Dərsdə İKT-dən istifadə uğurun təməlidir
Təhsil müəssisələrində İKT-dən istifadə uğurla həyata keçirilir. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirirlər.
18 Oktyabr 2016 14:10 SosialTəhsil müəssisələrində İKT-dən istifadə uğurla həyata keçirilir. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirirlər. Alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris olunması, uşaqlarda müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması uşaqlarımızın gələcəkdə informasiya cəmiyyətinin qiymətli üzvlərinə çevrilməsində mühüm rol oynaya bilər.
Müasir Azərbaycan cəmiyyətinin informasiyalaşdırılmasının prioritet istiqamətlərindən biri olan ümumi təhsilin informasiyalaşdırılmasının üç əsas istiqaməti üzrə - pedaqoji kadrların İKT üzrə hazırlığını artırmaq; yeni texnoloji avadanlıqlar vasitəsi ilə tədris prosesini daha effektiv etmək; tədrisin məzmununu genişləndirmək istiqamətində əhəmiyyətli dərəcəyə malik addımlar atılmağa başladı.
Hazırda respublikamızda bütün sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. Ümumtəhsil məktəblərinin yeni texniki vasitələrlə təminatı İKT-nin uğurla tətbiqindən xəbər verir.
Məlumdur ki, İKT-dən istifadə etməklə müasir və interaktiv təhsil modelinin həyata keçirilməsi məktəbin və müəllim heyətinin qarşısına yeni tələblər qoyur. Pedaqoji heyətin İKT savadlılığını artırmadan, təlim-tədris prosesinə innovativ yanaşmasını formalaşdırmadan İKT-nin təhsil sisteminə səmərəli tətbiqinə nail olmaq qeyri- mümkündür. Təhsilin müasir texnologiyası məzmunla tədris texnologiyasının inteqrasiyasıdır. Bu, müasir müəllimdən çeviklik və peşəkarlıq, tədrisə yaradıcı yanaşma və şagirdin fərdi xüsusiyyətlərini nəzərə almaqla sinifdə texnologiyalardan istifadə bacarığı tələb edir. Dövlət proqramı çərçivəsində pedaqoji kadrların İKT üzrə hazırlığı prioritet istiqamətlərdən biridir. Təhsil sisteminin pedaqoji heyəti tədris prosesində informasiya və kommunikasiya texnologiyalarından (İKT) effektiv istifadə edilməsi üçün treninqlərdən keçir. İKT üzrə təlimlərdə iştirak edən müəllimlər İKT-nin imkanlarından istifadə edərək səmərəli dərsin təşkil edilməsi sahəsində ilkin təcrübəyə, psixoloji hazırlığa, bir sözlə innovativ biliklərə yiyələnir və onları sinifdə gedən tədris prosesində necə tətbiq etməyi öyrənirlər. Azərbaycanda müəllimlər üçün "Bir şagird-bir kompüter" layihəsi çərçivəsində keçirilmiş olan müsabiqə də təhsilə öz uğurunu vermişdir. Müsabiqənin məqsədi informasiya-kommunikasiya texnologiyalarına (İKT) əsaslanan fərdiləşmiş təhsilin formalaşması, eləcə də "1 şagird-1 kompüter" layihəsi çərçivəsində netbukların daha səmərəli
istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsidir. Məktəblərə netbukların verilməsinin müsabiqə formatına keçirilməsi Azərbaycanın təhsil sistemində ilk təcrübədir. Şagirdlərin bir araya gəlib bir-birini tanıması, biliklərinin təkmilləşdirilməsi və onların bacarığının göstərilməsi, üzə çıxarılması üçün şagirdləri kreativ müsabiqələrə cəlb etmək bu yolda atılan ən gözəl addımlardan biridir. Azərbaycan Beynəlxalq Təhsil mərkəzinin təşkilatçılığı ilə ümumtəhsil məktəbləri arasında keçirilən İnformatika Layihə Olimpiadası (İLO) bu sahədə ən kreativ müsabiqələrdən biridir. Qeyd etmək istərdim ki, bu müsabiqəyə mən şagirdlərimlə artıq 4 ildir ki, tərbiyəvi əhəmiyyət kəsb edən qısa metrajlı film kateqoriyası üzrə qatılıraq respublika üzrə ikinicilik və üçüncülük əldə edərək gümüş və bürünc medallarla təltif olunmuşuq. Bu il isə şagirlərim respublika birincisi olaraq 3 qızıl medalla təltif olundular.
Dərs zamanı İKT-nin son yeniliklərindən biri olan Prometan İnteraktiv lövhələrdən istifadə edilməsini xüsusi olaraq vurğulamaq istərdim. Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhə şagirdlərə psixoloji maneəni aşmağa, lövhə qarşısında qorxu və utancaqlığı dəf etməyə imkan yaradır. Onunla işləyərkən şagird asanlıqla və çəkinmədən öz bacarıqlarını nümayiş etdirirlər. Bu zaman sinifdə laqeyd şagird qalmır, bütün fənlər əlçatan və maraqlı görünür. Şagirdlər üçün oxumaq maraqlı olur. Görərək qavramaları daha da güclənir, diqqəti toplamaq qabiliyyəti artır və bununla da materialı daha yaxşı başa düşüb yadda saxlayırlar. İnteraktiv tapşırıqlar zamanı "ağıllı lövhə"dən istifadə şagirdlərin dərs prosesinə diqqət və marağını artırır, onları axtarışa sövq edir. "Ağıllı" lövhənin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır ki, onun üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri kompüterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar.
Qeyd etmək istərdim ki, şagirdlərin maraq və qabiliyyətlərinin inkişafında, tədris və təlim işinin düzgün qurulmasında yaxşı təchiz edilmiş fənn kabinetlərinin rolu əvəzsizdir. Çünki yeni texnologiyaların tətbiqi, fənn kabinetlərinin müasir avadanlıqlarla təchizatı təlim və təhsilin yeni məzmunda qurulmasını təmin edir. Beləliklə, əyani vasitələrlə təchiz edilmiş fənn kabinetlərində İKT-dən istifadə dərsin mövzusunun daha dərindən dərk olunmasına xidmət edir. Bununla da, həm qarşıya qoyulan problemin həllinə, həm şagirdlərdə idraki bacarıqların inkişafına, onların müstəqil düşünmələrinə həm də doğru nəticə çıxarmalarına nail olunur. İKT təlim prosesində şagirdin yaradıcılıq imkanlarını genişləndirir. Müxtəlif mövzuların qruplar və ya fərdi şəkildə işlənərək təqdim olunması məktəblilərin həm tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir, həm də rabitəli nitqin formalaşmasına şərait yaradır. İKT-dən istifadə edən müəllim tədris prosesində texnoloq, konsultant, koordinator rolunu oynamalıdır, çünki çoxlu sayda İnternet saytları mövcuddur və bunlardan alınan informasiyalar qeyri-dəqiq ola bilər. Ona görə də müəllim tədris materialları üçün lazım
olan ən yararlı saytların ünvanlarını şagirdlərə verməklə dərs prosesində həm vaxt itkisinin qarşısını alır, həm də onların düzgün informasiya almalarına yardım etmiş olur. Tanınmış İKT şirkətlərinin əksəriyyəti respublikada nümayəndəliyini açmışlar və fəaliyyətlərini genişləndirmişlər.
Sonda qeyd etmək istərdim ki, ölkəmizdə İKT-in inkişafı göz önündədir və bu inkişaf hər il artmaqdadır. Eyni zamanda hər növbəti il ötən ilə nisbətən öz inkişafı, uğurları ilə seçilməkdədir.
İsmayılova Təranə Adil qızı
Abşeron rayonu Saray qəsəbə 3 saylı tam orta məktəbin İnformatika müəllimi, metodbirləşmə rəhbəri, Prometan interaktiv lövhələrin tədrisdə tətbiqi və İntel gələcək üçün təhsil layihəsi üzrə təlimçi