Sürücüləri hansı hallarda cəza gözləyir?

Genişmiqyaslı və müntəzəm olaraq tədbirlər həyata keçirilməsinə baxmayaraq avtoxuliqanlıq hallarının nəinki azalması, əksinə artması müşahidə edilir. Baxmayaraq ki, müvafiq dövlət qurumları bu kimi mənfi hallara qarşı mütəmadi şəkildə reydlər keçirir, kütləvi informasiya vasitələrində, televiziya və radiolarda maarifləndirmə məqsədilə materiallar efirə gedir və dərc olunur, lakin problem hələ də qalmaqdadır.

Asif Abdullayev: "Avtomobilin üzərində imzanın həkk etdirilməsi cəriməyə səbəb ola bilməz"

"Bununla bağlı İnzibati Xətalar Məcəlləsində məsuliyyət müəyyən edən maddə yoxdur"

Genişmiqyaslı və müntəzəm olaraq tədbirlər həyata keçirilməsinə baxmayaraq avtoxuliqanlıq hallarının nəinki azalması, əksinə artması müşahidə edilir. Baxmayaraq ki, müvafiq dövlət qurumları bu kimi mənfi hallara qarşı mütəmadi şəkildə reydlər keçirir, kütləvi informasiya vasitələrində, televiziya və radiolarda maarifləndirmə məqsədilə materiallar efirə gedir və dərc olunur, lakin problem hələ də qalmaqdadır. Təssüfedici hal ondan ibarətdir ki, zaman keçdikcə avtoxuliqanlıq hallarına yeniləri əlavə olunur. Hazırda ən ciddi avtoxuliqanlıq halı sürət həddini aşaraq avtoşluq etmək və bununla da təkcə özünə deyil, eləcə də ətrafdakıların həyatına ciddi təhlükə yaratmaqdır. Təsadüfi deyil ki, hər ay onlarla sürücü bu mənfi hala görə cərimə olunur, bəzən isə müəyyən müddətə avtomobil idarə etməkdən uzaqlaşdırılır. Hətta avtoxuliqanlıq hərəkətlərinə görə, sürücülər bəzən cinayət məsuliyyətinə cəlb edilərək həbs belə olunur. Məlumat üçün qeyd edək ki, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayət olunan qərəzli hərəkətlərə görə -nəqliyyat vasitələrinin idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla 400 manatdan 600 manatdək cərimə edilir. Eyni zamanda nəqliyyat vasitələrinin idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur. Eyni hərəkətlərin il əzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - nəqliyyat vasitələrinin idarə etmək hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla 600 manatdan 800 manatdək cərimə edilir və ya nəqliyyat vasitələrinin idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur. Yuxarıda qeyd etdiyimiz kimi son vaxtlar bu kimi mənfi hallara yeniləri də əvəz olunub. Müxtəlif heyvan səsləri, vahiməli səslər çıxaran siqnallar, qeyri-qanuni işıqlar quraşdırmaq, avtomobilə meqalkalar yerləşdirmək və s. Bu günlərdə isə daha bir mənfi hala rast gəlinməkdədir. Belə ki, bəzi şəxslər öz avtomobillərinə imzalarını həkk etdirir, yaxud avtomobillərin şüşələrinə dini kəlamlar yazdıraraq bir növ cəmiyyətə hansısa mesaj verdiklərini zənn edirlər. Məlumat üçün qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev bu kimi hallara qarşı münasibətini bildirərkən qeyd edib ki, avtomobilin üzərinə imza həkk etdirən şəxslər cərimələnəcəklər. Bəs görəsən Dövlət Yol Polisi İdarəsinin bu mövqeyi hüquqi cəhətdən nə dərəcədə əsaslıdır.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev deyir ki, avtomobilin üzərində imzanın həkk etdirilməsi cəriməyə səbəb ola bilməz: "Bununla bağlı İnzibati Xətalar Məcəlləsində məsuliyyət müəyyən edən maddə yoxdur. Həmin məcəllənin 3-cü maddəsinə əsasən, yalnız məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, əgər məcəllədə, imzanın avtomobilin üzərinə həkk etdirilməsinə görə məsuliyyət nəzərdə tutan maddə yoxdursa, cərimədən söhbət gedə bilməz. Məlumat üçün qeyd edim ki, qanunvericilik yalnız operativ nəqliyyat vasitəsi üçün nəzərdə tutulan yazının (misal üçün "Polis" "FHN" və sair) adi avtomobilin üzərinə yazılmasına və müvafiq icazə alınmadan reklam xarakterli yazıya görə məsuliyyət nəzərdə tutur. Qanunla qadağan edilməyən əmələ görə cərimə etmək mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin iki hissəsi məhz bu barədədir. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin IX hissəsində qeyd edilir ki, hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər. Konstitusiyanın 71-ci maddəsinin XIII hissəsində isə göstərilir ki, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Bir məsələni də qeyd etmək istəyirəm ki, yol polisinin rəsmisi imza həkk etdirənlərə irad tutaraq bildirib ki, reklam etmək istəyənlər icazə almalıdırlar. Bu yanaşma heç anlaşılan deyil. İmza reklam sayılmır. Reklam haqqında qanunun 2.0.1.-ci maddəsində reklamın anlayışı verilib". Asif Abdullayev onu da qeyd edib ki, avtomobilin üzərinə görkəmli şəxsin imzasını həkk etdirmək hər kəsin şəxsi-mənəvi işidir: " Bəlkə hansısa insan evində də, avtomobilində də, iş otağında da Ulu öndəri xatırladacaq bir elementlər görmək istəyir, bəlkə bu ona stimul verir. Bəlkə bu yolla ona olan hörmətini ifadə edir? Hər kəs bir fərddir, hərənin bir cür yanaşması var. Əgər bu, qanunla qadağan deyildirsə, vətəndaşın görkəmli şəxsə qarşı hörmət əlamətinə müdaxilə etmək düzgün deyil. İstənilən halda, bu məsələ qanunla tənzimlənmədiyi üçün, mənəvi cəhətdən hər kəsin öz ixtiyarına buraxılmalıdır. Əgər hesab edilirsə ki, imza məsələsi yolverilməzdir, bu halda qanunvericiliyə müvafiq dəyişiklik edilməsi barədə səlahiyyətli şəxslər zəruri addımlar atsınlar".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31