Özbəkistanda keçirilən beynəlxalq festivalda Azərbaycan da təmsil olunub
Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və Kulinariya Asossiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Xanbalıq" restoranında "Mənim sevimli Özbək mətbəxim" adlı festival keçirilib.
18 Oktyabr 2016 11:51 SosialÖzbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və Kulinariya Asossiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Xanbalıq" restoranında "Mənim sevimli Özbək mətbəxim" adlı festival keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, festivalda Rusiya, İndoneziya, Çin, Azərbaycan, Qazaxıstan, ABŞ və s. ölkələr iştirak edib, öz guşələrini təqdim ediblər. Özbəkistanın müstəqilliyinin əldə etməsinin 25 illiyinə həsr edildiyini və əsas məqsədin ölkənin milli mətbəxinin təbliğ edilməsi olub. Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi festivalda Azərbaycan guşəsini yaradıb və guşə iştirakçıların marağına səbəb olub. Guşədə milli mətbəximizi özündə əks etdirən özbək dilində çap edilən "Azərbaycanın mədəni irsi" kitabı təqdim olunub və iştirakçılara paylanılıb. İştirakçılar Azərbaycan milli mətbəximizə aid dolma, çığırtma, kükü, habelə şəkərbura, paxlava və s. şirniyyatlara qonaq ediliblər. Milli stendimizdə Özbək milli mətbəxinə aid "Gülxanım" yeməyi hazırlanıb. Azərbaycan təmsilçiləri tərəfindən hazırlanan Özbək yeməyi iştirakçıların böyük marağına səbəb olub. Festivalın sonunda mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Rusiya, Azərbaycan, İndoneziya səfirliklərinin nəticələri yüksək qiymətləndirilib və birinci mükafata layiq görülüb. Mükafat Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyevə təqdim edilib.