ÜGT-nin Bakı şəhərindəki Avropa Regional Ofisinin 5 illik yubileyi qeyd olunub
Oktyabrın 18-də Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin 5 illik yubileyi və ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzinin açılışı münasibətilə mərasim keçirilib.
18 Oktyabr 2016 17:02 SosialOktyabrın 18-də Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin 5 illik yubileyi və ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzinin açılışı münasibətilə mərasim keçirilib. Mərasimi giriş sözü ilə açan ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Herman ofisin 2009-cu ildə Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan Gömrük Xidməti arasında imzalanan memoranduma əsasən inşa olunduğunu və 2011-ci il oktyabrın 17-də fəaliyyətə başladığını bildirib. Rəhbərlik etdiyi qurumun ÜGT-nin 6-cı regional ofisi olduğunu və Avropa regionu üzrə 52 ölkəni əhatə etdiyini diqqətə çatdıran Roger Herman ofisin fəaliyyətində hərtərəfli dəstəyə görə Azərbaycan Gömrük Xidmətinə təşəkkürünü ifadə edib. Sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev çıxış edərək tədbirin əlamətdar bir gündə - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümündə keçirildiyini vurğuladı və bayram münasibətilə iştirakçıları təbrik edib. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın bütün sahələr üzrə sürətlə inkişaf etdiyini diqqətə çatdıran Aydın Əliyev gömrük orqanlarının da ölkənin inkişafında mühüm rol oynadığını söyləyib. Müstəqilliyin ilk illlərində səriştəsiz dövlət idarəçiliyinin gömrük işi sahəsində də tənəzzülə səbəb olduğunu, lakin 1995-ci ildən etibarən ümummilli lider Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində bu sahədə kəskin dönüş yarandığını bildirən DGK sədri bu gün Azərbaycan gömrüyünün tətbiq etdiyi innovativ layihələr, modernləşmə istiqamətində apardığı islahatlar, ixtisaslı kadrlar və gömrük işi sahəsində əldə etdiyi nailiyyətlərlə beynəlxalq aləmdə tanındığını vurğulayıb. Daha sonra DGK sədri Aydın Əliyev ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Hermana təltif olunduğu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük əməkdaşlığının inkişaf etdirilməsində xidmətlərinə görə" döş nişanını təqdim edib.