun sözlərinə görə, istər məlumat almaq, istərsə də aldığı məlumatları digərləri ilə paylaşmaq üçün internetə üstünlük verilir: " Sosial paylaşım saytları bilgi mübadiləsi üçün ən ideal vasitə hesab olunur. Hazırda bu saytlardan ən məşhurları demək olar ki, hər birimizin istifadə etdiyi facebook və twitter hesab oluna bilər. Hər gun minlərlə insan bu saytlardan istifadə edir, zamanın böyük hissəsini burada keçirir. Lakin burada diqqət yetirməli olduğumuz bəzi məqamlar vardır. Bu da internetdən boş və faydasız işlər üçün istifadə etməməkdir". Aysel Vəlizadə deyir ki, internet Allahın axırzamanda inananlar üçün yaratdığı çox böyük nemətdir: "İstədiyimiz mövzuda axtardığımız bütün suallara bir neçə saniyə ərzində cavab tapa bilirik. İnternet həm də bizə milyonlarla insanla dialoq qurmaq imkani verir ki, bu da insanlara Allahın bəyəndiyi əxlaqı izah etməmiz və onların da Allaha iman etmələrini təmin etmək baxımından olduqca faydalıdır. Buna baxmayaraq, insanların çoxu zamanını saatlarla komputer arxasında oturub, faydasız işlərlə məşğul olaraq keçirir. İnternetdəki mövzuların rəngarəngliyini nəzərə alsaq, bu hal çoxları üçün qaçınılmaz olur. Facebook da, eyni şəkildə, insanların saatlarla burda vaxt keçirməsinə səbəb olur. Halbuki, hər nemət kimi internetin də, Facebookun da Allahın rizasına uyğun şəkildə istifadə edilməsi əsasdır. Mömin ağlını və zamanını Allahın ən çox razı qalacağı şəkildə istifadə etməyə çalışar. Digər məsələlərdə olduğu kimi internet mövzusunda da çox diqqətli olar, internetin özünü əsir etməsinə əsla yol verməz. İnternetdən nə üçün və neçə saat istifadə edəcəyini vicdanla təyin edər. Mömin iş görərkən, telefonda danışarkən, televizora baxarkən, qəzet, ya da jurnal oxuyarkən, söhbət edərkən hər saniyəsinin, hər hərəkətinin, hər sözünün Allahın rizasına uyğun olub-olmadığını düşünərək hərəkət edər. Beləliklə, internetdə fəaliyyətdə ikən də, eyni şəkildə, bu şüur açıqlığında olar. Onu boş işlərə çağıran insanlara da hikmət və ağılla cavab verər. Bununla da, zamanını doğru dəyərləndirər və digər insanlara da bu şəkildə örnək olar".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31